İsmayıllı bu gün Azərbaycanın regionları arasında özünün inkişaf modeli ilə xüsusi diqqət çəkən rayonlardan biridir. Bu diqqətin əsas səbəbi yalnız həyata keçirilən abadlıq-quruculuq işləri və sosial layihələr deyil, eyni zamanda rayonda formalaşdırılmış effektiv idarəçilik mexanizmləridir. Son illərdə rayonun ictimai-siyasi həyatında müşahidə olunan dinamika göstərir ki, İsmayıllıda dövlət siyasətinin həyata keçirilməsi sistemli, ardıcıl və məsuliyyətli şəkildə təmin olunur. Bu prosesin mərkəzində isə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun fəaliyyəti dayanır.
Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasi kursun əsas istiqamətlərindən biri regionların davamlı inkişafının təmin olunması, yerlərdə vətəndaş məmnunluğunun yüksəldilməsi və dövlət-vətəndaş münasibətlərinin daha da möhkəmləndirilməsidir. İsmayıllıda son illər həyata keçirilən tədbirlər göstərir ki, Rayon İcra Hakimiyyəti bu siyasi xəttə yüksək məsuliyyətlə yanaşır və dövlət başçısının qarşıya qoyduğu vəzifələrin icrasını öz fəaliyyətinin əsas prioriteti hesab edir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Nahid Bağırovu İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edərkən əsas məqsəd kimi vətəndaş məmnunluğunun təmin edilməsini xüsusi vurğulamışdı. Dövlət başçısı həmin görüşdə bildirmişdi ki, insanlar icra hakimiyyətinin fəaliyyətindən razı qalmalıdır və yerlərdə dövlət siyasəti vicdanla icra edilməlidir.
Məhz bu yanaşma bu gün İsmayıllıda formalaşmış idarəçilik modelində aydın şəkildə hiss olunur. Rayonda fəaliyyət göstərən dövlət strukturlarının işində koordinasiya, operativlik və insan amilinə həssas münasibət əsas prinsiplərdən birinə çevrilib. Nahid Bağırovun rəhbərliyi ilə rayon rəhbərliyi yalnız inzibati idarəetmə ilə kifayətlənmir, eyni zamanda sosial problemlərin həllinə, vətəndaş müraciətlərinin çevik araşdırılmasına və əhalinin gündəlik problemlərinin aradan qaldırılmasına xüsusi diqqət yetirir.
Bu baxımdan vətəndaş qəbulları mühüm əhəmiyyət daşıyır. İsmayıllıda həm rayon mərkəzində, həm də kənd və qəsəbələrdə mütəmadi səyyar qəbullar keçirilir. Bu görüşlər formal xarakter daşımır. Sakinlərin problemləri yerində dinlənilir, aidiyyəti qurumlara konkret tapşırıqlar verilir, bir çox məsələlər operativ şəkildə həll olunur. Rayon İcra Hakimiyyətinin rəsmi məlumatlarında da qeyd edilir ki, qəbullar zamanı şəhid ailələrinin, qazilərin və müharibə iştirakçılarının müraciətlərinə xüsusi həssaslıq göstərilir və onlar növbədənkənar qəbul edilirlər. Əslində, bu yanaşma Prezident İlham Əliyevin “məmur xalqın xidmətçisi olmalıdır” prinsipinin yerlərdə uğurlu tətbiqinin göstəricisidir. İsmayıllıda dövlət-vətəndaş münasibətlərində müşahidə olunan sağlam mühit bir daha sübut edir ki, rayonda idarəçilik şəxsi ambisiyalar üzərində deyil, dövlətçilik məsuliyyəti üzərində qurulub.
Nahid Bağırovun fəaliyyətində diqqət çəkən əsas istiqamətlərdən biri də sosial həssas kateqoriyalaraais olan vətəndaşlara göstərilən münasibətdir. Şəhid ailələri, qazilər və müharibə veteranları daim diqqət mərkəzində saxlanılır. Rayon rəhbərliyi tərəfindən onların problemlərinin həlli, sosial məsələlərinin araşdırılması və mənəvi dəstəyin göstərilməsi istiqamətində mütəmadi addımlar atılır. Müxtəlif bayram və anım günlərində şəhid ailələri ilə görüşlərin keçirilməsi, onların qayğılarının dinlənilməsi artıq İsmayıllıda formalaşmış humanist idarəçilik ənənəsinin tərkib hissəsinə çevrilib. Xüsusilə diqqət çəkən məqamlardan biri də odur ki, İsmayıllı Rayon İcra Hakimiyyətində Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili istiqamətində ayrıca strukturun fəaliyyət göstərməsi bu məsələyə verilən önəmin göstəricisidir. Bu yanaşma dövlətin şəhid ailələrinə və qazilərə münasibətdə həyata keçirdiyi siyasətin rayon səviyyəsində sistemli şəkildə davam etdirildiyini göstərir.
Rayonda aparılan abadlıq-quruculuq işləri də son illərdə İsmayıllının simasını əhəmiyyətli dərəcədə dəyişib. Küçə və yolların yenidən qurulması, kəndlərdə infrastruktur layihələrinin həyata keçirilməsi, ictimai məkanların abadlaşdırılması, yaşıllıq zonalarının genişləndirilməsi, sosial obyektlərin təmiri və yenilənməsi rayonda davamlı inkişaf prosesinin mühüm tərkib hissəsinə çevrilib. İsmayıllının turizm potensialının artırılması istiqamətində görülən işlər də rayonun iqtisadi imkanlarının genişlənməsinə mühüm töhfə verir. Bu proseslərin ən mühüm cəhətlərindən biri isə görülən işlərin yalnız vizual görüntü yaratmağa hesablanmamasıdır. Məqsəd insanların yaşayış səviyyəsinin yüksəldilməsi, kəndlərin sosial simasının dəyişdirilməsi və regionda rahat həyat mühitinin formalaşdırılmasıdır. Bu isə dövlət siyasətinin əsas mahiyyətinə tam uyğun gəlir.
İsmayıllıda həyata keçirilən layihələrə diqqət yetirdikdə aydın görünür ki, burada idarəçilik sistemli planlaşdırma əsasında qurulub. Rayonun müxtəlif yaşayış məntəqələrində keçirilən səyyar görüşlər, əhalinin problemlərinin yerində öyrənilməsi, kəndlər üzrə prioritet məsələlərin müəyyənləşdirilməsi nəticəsində problemlərin həlli daha operativ xarakter alır. Bu da nəticə etibarilə vətəndaş məmnunluğunu artırır.
Nahid Bağırovun fəaliyyətində diqqət çəkən mühüm məqamlardan biri də ictimai-siyasi sabitliyin qorunmasına verilən önəmdir. Məlumdur ki, müasir dövrdə regionlarda sağlam ictimai mühitin formalaşdırılması dövlət təhlükəsizliyi baxımından da xüsusi əhəmiyyət daşıyır. İsmayıllıda dövlətçilik prinsiplərinə əsaslanan idarəçilik modeli cəmiyyətlə hakimiyyət arasında qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edir. Bu gün İsmayıllıda müşahidə olunan inkişaf mənzərəsi bir daha təsdiqləyir ki, Prezident İlham Əliyevin regionların inkişafı siyasəti bu ryonda uğurla icra olunur. Dövlət başçısının müəyyən etdiyi strateji hədəflər konkret nəticələrlə müşayiət edilir. Ən vacib məqam isə odur ki, bu fəaliyyətin mərkəzində insan amili dayanır.
Nahid Bağırovun idarəçilik fəaliyyətinə nəzər saldıqda aydın görünür ki, onun üçün əsas prioritet dövlətə sədaqət, Prezident İlham Əliyevin siyasi kursuna bağlılıq və vətəndaş məmnunluğunun təmin edilməsidir. Bu yanaşma isə nəticə etibarilə İsmayıllıda sağlam idarəçilik modelinin formalaşmasına, sosial rifahın yüksəlməsinə və rayonun ümumi inkişaf tempinin sürətlənməsinə xidmət edir.
Bu gün İsmayıllıda həyata keçirilən sosial layihələr, infrastruktur yenilikləri, şəhid ailələri və qazilərə göstərilən diqqət, vətəndaşlarla birbaşa təmasların qurulması onu göstərir ki, rayonda dövlət siyasəti formal hesabatlar üzərində deyil, real fəaliyyət üzərində qurulub. Məhz buna görə də İsmayıllı son illərdə regionların inkişafı baxımından nümunə göstərilən rayonlardan biri kimi diqqəti cəlb edir.
Şübhəsiz ki, dövlət başçısının regionlarla bağlı müəyyən etdiyi strateji xətt gələcək illərdə də İsmayıllıda yeni layihələrin və sosial təşəbbüslərin həyata keçirilməsinə zəmin yaradacaq. Mövcud fəaliyyət istiqamətləri isə onu deməyə əsas verir ki, rayonda əldə olunan nəticələrin əsasında məsuliyyətli idarəçilik, dövlətə sədaqət və xalqa xidmət prinsipləri dayanır.
Ədil Ədilzadə
Sabahinfo.az
Bakı-İsmayıllı-Bakı