Dərman vasitələri və icbari tibbi sığorta ilə bağlı qanunlara ciddi dəyişikliklər ediləcək

Parlamentin Səhiyyə komitəsinin mətbəxində bir neçə qanun layihəsi var.

Bunlar "Reproduktiv sağlamlığın qorunması haqqında”,  "Psixoloji yardım haqqında” yeni qanun layihələri, həmçinin, "Dərman vasitələri haqqında” və "İcbari tibbi sığorta haqqında” qanunlara dəyişiklikləri nəzərdə tutan qanunvericilik aktlarıdır.

Bu haqda Gün.Az-a açıqlamasında sözügedən komitənin sədr müavini Musa Quliyev məlumat verib.

Onun sözlərinə görə, "Reproduktiv sağlamlığın qorunması haqqında” və "Psixoloji yardım haqqında” qanun layihələrinin parlamentin bu günlərdə öz işini başa vuran yaz sessiyasının plenar iclaslarına çıxarılması nəzərdə tutulsa da, sessiyanın işinin çox və gərgin olması,  daha çox da müxtəlif strukturlarının hesabatlarının dinlənilməsi səbəbindən adıçəkilən sənədlərin müzakirəsi baş tutmayıb, təxirə salınıb:

"Ancaq düşünürəm ki, hər iki qanun çox vacib və əhəmiyyətli qanunlardır.  Yəni, onların qarşıdan gələn payız sessiyasında plenar iclasların müzakirələrinə tövsiyə olunması və müzakirəsi mümkün olacaq”.

Komitə sədrinin müavini həmçinin deyib ki,  müzakirəsi və qəbulu gözlənilən qanun layihələrindən  biri də "Dərman vasitələri haqqında”  mövcud qanuna bir sıra əhəmiyyətli düzəlişləri nəzərdə tutuan qanunvericilik aktıdır.

"Bu günlərdə  komitəmizin iclasında "Dərman vasitələri haqqında” qanuna dəyişiklikləri nəzərdə tutan  adıçəkilən qanun layihəsini müzakirə etdik. Orada da çox əhəmiyyətli dəyişikliklər öz əksini tapıb və düşünürəm ki, payız sessiyasında həmin sənədi də plenar iclasın müzakirəsinə çıxarmaq mümkün olacaq.

Bununla yanaşı,  Tibbi Sığorta Agentliyinin yaradılması, fəaliyyətə başlaması  ilə bağlı, ən əsası isə icbari tibbi sığortanın tətbiqinə başlanılması, onun əhatə dairəsinin daha da genişləndirilməsi üçün "İcbari tibbi sığorta” haqqında qanuna mühüm dəyişiklikləri, əlavələri nəzərdə tutan qanun layihəsi də gündəmimizdədir.

Çox güman ki, payız sessiyasında da bununla bağlı İşçi Qrupu yaradılacaq və orada da  həmin sənədə dəyişiklikləri nəzərdə tutan qanun layihəsi hazırlanıb müzakirələrə tövsiyə olunacaq”-deyə, M. Quliyev daha sonra sözlərinə əlavə edib.sabahinfo.az