Krasnoyarskda Heydər Əliyevin xatirəsinə həsr olunan “Əsrlər boyu xalqlar dostluğu” adlı konsert keçirilib

Rusiyanın Krasnoyarsk şəhərində yerləşən Əmək və Həmrəylik Sarayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə və Rusiyada elan olunan Xalqların Birliyi İlinə həsr edilmiş təntənəli konsert proqramı keçirilib. Bu haqda saytımıza Krasnoyarsk diyarı Regional Azərbaycan Milli-Mədəni Muxtariyyətindən məlumat verilib.

Tədbirdə Heydər Əliyevin həm Azərbaycanın, həm də Sibirin inkişafında oynadığı mühüm rol xüsusi vurğulanıb. Bildirilib ki, onun rəhbərliyi dövründə həyata keçirilən iri layihələr Sibir regionunun Rusiyanın mərkəzi ilə əlaqələrinin möhkəmlənməsinə və regionun yeni inkişaf mərhələsinə qədəm qoymasına şərait yaradıb.

Konsertin rəsmi açılış mərasimində Krasnoyarsk diyarının mədəniyyət naziri Arkadi Zinov, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev və Rusiya Xarici İşlər Nazirliyinin Krasnoyarsk nümayəndəliyinin rəhbər vəzifəsini icra edən Denis Makin çıxış ediblər.

Bədii hissədə Azərbaycan Respublikasının Əməkdar artisti Xanlar Bəşirov, Krasnoyarsk diyarının tanınmış incəsənət nümayəndələri və “Odlar Yurdu” Xalq Azərbaycan Mahnı və Rəqs Ansamblı çıxış edərək tamaşaçılara zəngin musiqi və rəqs proqramı təqdim ediblər.

Tədbir çərçivəsində qonaqlar üçün Heydər Əliyevin həyat və fəaliyyətini, eləcə də Azərbaycan-Rusiya dostluq münasibətlərini əks etdirən fotosərgi təşkil olunub. Bununla yanaşı, Azərbaycan və rus milli geyimləri, musiqi alətləri və suvenirlər nümayiş etdirilib.

Qonaqlar həmçinin Azərbaycan xalqının milli-mədəni dəyərləri, adət-ənənələri və Krasnoyarsk diyarının tarixi ilə bağlı keçirilən viktorinada iştirak edərək müxtəlif hədiyyələr qazanıblar.

Gecə xalqlar arasında dostluq, həmrəylik və mədəni əlaqələrin möhkəmləndirilməsi mesajı ilə yadda qalıb.