"Kukla teatrı həmişə bəxti gətirən bir teatr olub"-MÜSAHİBƏ

Bu il milli kukla sənətimizin təşəkkülündə, kuklaçılıq ənənlərinin formalaşması və inkişafında müstəsna yeri olan Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının 90 yaşı tamam olur.

Bu münasibətlə AZƏRTAC-ın müxbiri teatrın direktoru, Əməkdar mədəniyyət işçisi, Beynəlxalq Kukla Teatrları Assosiasiyasının (UNİMA) Milli Mərkəzinin direktoru Rəşad Əhmədzadə ilə həmsöhbət olub. Söhbət zamanı teatrın 90 illik fəaliyyəti dövrünə nəzər yetirilib, kukla tamaşalarının uşaqların həyata baxışlarında, tərbiyəsində təsiri məsələlərinə toxunulub.

-Rəşad müəllim, əvvəlcə Kukla Teatrının yarandığı tarixə, keçdiyi yola nəzər yetirmək məqsədəuyğun olardı.

-Məlumdur ki, bünövrəsi olmayan hansısa bir sahəni yaratmaq çox çətindir. Bu mənada 1931-ci ildə Molla Ağa Bəbirli tərəfindən yaradılan Kukla Teatrı da çətin və imkansız bir şəraitdə qurulub. Həmin vaxtlarda Molla Ağa Bəbirli mədəni mühitdə tanınmış aktyor idi. Məlumat üçün deyim ki, Molla Ağa Bəbirli Məşədi İbad filmində hamamçını oynayan aktyordur. Teatrı yaratdıqdan bir neçə il sonra o, Sankt-Peterburq şəhərinə gedib, kuklaların mexanikası, onların ölçüləri barədə məlumat toplayıb. Azərbaycana qayıtdıqdan sonra da səhnələşdirdiyi ilk tamaşa “Sirk” olub. Tamaşada özü düzəltdiyi marionet kuklalardan istifadə edib. Həmin dövrdə teatr səyyar fəaliyyət göstərirdi. 90 illik tarixə nəzər salsaq, görərik ki, teatrımız Azərbaycan Gənc Tamaşaçılar Teatrı və Azərbaycan Dövlət Filarmoniyasının nəzdində fəaliyyət göstərən teatr kimi fəaliyyət göstərib. 1964-cü il aprelin 15-də teatra “Dövlət” statusu verilib. 1975-ci ildən isə burada böyüklər üçün də tamaşalar göstərilir. Azərbaycan və rus bölmələri üzrə fəaliyyət göstərən teatrda bu vaxta qədər yüzlərlə tamaşa hazırlanıb. Hazırda teatrımız Rusiyada fəaliyyət göstərən V.Obraztsov adına Rusiya Dövlət Akademik Mərkəzi Kukla Teatrı ilə müştərək əməkdaşlığını bu gün də davam etdirir.

-Yarandığı dövrdə teatra münasibət birmənalı deyildi. Bəs o vaxtlar cəmiyyət Kukla Teatrını necə qarşılamışdı?

-Deyim ki, Kukla teatrı həmişə bəxti gətirən bir teatr olub. Başqa teatrlar yada düşməyəndə bizim teatra hər zaman maraq olub. Çünki yarandığı ilk gündən teatr təkcə uşaqlar üçün deyil, həm də böyüklər üçün nəzərdə tutulmuşdu. Teatrın truppası sovxoz və kolxozlara gedib zəhmətkeşlər qarşısında tamaşalar nümayiş etdirirdi. Kukla teatrı estetikası bizə xalq ayin və oyunlarından gəlir. Xalqın belə tamaşalara xüsusilə ehtiyacı vardı. Qədim dövrlərdə insanlar müxtəlif əşyalardan kuklalar düzəldir və onlardan özləri üçün tamaşalar hazırlayırdılar. Molla Ağa Bəbirli bu oyun-tamaşaları professional səhnə səviyyəsinə qaldırdı. Onu da qeyd edim ki, Kukla Teatrına yalnız Azərbaycanda uşaq teatrı kimi baxılır. Bizdən fərqli olaraq Rusiyada bu teatra həm də böyüklər üçün nəzərdə tutulan bir teatr kimi baxırlar. Buna görə də çalışırıq ki, hazırladığımız tamaşalar yalnız azyaşlılar deyil, bütün yaş kateqoriyasındakı teatrsevərlər üçün maraqlı və baxımlı olsun.

Teatr uşaqların dünyagörüşünün formalaşmasına, tərbiyəsinə necə təsir göstərir?

-Heç kimə sirr deyil ki, uşaqların mənəvi-estetik zövqünün formalaşmasında, vətənpərvər, humanist nəsil kimi yetişməsində teatrın böyük rolu var. Vətənə, anaya sevgidən, təbiətə diqqət və qayğıya qədər vacib saydığımız bütün nüanslar kukla tamaşalarının əsas qayəsini təşkil edir. Teatr sehrli bir aləmdən uşaqların saf, məsum düşüncələrinə nüfuz edə bilir. Yəni uşaqlarda teatra sevgi yarandıqca, məlumdur ki, onlar böyüyəndən sonra digər teatrlara da gedəcəklər. Burada əməkdaşlarımızın da üzərinə çox böyük məsuliyyət düşür. Uşaq teatra gələndə necə qarşılanırsa, onun yaddaşına elə də həkk olunur. Onun gələcəkdə teatrı sevməsi məhz o münasibətdən asılıdır. Uşaqlar istənilən yaxşı tamaşaya, yeni mövzulara, yaradıcı təxəyyülə asanlıqla meyil göstərirlər, yaxşını pisdən ustalıqla, qəribə bir fəhmlə ayıra bilirlər. Əslində övladlarını tamaşaya gətirən valideynlər daha çox diqqətli olmalıdırlar. Təəssüflər olsun ki, onlar teatrın repertuarı ilə tanış deyil, tamaşaları tanımırlar və nağıllarımızı yeni formatda hazırladığımızdan xəbərləri yoxdur. Misal üçün, “Qoğalın nağılında” axırda qoğalı yeyirlərsə, bizim versiyada o, qəhrəman obraz olduğu üçün onu diri saxlayırıq. Çünki, qəhrəmanları uşaqlara elə təqdim etmək lazımdır ki, onlar belə obrazlardan ibrət götürsünlər. Onu da deyim ki, kukla səhnəsinin öz meyarları var və biz bunu xüsusilə diqqətdə saxlayırıq. Səhnədə ölüm, qorxu, qan-qada, eləcə də əxlaqi kontekstdə heç bir birbaşa və ya sətiraltı mətləb ötürülə bilməz. Unutmaq olmaz ki, teatr, xüsusən uşaqların səhnəsi ən başlıcası təlim-tərbiyə yeridir.

-Teatrınızın nəzdində teatr studiyaları da mövcuddur və bu barədə hansı işlər, layihələr həyata keçirilib?

-Teatrımızın nəzdində teatr studiyaları – istedadlı uşaqlardan ibarət “Oyuq”, fiziki imkanları məhdud olan həvəskarlardan təşkil olunmuş “Küllücə”, eləcə də peşəkar aktyor və fiziki imkanları məhdud yuxarı yaş qrupu həvəskarlardan ibarət inklüziv teatr kimi uğurla çalışan “Oyun” teatrı fəaliyyət göstərir. Onlar da daim yeni-yeni sosial-mədəni aksiyalar – videoçarxlar, kliplər, canlı yayım formatlı monotamaşalar vasitəsilə öz izləyicilərinə ismarıclarını çatdırmağa çalışırlar. Pandemiya dönəmində də bu aktiv proses davam etdi. Bir müsabiqə baş tutdu, ardınca vətənpərvərlik mövzusunda “Qarabağ Azərbaycandır” şüarı altında iki klip və iki videoçarx hazırlandı.

-Pandemiya dövründə teatrın fəaliyyəti necə qurulmuşdu, bu barədə də danışardınız.

-Ötən il mart ayında pandemiya başlayanda bütün teatrlar, o cümlədən Kukla Teatrı tamaşa zallarının qapılarını bağlamalı oldular. Ancaq teatrımızın təşəbbüsü ilə Mədəniyyət kanalı vasitəsilə repertuarımızda olan 27 tamaşadan 6-sı çəkildi və ilk olaraq həmin kanalda göstərildi. Sonradan biz fəaliyyətimizi genişləndirərək televiziya vasitəsilə ustad dərslərin keçirilməsini təşkil etdik. Bizim aktyor və rejissorlarımız müəyyən saatlarda uşaqlara tamaşalar haqqında məlumat verib, onların səhnəarxası özəlliklərini izah ediblər. Həmçinin uşaqlar arasında pandemiya ilə bağlı bir nağıl müsabiqəsi də keçirdik. İndi qalib gələn nağılı pandemiya bitəndən sonra səhnələşdirməyi düşünürük. Bundan əlavə, hər ay internet səhifəmizdə aylıq repertuarlarımızı təqdim edirik və “YouTube”, “Facebook” profillərimizlə tamaşalarımızı yayımlayırıq.

Maraqlı məqamlardan biri də o idi ki, pandemiya dövründə biz Vətən müharibəsində işğal olunmuş torpaqlarımızı erməni tapdağından azad etdik. Bütöv bir nəslin ləyaqəti, qeyrəti özünə qayıtdı. Şəhidlərimizin də ruhu şad oldu. Bütün dünya xalqımızın qəhrəmanlığını, dövlətimizin qüdrətini, ordumuzun yenilməzliyini gördü. Bu, hər birimiz üçün, xüsusən də yaradıcı insanlar üçün unudulmaz məqamdır. Qeyd edim ki, teatrlar arasında ilk olaraq məhz biz Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edərək öz vətəndaşlıq borcumuzu az da olsa yerinə yetirməyə çalışdıq. Yəni pandemiya şəraitində istər teatr səhələrindəki boşluğu doldurmağa, həm də dövlətimizin yanında olduğumuzu göstərməyə çalışdıq. Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna, “YAŞAT” Fonduna da müəyyən miqdarda vəsait köçürməklə qəhrəman Vətən oğullarına sevgi və ehtiramımızı bildirməyə çalışdıq. Onu da qeyd edim ki, teatrımız bu çətin vaxtlarda ruhdan düşmədi, fəaliyyətini bir qədər əvvəldə qeyd etdiyimiz kimi davam etdirdi. Bu gün biz yeni layihələr üzərində işləyirik, yaxın gələcəkdə yeni tamaşalar hazırlayacağıq. Uşaqlar bizim gələcək davamçılarımızdır. Biz onları vətənpərvərlik ruhunda tərbiyə etməyə borcluyuq.