Rəsmi Bakı Ankara ilə Qahirə arasında da vasitəçilik funksiyasını həyata keçirə bilər.
sabahinfo.az xəbər verir ki, bu sözləri Elmar Məmmədyarovun Qahirəyə səfərini şərh edərkən politoloq Elxan Şahinoğlu deyib. O bildiirb ki, ərəb dünyasının və Şimali Afrikanın əsas dövlətlərindən olan Misirdə son illər baş verən qanlı hadisələr bu ölkənin xarici siyasətdəki fəallığını xeyli azaldıb:
"Bu gün Səudiyyə Ərəbistanı, hətta Qətərin bölgədəki olaylara təsir imkanları Misirinkindən üstündür. Misir hazırda yaşamaq uğrunda mübarizə aparır. Son illərin rəngli inqilabları Misiri iqtisadi zəhətdən xeyli zəiflədib Qahirənin vaxtilə əsas gəlir mənbələrindən olan turizmdən qazancı xeyli azalıb”.
Xarici İşlər naziri Elmar Məmmədyarovun Misirə səfərini təqdirəlayiq hesab edən politoloq Qahirənin yenidən söz sahibi olacağına inandığını bildirib:
"Ona görə də Misirlə fasilə verilən əlaqələri bərpa etmək lazımdır. Məmmədyarovun Qahirəyə səfəri iki ölkə arasındakı münasibətləri yenidən canlandırmağa hədəflənib. Tərəflər 6 ildən artıq müddətdə SOCAR və Misirin Dövlət Neft Korporasiyası arasında faydalı əlaqələrin qurulduğunu qeyd ediblər. Misir Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, ancaq bu ölkədə də erməni diasporu var. Ona görə də Misirdəki səfirliyimizin üzərinə böyük yük düşür. Rəsmi Bakı Ankara ilə Qahirə arasında da vasitəçilik funksiyasını həyata keçirə bilər. Bundan əvvəl isə Misir və Azərbaycan prezidentlərinin qarşılıqlı səfərlərinin reallaşdırılması aktualdır”.
Qeyd edək ki, Xarici İşlər naziri Elmar Məmmədyarov ötən gün Misirə rəsmi səfəri çərçivəsində bu ölkənin Xarici İşlər naziri Sameh Şükri ilə görüşüb. Görüşdə ikitərəfli münasibətlərin səviyyəsi və müxtəlif sahələr üzrə hərtərəfli əməkdaşlıq məsələləri müzakirə edilib.