Kəlbəcər Şərqi Zəngəzur bölgəsinin əsas iqtisadi zonasına çevriləcək

Məşhur Məmmədov,
Milli Məclisin deputatı


Bu gün Kəlbəcərin işğaldan azad edilməsindən 1 il ötür. Kəlbəcərin işğaldan azad edilməsi həm də cənab Prezident İlham Əliyevin diplomatiyada qələbəsi kimi tarixə düşüb. Çünki çətin relyefi olan, dağlarının başı qarlı Kəlbəcəri igidlərimizin qanını tökmədən, analarımızı gözü yaşlı qoymadan erməni işğalçılarından təmizləmişik. Uzaqgörən, diplomatik rəhbərimiz Kəlbəcəri bizə itkisiz qaytarıb.
Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Bəyanat imzalandı.
Bəyanatın 6-cı bəndinə əsasən, Kəlbəcər rayonu Azərbaycana qaytarılıb. Bəyanatda Kəlbəcərin noyabrın 15-dək qaytarılması nəzərdə tutulsa da, ermənilər rayonu boşaltmaq üçün Rusiya vasitəsilə Azərbaycandan 10 gün vaxt istəyib. 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana qaytarılıb.
Beləliklə, Kəlbəcərin 27 illik işğalına son qoyulub.
Təəssüf ki, 10 gün möhlət müddətində ermənilər barbarlıq ənənələrinə sadiq qalıb Kəlbəcərdə dağıntılar törətdi, məğlubiyyətləri ilə barışmayıb rayonu tərk edərkən evləri, binaları, tikililəri talan etdi, yandırdı, ağacları qırıb, ekoloji terrora əl atdılar. Bütün bunlar azmış kimi Kəlbəcəri tərk etməzdən əvvəl rayonunun müxtəlif ərazilərində, yol keçidlərində piyada və tank əleyhinə minalar basdırıblar.
Kəlbəcərin işğaldan azad edilməsindən bir il ötsə də, az müddətdə rayonda böyük infrastruktur layihələr həyata keçirilib.
Dövlət başçısının birbaşa nəzarəti və rəhbərliyi altında həyata keçirilən infrastruktur layihələr Kəlbəcərin Azərbaycan iqtisadiyyatına tez bir zamanda inteqrasiya olacağından xəbər verir.
Prezident İlham Əliyevin iqtisadi rayonların yeni bölgüsü haqqında imzaladığı fərmana əsasən, Kəlbəcər Şərqi Zəngəzur iqtisadi rayonunun tərkibinə daxildir və coğrafi baxımdan düzgün olan bu bölgü həm də ona imkan verəcək ki, rayonun iqtisadi potensialı daha dəqiq qiymətləndirilsin və sərmayələr buna uyğun yatırılsın. Kəlbəcər Şərqi Zəngəzur bölgəsinin əsas iqtisadi istinadı, gücü olacaq.
Yuxarıda dediyim kimi, relyefi çətindir, hava şəraiti əlverişsizdir. Amma buna baxmayaraq elektriklə təmin olunub, yollar çəkilir. Kəlbəcərin isti suları Yaradanın bizlərə hədiyyəsidir. Tezliklə İsti-Su sanatoriyaları nəinki ölkə vətəndaşlarına, əlaqələri genişlənməkdə olan turizm sektoru sayəsində bütün dünyaya səs salacaq, hamı bu şəfaverici sulardan bəhrələnməyə çalışacaq.
Kəlbəcər bizim üçün yeraltı və yerüstü sərvətləri ilə zəngin əvəzolunmaz ərazidir. Elə buna görə də Kəlbəcərin işğaldan azad edilməsi şərəfinə Azərbaycan Respublikasında “Kəlbəcərin azad olunmasına görə” medalı təsis olunub.
Kəlbəcər təbii və zəngin sərvətləri sayəsində tezliklə Azərbaycan iqtisadiyyatında əvəzolunmaz yerə sahib olacaq. Azərbaycanın Ermənistanla sərhədboyu ən uzun məsafəyə - 136 kilometrlik sərhəd xəttinə malik Kəlbəcərdə üçrəngli bayrağımızın dalğalanmasının həm də böyük rəmzi mənası, mühüm strateji əhəmiyyəti var.
Kəlbəcərdə qeyri-neft sektorunu inkişaf etdirmək üçün yüksək potensial mövcuddur.
Hazırda Kəlbəcərdə iqtisadiyyatın bütün sahələrinin, o cümlədən turizmin inkişafı üçün infrastruktur layihələri üzərində iş aparılır. Turizm potensialının artırılması və gələcəkdə turistlərin Kəlbəcərin şəhər və kəndlərinə, dağlarına əlçatanlığının təmin edilməsi üçün nəqliyyat xətləri genişləndirilir. Toğanalı - Kəlbəcər yolunun hazırlanması üzrə tikinti işləri aparılması buna sübutdur. Toğanalı - Kəlbəcər yoluna alternativ və daha əlçatan yolun hazırlanması üzrə Göygöl-Kəlbəcər tunel yolunun hazırlanması işləri də sürətlə həyata keçirilir. Bununla yanaşı, Şərqi Zəngəzur iqtisadi rayonu ilə digər bölgələr arasında müvafiq yol əlaqələrinin qurulması turizm imkanlarının artırılmasına xidmət edəcəkdir. Layihələndirilən Kəlbəcər-Qorçu (Laçın) yolu Qorçu Hava Limanına gediş-gəlişin təmin olunmasına şərait yaradacaq. Daxili yol infrastrukturunun artırılması ilə bağlı Kəlbəcər-Zülfüqarlı-Laçın yolu istiqamətində rahatlığın təmin olunması məqsədilə tunel yollarının tikintisi nəzərdə tutulmuşdur.
Sevindirici haldır ki, Yuxarı İstisu-Minkənd və Alagöllər istiqamətində yeni çəkilmiş yüksəksəviyyəli geniş avtomobil yolları ilə nəqliyyat vasitələrinin hərəkəti təmin edilmişdir. Yol xətlərinin çəkilişi turizm koridorunun formalaşmasına, həmin koridor üzərində isə turizm klasterlərinin yaranmasına əlverişli şərait yaradacaq. Yol infrastrukturundan əlavə olaraq, Kəlbəcər rayonunun enerji təminatının həyata keçirilməsi məqsədilə 110/35/10 kilovatlıq elektrik yarımstansiyaların və su-elektrik stansiyalarının tikintisi icra olunmaqdadır. Eyni zamanda su və kanalizasiya, rabitə və qaz təchizatının təmin edilməsi üzrə layihələrin icrasına başlanılacaqdır.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti hazırda Dəliməmmədli-Murov-Kəlbəcər istiqamətində Murovdan çəkiləcək tuneldən keçmək şərti ilə ilkin layihə üzərində iş aparır. Bu konseptual plan-layihə bölgənin turizm potensialının inkişafına xidmət etməklə yanaşı, həm də iqtisadi-ticarət imkanlarının genişlənməsinə, sərnişindaşımaya mühüm töhfə verəcək.
İnanırıq ki, möhtərəm Prezidentin göstərişləri əsasında yaxın gələcəkdə mülki, turizm və hərbi strategiya da nəzərə alınmaqla, Kəlbəcər rayonu ərazisində də müvafiq tutumlu təyyarələr üçün beynəlxalq hava limanı tikintisi həyata keçiriləcək. Buna böyük zərurət var.