İyulun 31-də Azərbaycanda isti hava şəraiti davam edəcək. Bəzi rayonlarda temperaturun 38 dərəcəyə yüksələcəyi, dağlıq və dağətəyi ərazilərdə isə qısamüddətli yağış yağacağı ehtimal olunur.
Sabahinfo.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gün ərzində şimal-şərq küləyi ilə əvəz olunacaq.
Paytaxtda havanın temperaturu gecə 22-25 dərəcə, gündüz isə 29-33 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75 faiz, gündüz 50-55 faiz təşkil edəcək.
Ölkənin rayonlarında da əsasən yağmursuz hava müşahidə olunacaq. Lakin gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış, şimşək çaxması ehtimalı var. Ayrı-ayrı yüksək dağlıq ərazilərdə duman olacağı gözlənilir.
Rayonlarda temperatur gecə 22-27 dərəcə, gündüz 34-38 dərəcə, dağlıq ərazilərdə isə gecə 15-20 dərəcə, gündüz 23-28 dərəcə isti olacaq.