Deputat: Azərbaycanın qlobal enerji bazarında artan rolu ölkəmizin strateji mövqeyini daha da möhkəmləndirir

Azərbaycanın həyata keçirdiyi uğurlu enerji strategiyası ölkəmizi qlobal enerji bazarının aparıcı iştirakçılarından birinə çevirib. Xüsusilə son illərdə Avropada enerji təhlükəsizliyi məsələsinin prioritet istiqamətlərdən birinə çevrilməsi fonunda Azərbaycanın etibarlı təbii qaz təchizatçısı kimi rolu daha da artıb. Bu gün Azərbaycan 16 ölkəyə təbii qaz ixrac edir və boru kəmərləri vasitəsilə qaz ixracının coğrafi əhatəsinə görə dünyada birinci yeri tutur. Bu göstəricilər ölkəmizin enerji sahəsində qazandığı uğurların, düşünülmüş dövlət siyasətinin və beynəlxalq əməkdaşlığın real nəticəsidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov səsləndirib.

Deputat bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji strategiyası Azərbaycanın iqtisadi inkişafının əsas dayaqlarından biri olmaqla yanaşı, ölkəmizin beynəlxalq nüfuzunun güclənməsinə də mühüm töhfə verir. Müstəqilliyin ilk illərində Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi neft strategiyası bu gün uğurla davam etdirilir, yeni geosiyasi reallıqlara uyğun olaraq təbii qaz diplomatiyası və yaşıl enerji siyasəti ilə zənginləşdirilir. Bunun nəticəsində Azərbaycan dünyanın ən etibarlı enerji tərəfdaşlarından biri kimi qəbul edilir.

Aydın Hüseynov qeyd edib ki, son illərdə qlobal enerji bazarında müşahidə olunan dəyişikliklər Azərbaycanın strateji əhəmiyyətini daha da artırıb. Avropa dövlətləri enerji mənbələrinin və marşrutlarının şaxələndirilməsinə xüsusi önəm verirlər. Bu baxımdan Azərbaycan həm zəngin təbii qaz ehtiyatlarına, həm müasir ixrac infrastrukturuna, həm də etibarlı tərəfdaş imicinə malik ölkə kimi ön plana çıxır.

Deputatın sözlərinə görə, bu gün Azərbaycanın təbii qazı Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Serbiya, Xorvatiya, Sloveniya, Slovakiya, Şimali Makedoniya və digər ölkələrin enerji təhlükəsizliyində mühüm rol oynayır. İxrac coğrafiyasının davamlı şəkildə genişlənməsi ölkəmizin enerji diplomatiyasının uğurunu nümayiş etdirir. Hazırda təbii qaz ixrac edilən ölkələrin sayının 16-ya çatması Azərbaycanın beynəlxalq əməkdaşlıq imkanlarının genişləndiyini və Avropanın enerji xəritəsində mühüm mövqeyə sahib olduğunu göstərir: “Azərbaycanın boru kəmərləri ilə qaz ixracının coğrafi əhatəsinə görə dünyada birinci yerdə qərarlaşması təsadüfi deyil. Bu nəticənin əldə olunmasının əsasında uzun illər ərzində formalaşdırılmış müasir enerji infrastrukturu dayanır. Cənub Qaz Dəhlizi, TANAP və TAP layihələri yalnız iqtisadi deyil, həm də geosiyasi baxımdan XXI əsrin ən mühüm enerji layihələri sırasındadır. Bu layihələr sayəsində Azərbaycan Xəzər hövzəsinin enerji resurslarını Avropa bazarına təhlükəsiz və dayanıqlı şəkildə çatdıran əsas ölkəyə çevrilib. Azərbaycanın enerji siyasəti kommersiya maraqları ilə yanaşı, qarşılıqlı etimada və uzunmüddətli tərəfdaşlığa əsaslanır. Məhz buna görə də ölkəmiz indiyədək bütün müqavilə öhdəliklərini vaxtında və tam həcmdə yerinə yetirib. Bu amil beynəlxalq tərəfdaşların Azərbaycana olan inamını daha da artırır və yeni əməkdaşlıq imkanları yaradır”.

Aydın Hüseynov qeyd edib ki, enerji sahəsində əldə olunan uğurlar ölkənin iqtisadi inkişafına da ciddi töhfə verir. Enerji ixracından əldə olunan gəlirlər hesabına müasir infrastruktur layihələri həyata keçirilir, sosial proqramlar maliyyələşdirilir, regionların inkişafı sürətlənir, qeyri-neft sektorunun genişləndirilməsi istiqamətində mühüm addımlar atılır. Bu isə iqtisadiyyatın dayanıqlığını artırmaqla yanaşı, ölkənin uzunmüddətli inkişaf strategiyasının həyata keçirilməsinə xidmət edir.

Deputat əlavə edib ki, Azərbaycan ənənəvi enerji resurslarının ixracı ilə kifayətlənmir. Ölkəmiz yaşıl enerji sahəsində də regional liderliyə iddialıdır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən yaşıl enerji layihələri, Xəzər dənizində külək enerjisi potensialının istifadəsi və Avropaya yaşıl elektrik enerjisinin ixracını nəzərdə tutan təşəbbüslər Azərbaycanın enerji siyasətinin yeni mərhələsini formalaşdırır. Bu istiqamətdə həyata keçirilən layihələr ölkənin enerji ixrac portfelini daha da genişləndirəcək.

A.Hüseynov vurğulayıb ki, Azərbaycanın uğurlu enerji diplomatiyası ölkənin beynəlxalq mövqeyinin möhkəmlənməsində də mühüm rol oynayır. Enerji sahəsində qurulan tərəfdaşlıqlar digər istiqamətlərdə – ticarət, investisiya, nəqliyyat, logistika və sənaye əməkdaşlığının genişlənməsinə də əlverişli şərait yaradır. Bu baxımdan enerji sektoru Azərbaycanın xarici siyasətinin və iqtisadi inkişaf modelinin əsas sütunlarından biri olaraq qalır.

Onun sözlərinə görə, Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşdırılan beynəlxalq enerji layihələri regional sabitliyin möhkəmlənməsinə, Avropa ilə Asiya arasında iqtisadi inteqrasiyanın dərinləşməsinə və enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verir. Bu layihələr həm də ölkəmizin geosiyasi əhəmiyyətini artıraraq Azərbaycanı regionun aparıcı enerji və nəqliyyat qovşaqlarından birinə çevirib: “Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan qlobal enerji bazarında etibarlı tərəfdaş kimi mövqeyini ildən-ilə gücləndirir. Bu gün ölkəmizin 16 dövlətə təbii qaz ixrac etməsi, boru kəmərləri ilə qaz tədarükünün coğrafi əhatəsinə görə dünyada lider mövqedə qərarlaşması və enerji əməkdaşlığının davamlı şəkildə genişlənməsi Azərbaycanın beynəlxalq nüfuzunun, iqtisadi qüdrətinin və strateji əhəmiyyətinin daha da artdığını nümayiş etdirir”.