Pambıqçılığın inkişafında "ikinci nəfəs”
Nazirin nikbinliyinə əsas varmı?
Elçin Bayramlı: "44 min ton ölkənin potensialı ilə müqayisədə heç 10 faiz deyil”
Bu il Azərbaycanda 44 min tondan artıq pambıq tədarük olunub. Bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfatı naziri Heydər Əsədov deyib. Nazir bununla pambıq istehsalı sahəsində qarşıya qoyulan hədəflərə nail olunduğunu da vurğulayıb. Onun sözlərinə görə, nəzərdə tutulan 100 min ton həcmində real pambıq məhsuluvar. O qeyd edib ki, 20 gündən artıq yağan aramsız yağışlar pambıqyığan kombaynların təsərrüfatlara çıxışını mümkünsüz edib: "Hesab edirəm ki, noyabr ayında hava şəraiti əlverişli olarsa, biz bu geriliyi aradan qaldıracağıq. Bu günə olan məlumata əsasən, 44 min tondan artıq pambıq tədarük olunub.
Sual oluna bilər ki, aramsız yağışlar pambığın keyfiyyətinə təsir edə bilərmi? Mən açıq şəkildə deyirəm ki, bu il gətirdiyimiz toxumların keyfiyyətindən çox razıyıq. Təbii ki, yağış, rütubət məhsulun keyfiyyətinə təsirsiz ötüşmür.Ümumi kontekstdə isə məhsulun keyfiyyətinə ciddi təsir etməyəcək".
Statistikaya və verilən vədlərə baxsaq göz önünə çox acınacaqlı mənzərə çıxır.Belə ki, hələ 1970-80-ci illərdə bir milyon ton pambıq tədarük edilirdisə, 2015-ci ildə cəmi 35 min ton yığılıb. O illərdə 300 min hektarda pambıq əkilirdisə, keçən il cəmi 18 min hektarda pambıq əkilib. 2016-cı ildə bütövlükdə 51 min hektar sahədə pambıq əkilib.Keçən illə müqayisədə bu, təxminən üç dəfə çoxdur. Prezident İlham Əliyev pambıqçılığın inkişaf məsələlərinə dair I Respublika müşavirəsində bildirmişdi ki, bu il bir az gecikmiş olsaq da, ancaq yaxşı nəticələr gözlənilir. Ölkə başçısı bu ili pambıqçılığın inkişafında "dönüş ili" adlandırıb: "Çünki görülmüş tədbirlər əkilən sahələrin ərazisini 3 dəfə artırmağa imkan verib, artıq bu payızda 100 min ton "ağ qızıl" toplamaq nəzərdə tutulur. 2017-ci ildə pambıq tarlalarının ərazisini 100 min hektara, məhsulu isə 300 min tona çatdırmaq planlaşdırılır.2020-ci ildə isə pambıqçılığın inkişafı özünün zirvəsinə çatmalıdır: 200 min hektardan 700 min ton”. Statistikadan və qarşıda duran hədəflərə nail olmamaq onu göstərir ki, pambıqçılıq tənəzzülə uğrayıb. Bu ilin pambıqçılığın inkişafında "dönüş ili" adlandırılmasına baxmayaraq pambıqçılıq arzuolunan səviyyədə deyil.

"Məhsulu dünya bazarına çıxara bilmirik”
"Altay” Araşdırma Mərkəzinin rəhbəri, iqtisadçı Elçin Bayramlı "Cümhuriyət” qəzetinə bildirib ki, hökumət qeyri-neft sektorunun aparıcı sahələrindən biri kimi pambıqçılığın inkişafının tərəfdarıdır. Ekspert qeyd edib: "Bu sahənin inkişafı üçün artıq subsidiyalarayrılıb,pambıqtəmizləmə zavodlarının tikintisinə köməklik göstərilib. Amma birdən-birə böyük irəliləyiş əldə etmək mümkün deyil.Əvvəlki illərlə müqayisədə pambığın artımını normal hesab etmək olar.1970-80-ci illərdə bir milyon tona yaxın pambığın tədarük olunması uzun onilliklərdən sonra başa gəlib. O dövrlərdə Azərbaycanın tarlalarında təqribən 40 minə yaxın texnika işləyirdi. İndi o sayda nə əkin yeri, nə də texnika var. Bundan əlavə fermerlər pambıq əkinlərini başqa əkinlərlə əvəz edib.Çünki son illər pambığı dünya bazarına çıxarda bilmirlər və ölkədə toxucu və parça fabrikləri kifayət qədər deyil.İndi dövlət müəyyən subsidiya və dotasiya artırmaqla bu sahəni stimullaşdırır. Lakin kütləvi artıma nail olmaq mümkün deyil. Təbii ki, 44 min ton pambıq tədarükü Azərbaycanın potensialı ilə müqayisədə heç 10 faiz deyil.Nəzərə alsaq ki, əvvəlki pambıq əkini sahələri artıq digər sahələrlə əvəz olunub.Onların dəyişdirmək vaxt aparır.Üstəlik, yeni texnikalar alınmalıdır və yeni təsərrüfatlar yaranmalıdır.Kiçik təsərrüfatlar nə aqrotexniki işlər apara bilir, nə də məhsulu bazara çıxarda bilirlər.Hesab edirəm ki, dövlətin inkişaf etdirmək istədiyi sahədə xüsusi təşkilat yaradılmalıdır.Sovet dövründə belə bir ənənə var idi.Məsələn, pambıqçılıqla bağlı xüsusi orqan yaradıla bilər ki, sırf əkinlə bağlı həm təşkilati-texniki, həm məsləhət, maarifləndirmə işləri aparsın, həm də məhsulun bazarlara çıxarılmasında əlaqələndirici rol oynasın”.
Elçin Bayramlı hesab edir ki, 1970-80-ci illərdə bir milyon tona yaxın pambığın tədarük olunması barədə statistika bir az şişirdilib. Azərbaycanda torpaqların gücü o qədər pambıq istehsalına imkan vermir.Doğrudur, pambıq istehsalına görə Azərbaycan bütün dünyada 2 dəfə daha çox məhsuldardır. Təsəvvür edin ki, 2 dəfə az məhsuldarlıqla dünya ölkələri pambıqdan külli miqdarda gəlir əldə edir. Demək olar ki, Özbəkistan iqtisadiyyatı sırf pambıq hesabına formalaşıb.Baha qiymətə xaricə satır, amma məhsuldarlıq sentner hesabı ilə Azərbaycandan aşağıdır.
"Yeni fabrik və zavodlar qurulmalıdır”
İqtisadçının qənaətincə, Azərbaycanda tekstil sənayesini geniş miqyasda təşkil etmək çox çətindir. O bunu həmin təsərrüfat sisteminin və infrastrukturun dağıdılması ilə izah edib: "Pambıq istehsalı sənayesi 4-5 mərhələdən ibarətdir. Demək olar ki, Azərbaycanda tekstil sənayesinin infrastrukturu yoxdur.Bir neçə fabrik olsa da onlar da yerli pambığı qəbul edə bilmir.Kiçik fermerlərin xarici bazarlarla əlaqələri yoxdur.Pambıq istehsalının həcminə uyğun ölkədə zavod və fabriklər qurulmalıdır.Nəticədə istehsal olunan xammal ucuz qiymətə xarici bazarlara satılmayacaq. Pambıq əkməklə iş bitmir. Onu əkib xaricə idxal etməklə daha çox gəlir əldə etmək olar.Xammal ölkəsi olmaq lazım deyil. Hazır məhsullar satan ölkəyə çevrilmək lazımdır. Azərbaycana Rusiyadan, Türkiyədən, Çindən və başqa dövlətlərdən geyim idxal olunur. Pambığı isə dünya bazarına maksimum 50 qəpiyə satırıq.Bu ölkələr bizdən 1 kilo pambığı alır, ondan istehsal etdiyi paltarı yenidən bizə 50 manata satır.Biz burda 100 dəfə uduzuruq.Halbuki həmin pambıqdan hazırlanmış məhsulu xaricə 10 dəfələrlə baha sata bilərik”.
"İstehsalı 300-500 min tona çatdırmaq olar”
2016-cı ildə 44 min ton pambıq tədarük olunub.2017-ci ilin planında isə 300 min tona yaxın pambıq tədarük olunması məqsədi var. Nəzəri cəhətdən bu qədər artım mümkündürmü?
Elçin Bayramlı bunun praktik cəhətdən bu qədər artımının çətin olduğunu qeyd edib: "Bu, növbəti mövsümdə nə qədər pambığın əkilməsindən də asılıdır. Pambıq sahələri 5-10 dəfə artırılsa, düzgün aqrotexniki qulluq göstərilsə, bu, mümkün ola bilər. Sadəcə, bu qədər torpaq sahələrini hazırlayıb, onu becərən fermerlər, müəssisələr tapılacaqmı? Əgər bu işləri həyata keçirən qüvvə varsa, bu, real ola bilər. İnanmıram ki, 1 il ərzində 300 min ton pambıq istehsal etmək olsun. Hazırda Azərbaycanın pambıq istehsalı sahəsindəki potensialı əvvəlki illərdəki kimi 1 milyon ton deyil.Əgər tekstil sənayesini paralel inkişaf etdirib hazır məhsul satsaq, pambıqçılıq qeyri-neft sektorunda bir nömrəli gəlirli sahə hesab oluna bilər.Pambıq istehsalını 300-500 min tona çatdırmaq olacaq.Amma bu halda da lazımi gəliri əldə edə bilməyəcəyik.Çünki dünya bazarında xammal ucuz alınır.Xammaldan əldə olunan məhsullar isə 10 dəfələrlə baha satılır.Yerli istehsal artırılsa, ilk növbədə xaricə valyuta axınının qarşısı alınmış olacaq.Həmçinin hazır məhsuldan külli miqdarda gəlir əldə etmək olar. MDB məkanında pambıq çox az ölkədə yetişdirilir. Biz bu cür böyük bazarda yerli məhsulumuzu sata bilərik.Çin, Türkiyə kimi uzaq məsafədə olan dövlətlər bu bazara məhsullar gətirdiyi halda Azərbaycan yaxın məsafədə yerləşsə də bu bazara məhsul çıxartmır”.