Fransa mina xəritələrinin verilməsi ilə bağlı bir dəfə də olsun aydın və dəqiq tələblə çıxış etməyib

Müsahibimiz Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadədir.

- Fransanın Azərbaycandakı səfiri Zakari Qros öz “Twitter” səhifəsində qeyd edib ki, ölkəsi işğaldan azad edilmiş ərazilərimizin minalardan təmizlənməsi üçün 400 min avro ayırmaq niyyətindədir. Maraqlıdır, daim ermənilərə sevgisi ilə yadda qalan Fransanın bu addımının kökündə nə dayanır?

- Düşünürəm ki, bu addım Fransa tərəfinin iki dövlət arasında münasibətlərdə yaranmış neqativ ab-havanı aradan qaldırmaq istəyindən irəli gəlir. Xatırlayırsınızsa, avqustun 5-də Fransa Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə telefonla zəng etmişdi və söhbət əsnasında 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatdan sonrakı dövrdə regional məsələlər, Ermənistan-Azərbaycan dövlət sərhədindəki vəziyyət və postmünaqişə dövründə regionda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi geniş müzakirə olunmuşdu.

Bu gün Fransa da anlayır ki, əgər regionda nüfuz sahibi olmaq istəyirsə, Azərbaycan dövləti ilə münasibətlərə yeni reallıqlar prizmasından yanaşmalıdır. Azərbaycan regionda sülhü, təhlükəsizliyi, humanitar məsələlərin həllini nəzərdə tutan, ölkələr arasında münasibətlərin normallaşmasına xidmət edən istənilən xoşməramlı təşəbbüsü hər zaman dəstəkləyib və bu baxımdan son hadisələr Fransa tərəfinin xoşməramlı addımı kimi qəbul edilə bilər.

- Əminə xanım, Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Şuşaya səfərində ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin səfirləri iştirak etməmişdi. Bildiyimiz kimi, Fransa da həmsədr dövlətlərdən biridir. Hazırkı addımı ATƏT-in Minsk qrupunun fəaliyyətini bərpa etmək cəhdi kimi qiymətləndirmək olarmı?

- Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşub. Minsk qrupu münaqişənin həllində heç bir rol oynamayıb. Halbuki bunu etmək üçün Minsk qrupu 28 il ərzində müvafiq mandata sahib idi. Bu müddət ərzində Minsk qrupunun ideyalarla çıxış etmək və yaradıcı olmaq istiqamətində müəyyən fəaliyyəti olsa da, bunlar heç bir nəticə verməmişdi.

ATƏT-in Minsk qrupunun fəaliyyətinin bu və ya başqa formatda bərpa edilməsi cəhdlərində hər hansı perespektiv görmürəm. Düşünürəm ki, bundan sonra Azərbaycanın nə ATƏT-in Minsk qrupunun, nə də digər beynəlxalq təşkilatların vasitəçiliyinə və köməyinə ehtiyacı var.

- Olmazdımı ki, Fransa ərazilərimizin minalardan təmizlənməsi üçün maliyyə yardımı deyil, mina xəritələrini verməsi üçün Ermənistana təzyiq göstərərdi?

- Hamımıza yaxşı məlumdur ki, bu günə qədər Fransa tərəfi Ermənistandan yüzlərlə azərbaycanlı əsir və girovun azadlığa buraxılmasını tələb etmədi. Halbuki, bu barədə danılmaz faktlar, sübutlar və sənədli dəlillər mövcuddur. Rəsmi Paris ATƏT-in üç həmsədr dövlətindən biri kimi İrəvanın işğalçılıq siyasətini təsdiq edən, zəbt etdiyi Azərbaycan torpaqlarının dərhal və qeyd-şərtsiz azad etməsini tələb edən məlum qətnamələrin icra olunması üçün qətiyyətli addım atmadı.

Fransa indiyə qədər mina xəritələrinin verilməsi ilə bağlı bir dəfə də olsun aydın və dəqiq bir tələblə çıxış etməyib, baxmayaraq ki, rəsmi Paris tərəfindən müxtəlif dövrlərdə, fərqli mövzularda Azərbaycana tələblər irəli sürülürdü.

Minalanmış ərazilərin xəritələrinin verilməməsi insanlığa qarşı cinayətdir. Ermənistanın xəritələri verməkdən boyun qaçırması 1949-cu il tarixli Cenevrə Konvensiyasının I saylı Əlavə Protokolunun tələblərinə qarşı çıxmaqdır.

Mina xəritələrinin verilməsi Prezident İlham Əliyevin qətiyyətli iradəsinin, bu istiqamətdə atdığı məqsədyönlü addımların məntiqi nəticəsi, növbəti parlaq diplomatik qələbəsidir. Bu, on minlərlə vətəndaşımızın həyatını və sağlamlığını təhlükələrdən xilas edəcək, işğaldan azad olunmuş ərazilərin bərpası və məcburi köçkünlərin qayıdışı prosesini sürətləndirməyə imkan verəcək.

- Avqustun 24-də Azərbaycan Prezidenti BMT-nin ölkəmizdə yeni təyin olunmuş rezident əlaqələndiricisi xanım Vladanka Andreyevanı qəbul etdi. Görüş zamanı ölkəmizin başçısı münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyinin sonda ağır nəticəyə, müharibəyə gətirib çıxardığını xüsusi qeyd etdi. Sizcə, 28 il fəaliyyətsizliyi ilə diqqət çəkən bir qurumun postmüharibə dövründə bu proseslərdə özünü fəal tərəf kimi göstərmək cəhdini şərtləndirən amillər nədən ibarətdir?

- Azərbaycan 30 ilə yaxın davam edən münaqişəni həll etdi, buna güc yolu və siyasi vasitələrlə nail oldu. Təəssüflər olsun ki, Minsk qrupu münaqişənin həllində heç bir rol oynamayıb. Halbuki bunu etmək üçün Minsk qrupu 28 il ərzində müvafiq mandata sahib idi.

Azərbaycan tərəfi ölkə başçısı timsalında bütün beynəlxalq  platformalarda xalqımızın haqlı mövqeyini dünya ictimaiyyətinin diqqətinə çatdırmaq istiqamətində illərlə səylər göstərdi. Milli Məclisin müvafiq komitələri, dünyanın  siyasi institutları ilə əməkdaşlıq edən işçi qrupları bu istiqamətdə yorulmadan çalışdılar. Lakin Dağlıq Qarabağ ərazisinin Azərbaycanın ayrılmaz hissəsi olduğunu təsdiqləyən BMT-nin 4 qətnaməsi qəbul edilməsinə baxmayaraq 28 il ərzində lazımi imkanlar çərçivəsində heç bir əməli iş görülmədi.

Hesab edirəm ki, müharibəyə görə məsuliyyət yalnız Ermənistanın yox, onu beynəlxalq hüquqa riayət etməyə məcbur edə bilməyən və ya bunu etmək istəməyənlərin üzərinə düşür. Ermənistana qarşı vaxtında sanksiyalar tətbiq edilsəydi, Minsk qrupunun həmsədrləri Ermənistanı öz işğalçı qüvvələrini geri çəkməyə məcbur etsəydilər, müharibə baş verməzdi.

Azərbaycan bu illər ərzində ATƏT-in Minsk qrupunun həmsədrlərindən ədalətli mövqe, işğalçıya təsir və təzyiq, işğala son qoyulması üçün əməli fəaliyyət gözlədi. Amma bunların nəinki heç biri olmadı, hətta Ermənistana BMT qətnamələrinin yerinə yetirilməsi ilə bağlı azacıq da olsa beynəlxalq təzyiq belə göstərilmədi. Həmsədrlər Ermənistana təzyiq göstərmək, beynəlxalq hüquqdan irəli gələn müvafiq sanksiya rejimlərini tətbiq etmək əvəzinə, faktiki olaraq Ermənistanın işğalçılıq siyasətinə göz yumdular. Bu baxımdan söylədiyiniz kimi, 28 il fəaliyyətsizliyi ilə diqqət çəkən bir qurumun postmüharibə dövründə bu proseslərdə özünü fəal tərəf kimi göstərməsində hər hansı bir amilin əhəmiyyətli ola biləcəyini ehtimal etmirəm.a