Heydər Əliyevin tövsiyələri ilə formalaşan Azərbaycan gəncliyi dövlətə sədaqətlə xidmət edir

Tarixi şəxsiyyətlər haqqında deyilən hər söz tarixin söz yaddaşı olur. Zaman-zaman belə olub, belə də olacaq. Azərbaycanın dövlətçilik tarixi ilə bağlı tarixi şəxsiyyətlərin dedikləri də bu tezisin gerçəkliyini təsdiqləyir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bir kəlamı da yaşarı kəlamdır: “Heydər Əliyev dahi şəxsiyyət, uzaqgörən lider, cəsarətli insan idi. O, öz həyatını doğma xalqına həsr etmişdir. Bütün dövrlərdə xalqa ləyaqətlə, sədaqətlə xidmət etmişdir. Cəmiyyətin ictimai-siyasi quruluşundan asılı olmayaraq, Heydər Əliyev bütün dövrlərdə xalqın dəstəyini hiss edərək Azərbaycanı inamla irəliyə aparırdı”...

Heydər Əliyev ömrü həmişə azərbaycançılıq işığı olub. Keçmiş SSRİ dönəmində də, SSRİ dağıldıqdan sonra da, xalqın təkidli tələbi ilə Azərbaycana hakimiyyətə qayıtdıqdan sonra da...

Azərbaycan Respublikası Ali Sovetinin sədri, prezident səlahiyyətlərini həyata keçirən Heydər Əliyev 1993-cü ilin sentyabrın 22-də Respublika Ali Sovetində ölkənin bir qrup gənci ilə görüşdə onların respublikanın və gəncliyin problemlərinə dair fikir və mülahizələrini dinlədi, onlara, onların timsalında Azərbaycan gəncliyinə tövsiyələrini verdi. Bu çıxışında Heydər Əliyev Azərbaycanın düşdüyü gərgin şəraiti hərtərəfli təhlil edərək gəncləri ölkənin ictimai-siyasi həyatında daha yaxından iştirak etməyə, ölkənin taleyinin cəfakeşləri sırasında olmağa çağırdı: “Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir. Siz, Azərbaycan xalqının gənc nəsli, bu gün də müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi həyatında böyük rol oynayırsınız. Eyni zamanda, müstəqillik yoluna düşmüş Azərbaycan dövlətinin gələcəyinin, xalqımızın daha firavan yaşamasının təməlini qoymaqda iştirak edirsiniz. Buna görə də sizə ümid bəsləyirik”. Bu çıxış Azərbaycan gənclərinin dövlətçilik düşüncələrinin dövlətçiliyə sədaqət əsasında formalaşmasında böyük zəmanət oldu, Azərbaycan gəncləri böyük tarixi şəxsiyyətin tövsiyələrini dövlətə, dövlətçiliyə böyük sədaqətlə yerinə yetirməyi özlərinə vətəndaşlıq borcu bildilər...

Heydər Əliyev gənclərlə bağlı dövlət siyasətinin əsas istiqamətlərinin və prinsiplərinin müəyyənləşdirilməsi, böyük qüvvə olduğunu qürurla xatırlatdığı gənclərin sosial-iqtisadi, mənəvi problemlərinin aradan qaldırılması, ictimai-siyasi fəallıqlarının artırılması və yenidən təşkilatlanması üçün kompleks strategiya hazırladı. Bu strategiya mərhələlərlə həyata keçirilməyə başladı.

1994-cü il iyulun 26-da Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin imzaladığı Sərəncamla Gənclər və İdman Nazirliyi, 1995-ci ildə imzaladığı Sərəncamla Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Şurası yaradıldı. Azərbaycan gəncləri cəmiyyətdə daha fəal iştirak etməyə başladı. Bu iştirak onların rolunun artmasını da təmin edirdi.

Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1996-ci il fevralın 2-də keçirilən gənclərin I Forumu Azərbaycanda gənclər siyasətinin müəyyən olunmasında mühüm rol oynadı. Forumda gənclər və idman siyasəti sahəsində görülən işlərdən, gəncliyin qarşısında böyük məsuliyyətin dayandığından danışan Ulu Öndər Heydər Əliyev Azərbaycan gəncliyinin daha uğurlu sabahına inandığını vurğuladı. Həmin dövrdə gənclərin problemlərinin həllini təmin edən fərmanların imzalanması, qanunların qəbul edilməsi, gənclərin dövlət quruculuğuna fəal cəlb olunması dövlətin gənclər siyasətinə mühüm töhfə verdi.

1997-ci il fevralın 1-də Forumun ildönümü münasibətilə gənclərin bir qrupunu qəbul edən Ulu Öndər Heydər Əliyev 2 fevral - Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında Fərman imzaladı. Bu Fərmana əsasən həmin tarix “Azərbaycan gəncləri günü” elan edildi.

Azərbaycanda Gənclər Günü təsis edildikdən xeyli sonra gənclərin işləri üzrə nazirlərin ümumdünya konfransının (1998-ci il avqustun 8-12-də) tövsiyəsi əsasında BMT Baş Məclisinin 1999-cu il 17 dekabr tarixli qətnaməsi ilə 12 avqust - Beynəlxalq Gənclər Günü elan edildi.

1999-cu il martın 2-də Azərbaycan Gənclərinin İkinci Forumu keçirildi. Forumda çıxışında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şəraitin yaradılması, dövlət orqanlarının diqqətini gənclərin problemlərinin həllinə yönəltməsi istiqamətində dəyərli tövsiyələr verdi, bildirdi ki, XXI əsr gənclərin əsridir.

1999-cu ildə Heydər Əliyev tərəfindən imzalanan dövlət gənclər siyasəti haqqında Fərman bu sahəyə Prezident səviyyəsində böyük önəm verilməsinin təzahürü kimi qiymətləndirilə bilər. "Dövlət gənclər siyasəti haqqında" fərman gənclərin təhsilini, tərbiyəsini, sağlamlığını, intellektual və mənəvi inkişafını, asudə vaxtın təşkili problemlərinin həllini, hüquqların müdafiəsini, respublikanın ictimai-siyasi və mədəni həyatında iştirakını və s. əhatə edir. Fərmana müvafiq olaraq ''Gənclər siyasəti haqqında'' Azərbaycan Respublikasının Qanunu qəbul edildi və 2002-ci il aprelin 9-da imzalandı. Gənclər siysətinin həyata keçirilməsi istiqamətində daha bir qanunvericilik aktı qüvvəyə mindi. Bu da dahi rəhbərin Azərbaycan gəncliyinə ehtiramının, inamının təzahürü oldu...

Böyük tarixi şəxsiyyət Heydər Əliyev deyirdi: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”. Bu kəlam Azərbaycanda gənclər siyasətinin başlıca mahiyyətinin ifadəsi kimi tarixləşib...

 Fevralın 2-si 1994-cü ildən Gənclər Günü kimi qeyd olunur. Gənc nəslin vətənpərvərlik ruhunda daha geniş dünyagörüşə malik olmalarının təmin edilməsi, formalaşması dövlətin gənclər siyasətinin başlıca məqsədidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu siyasəti uğurla davam etdirir. Bunun nəticəsidir ki, çağdaş Azərbaycan gəncləri cəmiyyətin bütün sahələrində nəinki fəallığıyla fərqlənir, həm də dövlət üçün, dövlətçilik üçün gərəkli təşəbbüslərin gerçəkləşməsində israrlıdır.

 Gənclik cəmiyyətin mühüm hissələrindən biridir. Cəmiyyətdə dövlətçilik üçün gərəkli olan bütün proseslərin aparıcı qüvvəsi gənclərdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gənclərə ünvanladığı fikirlər dövlətin gənclər siyasətinin mahiyyətinin ifadəsidir: "Gənclər, mən sizə inanıram, güvənirəm".

Vətən müharibəsi başlayanda minlərlə gənc Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə rayon şöbələrinə müraciət etdi. Bu müraciətlər ayrılıqda da, vəhdətdə də vətənpərvərlik ruhunun Vətənə hesabatı idi. Qismən səfərbərlik elan edildiyinə görə gənclərin hamısının xahişi yerinə yetirilmədi; gənclərin bu niyyəti ordunun şəxsi heyətinin döyüşə sevgisini - döyüş əzmini, qələbə ruhunu kükrətdi. Azərbaycan əsgəri Azərbaycan gəncliyinin "nəfəsini kürəyində hiss etdi". Tarixi Zəfər qazanıldı. Böyük tarixi şəxsiyyət Heydər Əliyevin tövsiyələri ilə formalaşan azərbaycan gəncliyi cənab İlham Əliyevin kəlamları ilə dövlətə, dövlətçiliyə böyük sədaqətlə yaşayır...

Səbinə XASAYEVA

Milli Məclisin deputatı