Koronavirusun törətdiyi ən guclü fəsad

Stresi müsbət və mənfi stres olaraq 2 növə ayıraq.Müsbət stres insanı dərhal hərəkətə keçməyə, yaxud reaksiya verməyə sövq edir. Məqsədinə çatmaq, işini daha yaxşı görmək və ya daha uğurlu nəticə əldə etmək üçün insana müəyyən dərəcədə stres lazımdır. Bu, müsbət stresdir. Stresin uzunmüddətli olması və xronik hal alması isə mənfi stresdir. Bu stres vəziyyəti məhz mənfi istiqamətə doğru dəyişir. Bunu da unutmayaq ki, stres hər kəsə eyni cür təsir etmir. Yəqin ki, siz də bir hadisənin müxtəlif insanlara müxtəlif cür təsir etdiyinin dəfələrlə şahidi olmusunuz.

Bütün xəstəliklərin müalicəsində ilk dərman sevgidir. Amma bu cümlə tibbi müalicə protokollarında heç vaxt qeyd edilmir. Həmçinin tibbi terminlər lüğətində də "stres” adlı bir xəstəliyə rast gəlinmir. Amma əksər xəstəliklərin yaranması məhz streslə bağlıdır. "Stres” anlayışının müəllifi, kanadalı alim H.Selye hipofiz-böyrəküstü vəzi sistemini orqanizmin hər hansı fövqəladə təsirlərə qarşı adaptasiyasını təmin edən mexanizm adlandırırdı.

Stresin mərhələləri:

  1. Həyəcan mərhələsi — stresin təsiri altında adrenokortikotrop hormonu və bunun təsirindən kortikosteroidlərin sekresiyası artır. Bu mərhələ iki fazadan ibarətdir.

Şok fazası — bu fazada stres hormonları orqanizmə təsir edir.

Antişok fazası – bu fazada tarazlığın bərpasına yönəlmiş əks proseslər gedir.

Bu mərhələnin necə sonlanması stresin orqanizmə etdiyi təsirin gücündən asılıdır.

1. Rezistentlik (müqavimət) mərhələsi: qanda artmış kortikosteroidlər zədələyici təsirlərə qarşı orqanizmin müqavimətini artırır. Bu mərhələdə funksiyaların tamamilə bərpası və sağalma mümkündür.

2. Üzülmə mərhələsiorqanizmin ehtiyat imkanları getdikcə tükənir, patogen amillərin təsiri də davam edərsə, rezistentlik itir və orqanizm zəifləyir.

Stres və immun sistem

Bu mövzunun nə qədər geniş olduğu adından da bəllidir. Bədənimizdə öyrənmə, düşünmə və yaddasaxlama xüsusiyyətinə malik iki sistem var: beyin və immun sistemi.İmmun sistemi genetik mövcud olur, nəsildən-nəslə ötürülən məlumatları bir mikroba, virusa qarşı istifadə edir. Daha sonra sadəcə mikrobun olduğu bölgəyə toplaşaraq savaşır, məhv edənə qədər mübarizə aparır. Bu təcrübəni immun sistemi yadda saxlayır, hər dəfə təhlükəli vəziyyət yarandıqda bu təcrübədən istifadə edərək cavab verir. Bu funksiya beyin və immun sistemindən başqa, heç bir orqanda yoxdur. Beyin kimi, immun sistemimiz də öyrənmə xüsusiyyətinə malikdir. Əslində, immunologiya elminin əsasında özünütanıma dayanır. Heç kimin immun sistemi öz hüceyrələrinə, orqanlarına zərər vermir. İmmun sisteminin əsas məqsədi zərərli mikrob və viruslara qarşı mübarizə aparmaq və özünü qorumaqdır. İmmun sistemini gücləndirən bir çox faktorlar var. Bunlardan ən önəmlisi oksigendir. Oksigensiz mühitdə zərərli yağlar hüceyrənin içinə girərək, depolanır. Digər faktor yuxu rejiminin pozulmasıdır. Çünki yatarkən serotonin hormonu ifraz olunur. Bu hormon T-limfositlərinin – immunsəlahiyyətli hüceyrələrimizin bir qrupunun daha da yaxşı işləməsinə səbəb olur.

Orqanizm üçün bütün vitamin və mineralların öz əhəmiyyəti var. Vitamin və mineralların normadan az və ya çox olması fəsadlara gətirib çıxarır. Bu vitaminlərdən ən önəmli olanlardan biri D vitaminidir. Əsas onu vurğulamaq istərdim ki, xüsusilə, bu pandemiya ərəfəsində D vitamini qanda normal miqdarda olmalıdır. Buna diqqət etməyimiz cox önəmlidir. Bir çox araşdırmalar virusla mübarizədə D vitamininin rolunu yüksək qiymətləndiriblər. Tədqiqatın nəticəsinə görə, serumda 25(OH)D-nin konsentrasiyasının 50ng/ml-dən yüksək olması virus xəstəliklərinə yoluxma riskini 27% azaldır.

Həkim

Nazlı Çələbi

Yazı "Yeni Həyat İqtisadi İnkişaf" İctimai Birliyi Azərbaycan Respublikasının prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Kənd təsərrüfatı sahəsində çalışanlara koronavirusla mübarizə ilə bağlı maarifləndirici məlumatların çatdırılması" layihəsi çərçivəsində çap olunur