Düşmənin canlı sipər qurduğu, ucu-bucağı görünməyən səngərlər qazdığı və əsas istehkam kimi 30 il istifadə etdiyi Füzuli rayonun azad olunması Azərbaycan Ordusu üçün mühüm tapşırıq idi. Müzəffər Ordumuz düşmənin həyata keçirdiyi bütün döyüş tapşırıqlarını məharətlə dəf edərək cəbhə xəttini yarmağa müvəffəq oldu ki, bu da növbəti rayonların düşmən tapdağından azad olması ilə nəticələndi.
Füzuli rayonunun işğaldan azad edilməsi tarixi xronologiyası hələ 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin əmri ilə Füzuli rayonu ərazisində qazanılmış ilk Qələbə - Horadiz əməliyyatı ilə başlayır. O zaman Azərbaycan Silahlı Qüvvələrinin hücumu ilə Füzuli rayonunun 22 yaşayış məntəqəsi erməni işğalından azad edilmişdir. Ardıcıl hərbi məğlubiyyətlərdən sonra qazanılmış bu uğurlar eyni zamanda işğal altında olan bütün torpaqlarımızın düşməndən geri alınacağına olan inancımızın artmasına səbəb oldu. Elə həmin inam da 44 günlük Vətən Müharibəsində qələbənin əldə edilməsinə kömək edən mənəvi gücə çevrildi. Azərbaycan Ordusu 2020-ci il oktyabr ayının 17-də Füzuli rayonunun bir neçə kəndi ilə birlikdə Füzuli şəhərini işğaldan azad etdi. Füzulinin azad edilməsi uğrunda döyüşlər Vətən Müharibəsinin çətin oduğu qədər də xüsusi əhəmiyyətə malik döyüşlərindən biri kimi hərb tariximizin şərəfli səhifələrindəndir. 30 il ərzində düşmən bir neçə xəttdən ibarət müdafiə zolağı yaratmış və möhkəm istehkamlar qurmuşdu. Onlar bu xəttin keçilməzliyinə inanırdılar. Amma Azərbaycan Ordusunun qəhrəmanlığı və iradəsi nəticəsində bu xətt yarıldı və Füzuli şəhəri işğaldan azad edildi. Füzuli döyüşləri ilə Azərbaycan Ordusu yüksək döyüş qabiliyyətinə və hərbi təchizata malik olduğunu sübut etdi. Ermənilər və bütün dünya Azərbaycanın hərbi gücünü etiraf etmək məcburiyyətində qaldı. Füzulinin azad olunması Ordumuzun Zəfər yürüşünə yol açdı və ona əlavə mənəvi güc verdi.
Qarabağ bölgəsində yerləşən Füzuli rayonu zəngin tarixi-mədəni irsi, əlverişli coğrafi mövqeyi və strateji əhəmiyyəti ilə seçilir. Cəbrayıl, Xocavənd, Ağcabədi və Beyləqan rayonları ilə həmsərhəd olan Füzuli Araz çayı boyunca İranla sərhədlənir. Ərazidəki tarixi və dini abidələr xalqımızın əsrlər boyu formalaşmış mədəni irsinin mühüm hissəsidir. Lakin uzunmüddətli işğal rayonun yaşayış məntəqələrinə, tarixi abidələrinə və sosial infrastrukturuna ağır zərbə vurdu, minlərlə insanı doğma evindən didərgin saldı.
Füzuli rayonu bu gün yeni inkişaf dövrünü yaşayır. Rayon ərazisi böyük bir tikinti meydanına çevrilib. Füzuli rayonu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin səfərləri və səfərlər çərçivəsində müxtəlif təyinatlı layihələrin təməlqoyma və açılış mərasimləri məkanı olmuşdur. Azad edildikdən sonra cəmi 8 ay müddətinə “Qarabağın hava qapısı” adlandırılan Füzuli Beynəlxalq Hava Limanının tikilib istifadəyə verilməsi Azərbaycanın iqtisadi qüdrətinin göstəricisi idi.
Onu da qeyd edək ki, Füzulinin yenidən qurulmasında qardaş ölkələrin dəstəyi ayrıca əhəmiyyət daşıyır. Özbəkistanın hədiyyəsi olan Mirzə Uluqbəy adına 960 şagird yerlik məktəbin 2023-cü il avqustun 23-də açılması Azərbaycan–Özbəkistan dostluğunun konkret təzahürüdür. Qazaxıstanın hədiyyəsi olan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin istifadəyə verilməsi isə qardaş xalqlar arasında həmrəyliyin təhsil və mədəniyyət sahəsində ifadəsidir. Bu layihələr azad edilmiş torpaqlarda yalnız binaların deyil, uşaqların gələcəyinin, yaradıcılıq mühitinin və sosial həyatın da qurulduğunu göstərir.
Mətanət Səfərli YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı