İsmayıllıda sakinlər yeni mənzillə təmin edildi

İsmayıllı rayonunda yeni evlər sakinlərin istifadəsinə verilib. Bu mənzillər şəhərin Xurşidbanu Natavan küçəsində yeni tikilmiş binada yerləşir. Bina Prezident İlham Əliyevin 2018-ci ildə imzaladığı müvafiq Sərəncam əsasında inşa edilmişdir. Bura şəhərin Mübariz Orucov küçəsində yerləşən, bir mərtəbəli çox mənzilli dörd bina, Heydər Əliyev prospektində isə iki mərtəbəli çox mənzilli üç bina olmaqla ötən əsrin ortalarında tikilmiş, istismar müddətini başa vurmuş binalarda yaşayan sakinlərin köçürülməsi üçün nəzərdə tutulmuşdur.

Bu münasibətlə pandemiya qaydalarına uyğun keçirilən tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı sakinləri əlamətdar hadisə münasibətilə təbrik edərək onlara ən xoş arzularını çatdırıb. Rayon rəhbəri qeyd edib ki, Prezident İlham Əliyev yüksək humanistlik göstərərək, nəinki imtiyazlı şəxslərin, habelə sadə vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması onların qayğısına qalır.

Yeni binanın sakinləri şəraitsiz evlərinin əvəzində bütün kommunal xidmətlərlə əhatə olunmuş yaraşıqlı mənzillərlə təmin olunduqlarına, onlara təqdim edilən bu gözəl hədiyyəyə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Daha sonra yeni mənzillərin açarları öz sahiblərinə təqdim edilib. Onların köçürülməsinə başlanılıb.

Hazırda pandemiyanın dünya iqtisadiyyatına vurduğu ziyana, ölkəmizin vətən müharibəsindən yeni çıxmasına baxmayaraq əvvəldən nəzərdə tutulmuş abadlıq-quruculuq işləri və layihələr plana uyğun davam edir. Bunlar dövlətimizin və iqtisadiyyatımızın güclü olmasının bir daha sübutudur.

Məlumat üçün bildiririk ki, 2019-cu ildə tikintisi başa çatan bina 48 mənzilli olmaqla, 5 ədəd 1 otaqlı, 35 ədəd 2 otaqlı və 8 ədəd 3 otaqlı mənzildən ibarətdir. İki blokdan ibarət olan binaya köçürülən sakinlərə əvvəlki yaşadıqları mənzillərin kvadratmetrindən çox sahə verilib. Evlər tam təmirli, işıq, qaz, su və telefon xətti ilə təmin edilib.

Yaşayış binasına köçürülməsi nəzərdə tutulan sakinlər mövcud pandemiya qaydalarına uyğun olaraq püşkatma yolu ilə hansı mənzilə sahib olduqlarının seçimini ediblər.

Əlavə qeyd edirik ki, bina İsmayıllı Rayon İcra Hakimiyyətinin sifarişi ilə, “İsmayıllı Tikinti-27” ASC tərəfindən inşa edilib.