Hava şəraiti kəskin dəyişəcək

Azərbaycan sinoptikləri hava şəraitinin daha da kəskinləşəcəyi barədə xəbərdarlıq ediblər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bildirib ki, ilkin proqnoza əsasən, fevralın 20-də günün ikinci yarısından Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.
Fevralın 21-də küləyin güclü olacağı ehtimal edilir. Havanın fasilələrlə yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Bakıda və Abşeron yarımadasında belə hava şəraiti fevralıın 23-dək davam edəcək.
Fevralın 20-si qərb rayonlarından başlayaraq, ayın 23-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, havanın yağıntılı olacağı, sulu qar və qar yağacağı proqnozlaşdırılır. Azərbaycanın rayonlarında güclü şimal-qərb küləyi əsəcək.
Fevralın 21-də və 22-də Bakıda və Avbşeron yarımadasında temperaturun gündüz 0 dərəcəyə yaxın, gecə saatlarında 2 dərəcəyə kimi şaxta olacağı gözlənilir.
Rayonlarda yollar buz bağlayacaq.
Qeyd edək ki, dəqiqləşdirilmiş proqnoz bir daha ictimaiyyətə təqdim olunacaq.