Kəlbəcər Şəhəri Günü: Tarixi Zəfər və yeni inkişaf mərhələsi

Vaxtı ilə Ümummilli Liderin məcburi köçkünlər qarşısında çıxışlarının birində böyük inamla deyirdi ki: “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma təkcə Şuşa yox, Laçın dağları da əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu – biz onlarsız yaşaya bilmərik”. Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi. Artıq 6 ildir ki biz bu yerlərə gedirik, qurub-yaradırıq, mədəni-tarixi irsimizi bərpa edirik. Ermənistanın işğaldan azad olunmuş torpaqlarımızda üçrəngli bayrağımız əzəmətlə dalğalanır.

Və biz böyük sevinclə, həm də qürur hissi ilə Kəlbəcər şəhər gününü qeyd edirik. Kəlbəcər rayonunun azad edilməsi Silahlı Qüvvələrin Ali Baş Komandanı Prezident İlham Əliyevin siyasi rəhbərliyi və Vətən Müharibəsində Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatları sayəsində mümkün oldu. Düşmənin işğal etdiyi torpaqların qaytarılması, yalnız müharibə meydanında deyil, həm də diplomatik sahədə Azərbaycanın böyük uğuru sayəsində baş tutdu. Üçtərəfli Bəyanatla Kəlbəcər şəhəri və rayonun 147 yaşayış məntəqəsi azad edilib, bu, Azərbaycanın müstəqilliyinə, ərazi bütövlüyünə və qələbəsinə olan inamın təcəssümüdür. Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyanın imzaladığı bəyanata əsasən, Kəlbəcərin 15 noyabrda Azərbaycana qaytarılması nəzərdə tutulurdu. Lakin Ermənistan tərəfi öz bölmələrini və qanunsuz yerləşdirilmiş birləşmələrini bölgədən çıxarmaq üçün əlavə 10 gün vaxt istədi. Humanizm prinsiplərinə sadiq qalaraq, Azərbaycan Kəlbəcərin qaytarılmasını 25 noyabr tarixinə qədər təxirə salmağa razı oldu. Lakin bunun əvəzində Kəlbəcəri boşaldan qeyri-qanuni sakinlər Azərbaycanlılara qalmaması üçün evlərə, bağlara od vuranlar öz vəhşi davranışlarının nümayiş etdilər. Beynəlxalq ictimaiyyətin gözü qarşısında baş verən bu vəhşiliklər erməni vandalizminin əyani sübutudur. İşğal olunmuş ərazilərdə ekologiyaya ziyan vurulması və mülki obyektlərin dağıdılması beynəlxalq konvensiyalara görə hərbi cinayət sayılır. Və Ermənistan tərəfi törətdiyi bütün cinayətlərə görə mütləq cavab verəcəkdir. 30 ilə yaxın davam edən işğal zamanı digər tarixi ərazilərimizdə olduğu kimi, Kəlbəcərdə də mədəni, dini tarixi irsimizi məhv ediblər. Münaqişədən sonrakı dövrdə Prezident İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bölgədəki dini və tarixi abidələrin vəziyyəti, bərpası və mədəni irsin qorunması xüsusi diqqət mərkəzindədir. Dövlət başçımızın dediyi kimi: “ Qafqaz Albaniyasına (Xəzinədağ (Gəncəsər) və Xudavəng məbədləri ) aid olan tarixi abidələr, kilsələr bizim tarixi-mədəni sərvətimizdir. Biz bu kilsələri mədəni sərvətimiz kimi qoruyuruq. Bunu təsdiqləyən bir çox tarixi sənədlər var. Sadəcə olaraq, erməni “tarixçiləri” və saxtakarlar qədim alban kilsələrini saxtakarlıqla erməniləşdiriblər, öz yazılarını oraya əlavə ediblər və bu kilsələri özününküləşdiriblər”. Lakin, indi Kəlbəcər azaddır, öz möhtəşəmliyini yenidən bərpa edir. Bu ərazi Kəlbəcər yalnız Azərbaycanın yox, bütövlükdə dünyanın ən qədim insan məskənlərindən biridir. Bu ərazidə ibtidai insanın təşəkkül tapması və formalaşması dördüncü geoloji dövrlə bağlıdır ki, bu da 4 milyon ildən artıq bir tarix deməkdir. Kəlbəcər rayonu Qafqaz Albaniyası dövrünə aid tarixi abidələrlə zəngindir. Bunlardan ən məşhuru olan Xudavəng məbəd kompleksindən başqa rayon ərazisində “Laçınqaya”, “Lev”, “Uluxan”, “Qalaboynu”, “Comərd” kimi alban abidələri mövcuddur. Kəlbəcər ərazisindəki qayaüstü təsvirlər Qobustandakı yazılı və şəkilli daşların oxşarı – sanki “əkiz"ləridir. “Soltan Heydər”, “Qurbağalı çay”, “Turşsu”, “Ayçınqıllı”, “Gəlinqayası”, “Böyükdəvəgözü”, “Sərçəli” və s. tarixi yerlərdəki qayaüstü təsvirlər təkcə Kəlbəcərin deyil, bütövlükdə Azərbaycan torpağının qədim insan məskəni olduğunun zəngin faktoloji sübutudur.

1993-cü ildə Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən işğal edilən Kəlbəcər rayonu, digər işğala məruz qalmış ərazilərimiz kimi, müharibə cinayətləri nəticəsində dağıdılmışdı. İşğal zamanı 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb. İşğal nəticəsində Kəlbəcərin əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldu. İşğal nəticəsində onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, yüzlərlə maşın, texnika və s. talan edilmiş, dağıdılmış və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınmışdır.

Artıq 6 ildir ki, Kəlbəcər Qarabağ və Şərqi Zəngəzurun digər əraziləri kimi yenidən qurulur. Dövlət başçımızın tapşırığına əsasən, bu günədək Kəlbəcər rayonunda “Kəlbəcər-1”, “Meydan”, “Qamışlı”, “Soyuqbulaq”, “Çıraq-1”, “Çıraq-2”, “Zar” Kiçik Su Elektrik stansiyaları (KSES), həmçinin “Yuxarı Vəng” Su Elektrik Stansiyası, habelə 110/35 kV-luq “İstisu” yarımstansiyası istismara verilmişdir. Bunu da qeyd edək ki, Kəlbəcər rayonu azad ediləndən dərhal sonra Daşkəsən rayonundan Kəlbəcərə 3500 metr yüksəklikdəki Murov dağını keçməklə 70 km məsafədə yüksəkgərginlikli ikidövrəli ötürmə xətti çəkilərək, sıldırımlı dağlarda, havanın sərt şaxtalı olduğu, qarın qalınlığının 3-5 metrə çatdığı yolsuz ərazilərdə hündülüyü 50 metr, çəkisi 10 ton olan anker dayaqlar quraşdırılaraq elektrik enerjisi verilişi təmin edilmiş, çətin relyefdə yerləşən Kəlbəcərdə 110/35/10 kilovoltluq rəqəmsal yarımstansiya tikilmiş və 2021-ci ilin yayında yarımstansiya istifadəyə verilmişdi.

Azərbaycan Prezidenti İlham Əliyevin 31 iyul 2023-cü il tarixli sərəncamına əsasən, Kəlbəcər Şəhər Günü 25 noyabrda qeyd olunur. İşğaldan azad olunduqdan sonra, Kəlbəcər torpaqlarında bərpa və quruculuq işləri sürətlə həyata keçirilməyə başlanıb. Bu gün Kəlbəcər, yalnız ərazi baxımından deyil, həm də infrastruktur və sosial sahələrdə yenidən inkişaf edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən layihələr, regionun sosial və iqtisadi həyatını yenidən canlandırmaq məqsədini daşıyır. Xüsusilə, Toğanalı-Kəlbəcər avtomobil yolunun inşası bu istiqamətdə mühüm addımlardan biridir. 80,7 km uzunluğunda olan bu yol, Göygöl və Kəlbəcər rayonlarını birləşdirəcək, həmçinin bölgənin iqtisadiyyatını inkişaf etdirəcək. Bundan əlavə, Murovdağda inşa olunan tunelin və Kəlbəcər-Laçın avtomobil yolu üzərindəki digər layihələrin tikintisi regionun gələcək inkişafını sürətləndirəcək. Bu infrastruktur layihələri, Kəlbəcər və ətraf rayonların yeni bir inkişaf dövrünə qədəm qoymasına şərait yaradacaq. Bölgənin füsunkar təbiəti, zəngin su ehtiyatları, tarixi abidələri və dağlıq relyefi, bu ərazini gələcəkdə turizm mərkəzinə çevirəcək amillərdən yalnız bir neçəsidir. Kəlbəcərin inkişaf edən infrastrukturu, yerli və xarici turistlərin cəlb edilməsi üçün şərait yaradacaq, bu da əraziyə əlavə iqtisadi faydalar gətirəcək. 2024 və 2025- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcərə səfərləri zamanı şəhərə köçən sakinlərlə görüşərək onlara yeni mənzillərin açarlarını təqdim etmişlər. Bir sıra təməlqoyma o cümlədən, Kəlbəcər şəhərində 2-ci, 3-cü və 4-cü yaşayış komplekslərinin, Kəlbəcər rayonunun İstisu qəsəbəsinin,Kəlbəcər şəhərində inzibati binanın və Kəlbəcər şəhər parkının təməlqoyma mərasimlərində, Kəlbəcərdə Tərtər çayı üzərində yerləşən “Yuxarı Vəng” Su Elektrik Stansiyasının, “İstisu” mineral su zavodunun, “İstisu” yarımstansiyasının, Zar” “Aşağı Vəng”, “Nadirxanlı” və “Çaykənd” kiçik su elektrik stansiyalarının və SCADA sistemi vasitəsilə Göygöl rayonunda “Toğanalı” KSES-in , Balland – Kəlbəcər balı, arı və arıçılıq məhsulları mağazası”nın açılış mərasimlərində iştirak ediblər. Həmçinin, Kəlbəcərdəki Xudavəng monastır kompleksinə baxış keçirib, Kəlbəcər rayonunun Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu layihəsi çərçivəsində inşa olunan 4-cü tuneldə və bu yolun 15,2 kilometrlik hissəsində görülən işlərlə, Kəlbəcər Şəhər Təhsil Kompleksində aparılan işlər və bu il açılacaq modul tipli məktəbin layihəsi, Kəlbəcər şəhərində 524 ailəlik yaşayış kompleksinin tikintisi, Kəlbəcər rayonunda “İstisu” Müalicə-İstirahət Kompleksində aparılan tikinti işləri və Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda görülən işlərlə tanış olmuşlar. Və “Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”na uyğun olaraq, tikinti-quruculuq işləri böyük ruh yüksəkliyi ilə davam etdirilir. Hazırda Kəlbəcərdə 162 ailə olmaqla 681 nəfər məskunlaşıb, lakin yaşayış üçün bütün infrastruktur qurulduqca doğma yurdun qayıdan vətəndaşlarımızın sayı artacaqdır.

2020-ci il noyabrın 25-də, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun əzmi və qətiyyəti ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsi, daha bir tarixi qələbənin müjdəçisi oldu. Bu, 44 günlük Vətən Müharibəsinin şanlı uğurlarından biri olaraq, Azərbaycan xalqının zəfər iradəsinin və mübarizliyinin təntənəsi kimi yaddaşlarda əbədi qalacaq. Ermənistanın kapitulyasiya aktını imzalaması və işğal altındakı ərazilərimizi boşaltması nəticəsində, Kəlbəcər, Laçın və Ağdam kimi tarixi torpaqlarımız, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun şanlı əməliyyatları sayəsində azad olundu.

Bu gün Kəlbəcərdə dalğalanan üçrəngli bayrağımız, Azərbaycan xalqının qürurunu və azadlıq mücadiləsini simvolizə edir. 25 noyabr – Kəlbəcər şəhəri günü təkcə rayonun işğaldan azad olunma tarixi deyil, həm də xalqımızın sarsılmaz iradəsinin, dövlətimizin iqtisadi və siyasi qüdrətinin, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli liderliyinin təntənəsidir. Kəlbəcəri xalqımıza, kəlbəcərlilərə geri qaytaran Müzəffər Ali Baş Komandana minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa, veteranlarımıza, əsgərlərimizə möhkəm cansağlığı versin. Kəlbəcər, Azərbaycanın tarixi ərazisidir və əbədi olaraq bizə məxsusdur.

Hicran Hüseynova,

Milli Məclisin komitə sədri, professor