Forum da, çıxış da böyük əhəmiyyəti ilə tarixləşdi

Hər beynəlxalq tədbir müəyyən problemə, mövzuya həsr olunsa da mahiyyəti etibarilə dövlətlər arasında siyasi münasibətlərin daha da yaxşılaşmasına, daha gərəkli formatda formalaşmasına yönəldilir. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanda belə tədbirlər daha intensiv keçirilir ki, bu da dünya dövlətlərinin Azərbaycana ehtiramı, inamı ilə əlaqədardır. Qarşılıqlı etibar olmadan dünyəvi siyasətin tərəfdaşı olmaq mümkün deyil.

Bakı Qlobal Forumu Davos Dünya İqtisadi Forumu, Münhen Təhlükəsizlik Konfransı kimi aparıcı beynəlxalq forumlarla bir sırada dayanır.

Dünyanın nizamı tez-tez dəyişdiyinə görə, siyasi sabitliyin pozulmasına görə geosiyasi dəyişikliklər yaranır. Ona görə də qlobal əhəmiyyət kəsb edən məsələlərin həlli üçün bu gün dünyanın həqiqətən də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinin və iştirakçılarının təcrübəsinə, biliyinə, onların dövlət, hökumət başçıları və xarici işlər nazirləri kimi təcrübəsinə ehtiyacı vardır.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin potensialı böyükdür. Hər il Bakıda keçirilən müzakirələr müxtəlif mühüm beynəlxalq məsələlərin daha dərindən dərkinə, onların daha əhatəli təhlilinə xidmət edir.

Bu və ya digər beynəlxalq tədbirin səviyyəsi həm də iştirakçı dövlətlərin sayı ilə müəyyənləşdirilir. XI Qlobal Bakı Forumunda 68 ölkədən 400-dən çox qonaq iştirak edir. Qonaqların arasında 40-dan çox hazırkı və sabiq dövlət, hökumət başçıları var. Bu, Forumun nəhəng intellektual potensialının təsdiqidir.

Azərbaycan Respublukasının Prezidenti cənab İlham Əliyev mart ayının 14-də XI Qlobal Bakı Forumunda “Parçalanmış dünyanın bərpası” mövzusunda çıxışında son on illərin siyasi durumunu da xatırlatdı, bu duruma dünya dövlətlərinin, eləcə də beynəlxalq təşkilatların münasibətini də: “Uzun illər ərzində münaqişənin sülh yolu ilə həllini tapmaq üçün fəaliyyət göstərdik. Uzun illər ərzində, o cümlədən İkinci Qarabağ müharibəsindən əvvəl hər il ədalətsizlik, işğal, beynəlxalq hüququn pozulması, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl olunmaması barədə danışırdıq və bu barədə danışmağa davam edirdik, çünki bu məsələnin beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olmasını istəyirdik”.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev İkinci Qarabağ mnüharibəsindən əvvəl Ermənistanın xarici siyasətinin mahiyyətini də xatırlatdı, belə bir siyasətin labüdən müharibəyə gətirdiyini də bildirdi, işğalçı dövlətin bu müharibəyə istəyərək gəldiyini də: “2018-ci ildə Ermənistan hökumətində dəyişiklik baş verəndə razılığa gəlmək imkanı var idi. Ermənistanın yeni hökuməti bizi əmin etdi ki, onlar beynəlxalq hüquqa uyğun davranacaq və əraziləri geri qaytaracaqlar. Bizim belə gözləntilərimiz var idi və əgər o vaxt Ermənistanın yeni hökuməti indiki kimi davransaydı, onda suverenliyimizin güc yolu ilə bərpa edilməsinə ehtiyac qalmazdı”, “2020-ci il noyabrın 10-da Ermənistanın imzalamaq məcburiyyətində olduğu kapitulyasiya aktına əsasən onlar o zaman bizim nəzarətimizdə olmayan Qarabağın qalan ərazilərindən işğalçı qüvvələrini çıxarmaq öhdəliyini üzərinə götürdülər. Lakin 3 il ərzində onlar bunu etmədilər. Onlar nəinki on beş minlik hərbi kontingentini ərazidən çıxarmadı, onlar İkinci Qarabağ müharibəsindən sonra kommunikasiya yolları üzərində nəzarətimizin olmadığından faydalanaraq silah, mina və sursatları qaçaqmalçılıq yolu ilə Qarabağa göndərdilər”.

XI Qlobal Bakı Forumu da, forumda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışı da son illərin əhəmiyyətli beynəlxalq hadisələrindən biri kimi tarixləşdi...

Səbinə XASAYEVA,

Milli Məclisin Deputatı