Bəzi tarixlər var ki, onlar yalnız keçmişi xatırlatmır, həm də bu günümüzlə bağlı qarşımıza mühüm vəzifələr qoyur. 18 Oktyabr Azərbaycan üçün məhz belə bir tarixdir. Xüsusilə bu, həmin tarixi prosesləri canı ilə, qanı ilə, bütün varlığı ilə yaşayanlar üçün əlahiddə məna kəsb edir. Çünki onlar (oxu: bizim nəsil) müstəqilliyin yalnız bir tarixi sənədlə elan olunmadığını, onun arxasında nə qədər ümidin, narahatlığın, mübarizənin və gələcəyə inamın dayandığını öz həyat təcrübələrindən bilirlər. Onlar dünənlə bu günü yalnız tarix kitablarından deyil, şəxsi xatirələrindən, yaşadıqları hadisələrdən və şahidi olduqları dəyişikliklərdən çıxış edərək müqayisə edirlər. Məhz buna görə həmin nəsil üçün müstəqillik sadəcə bayram edilən bir tarix deyil, zamanın sınağından keçmiş şəxsi yaddaş, yaşanmış təcrübə və xüsusi mənəvi dəyərdir.
Azərbaycanın
müstəqillik tarixi bizə mühüm bir həqiqəti xatırladır: dövlətçilik yalnız
keçmişlə fəxr etmək deyil, həmin irsi gələcəyə daşımaq bacarığıdır. 1918-ci ildə
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması milli dövlətçilik iradəsinin ifadəsi
idi. 1991-ci ildə müstəqilliyin bərpası isə həmin irsin yeni tarixi şəraitdə
davam etdirilməsi demək idi. Başqa sözlə, bir nəsil müstəqilliyi arzulayıb, bir nəsil onun bərpasına şahid olub,
sonrakı nəsillər isə onun dəyərini anlayaraq gələcəyə daşımalıdır.
18 Oktyabr 1991-ci ildə
"Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya
Aktı"nın qəbul edilməsi təkcə hüquqi bir sənədin imzalanması deyil, XX əsrin
əvvəlində yarımçıq qalmış tarixi ədalətin və milli ideyanın bərpasıdır.Lakin bu
günün mahiyyətini yalnız 1991-ci ilin mürəkkəb siyasi mənzərəsi ilə məhdudlaşdırmaq,
keçən üç onillikdən artıq müddətdə qət edilən böyük yolu diqqətə almamaq yanlış
olardı.
Bəs keçən bu otuz beş illik
müddət ərzində 18 oktyabrdan başlayan tarix bu gün həm bir dövlət olaraq, həm
bir toplum olaraq, həm də fərd olaraq düşüncələrimzdə, davarnışımızda hansı dəyişiklərlə,
yeniliklərlə, münasibətlərlə müşaiət olunur, hansı uğurlara nail olunub?
Bu gün biz müstəqil dövlətə
sahib olmağın və bu müstəqilliyin qarşısında hər birimizin məsuliyyətini dərk
edirikmi?. Otuz beş ilə əvvəl qəbul edilmiş Konstitusiya Aktı Azərbaycanın dövlət
müstəqilliyini hüquqi cəhətdən bərpa etdi, 1918-ci ildə yaradılmış Azərbaycan
Xalq Cümhuriyyətinin varisliyi prinsipini təsbit etdi. Lakin müstəqilliyin
hüquqi sənəddə təsdiqlənməsi ilə onu real siyasi, iqtisadi və mənəvi gücə
çevirmək arasında böyük məsafə, böyük zəhmət, fədakarlıq var idi. Azərbaycanın
sonrakı tarixi bu məsafənin nə qədər çətin sınaqlardan keçərək qət edildiyini
göstərdi.
Tarixən bir çox dövlətlər müstəqillik
elan etsələr də, uzun illər ərazi bütövlüyünü və suverenliyini tam təmin edə
bilmirlər. Azərbaycanın son illərdə əldə etdiyi hərbi-siyasi nəticələr və ərazi
bütövlüyünün, ardınca dövlət suverenliyinin tam bərpası ilə müstəqillik
tariximizin mühüm keyfiyyətcə yeni bir mərhələsinə qədəm qoyduq. Artıq müstəqilliyimiz
"dondurulmuş münaqişə" və ya "ərazi itkisi" kölgəsində
deyil, tam suverenlik və güclü dövlət institutu zəminində qeyd olunur. Bu,
1991-ci ildə qarşıya qoyulan tarixi missiyanın tam başa çatdırılması deməkdir.
Müasir dünyada kiçik və orta
dövlətlər üçün tam müstəqil xarici siyasət yürütmək ən çətin tapşırıqlardan
olduğu dövrdə, Azərbaycanın müstəqilliyin əsl göstəricilərindən biri də, bloklara
qoşulmamaq, regional əməkdaşlıq formatlarının təşəbbüskarı olmaq və eyni
zamanda qlobal təşkilatlara müvəffəqiyyətlə sədrlik etmək bacarığı, bərabərhüquqlu
beynəlxalq tərəfdaşlıq platformalarında öz milli maraqlarını diktə edə bilmək
qabiliyyətidir.
Müstəqillikdən danışarkən, adətən müqəddəs dövlət
bayrağımız, gerbimiz, sərhədlərimiz, ordumuz, beynəlxalq səviyyədə təmsil
olmağımız və siyasi suverenliyimiz yadımıza düşür. Bunlar dövlətçiliyin
fundamental atributlarıdır. Ancaq müstəqilliyin daha az danışılan tərəfi, yəni
görünməyən tərəfi də var: cəmiyyətin sərbəst düşünmək, öz problemlərini müstəqil
həll etmək, qərarlarına, vəzifələrinə məsuliyyətlə yanaşmaq və gələcəyini haradasa
ölkə hüdudlarından kənarda müəyyənləşdirilən qəliblərə, standartlara
uyğunlaşdırmamaq bacarığı və s.
Bu gün müstəqilliyin əsas
sınaqlarından biri onun nəticələrinin hər bir vətəndaşın həyatında hiss
olunmasıdır. Güclü dövlət yalnız beynəlxalq müstəvidə söz sahibi olan dövlət
deyil, həm də vətəndaşının təhlükəsizliyini, hüquqlarını, layiqli həyat imkanlarını
və gələcəyə inamını təmin etməyə çalışan dövlətdir. Buna görə də müstəqilliyin
möhkəmliyi yalnız siyasi institutlarla deyil, eyni zamanda təhsilin keyfiyyəti,
hüquq mədəniyyəti, ictimai məsuliyyət və milli özünüdərk səviyyəsi ilə ölçülür.
Bu mənada müstəqilliyin qorunması yalnız sərhədlərdə deyil, məktəblərdə,
universitetlərdə, ailələrdə, dövlət qurumlarında və ictimai münasibətlərdə də
davam edən prosesdir.
18 Oktyabrın əsl mənası da məhz
buradadır. Müstəqillik bizə tarixi seçim hüququ qazandırıb. İndi isə həmin
seçimin məsuliyyətini daşımaq, dövlətimizi daha güclü, cəmiyyətimizi daha
savadlı, hüquq mədəniyyətimizi daha yüksək və gələcəyimizi daha etibarlı etmək
bizim üzərimizə düşür.
Vətənpərvərlik yalnız əlamətdar
günlərdə pafosla səsləndirilən şüarlar, təmtəraqlı tədbirlər, gurultulu
çııxışlar və s. deyil. O, insanın öz işinə məsuliyyətlə yanaşmasında, cəmiyyətin
probleminə biganə qalmamasında, milli adət-ənənələri, dəyərləri qorumaqda, gənclərin
təhsilində, elm öyrənməsində, sahibkarın qanuni fəaliyyətində, məmurun vəzifəsini
vicdanla yerinə yetirməsində, insanların hüquqlarına, ləyaqətinə və qanun
qarşısında bərabərliyinə hörmətdə də və s. təzahür edir. Müstəqilliyə həqiqi
bağlılıq ölkənin inkişafına hər kəsin öz sahəsində verdiyi töhfə ilə ölçülür.
Müstəqillik bizə miras qalan
bir tarix, bir müqəddəs dəyər olmaqla yanaşı, bu yeni düşüncə, davranış tərzi, hər
gün məsuliyyətlə yerinə yetirməli olduğumuz vəzifələr, əsas da doğrultmalı
olduğumuz etimaddır. Onu qorumaq keçmişə sədaqət, inkişaf etdirmək isə gələcək
nəsillər qarşısında borcumuzdur.
18 Oktyabr — Müstəqilliyin Bərpası
Günü təkcə keçmişə minnətdarlıq günü deyil, həm də gələcəyə baxış, dövlətçilik
məsuliyyətinin yenidən dərk edilməsi günüdür. Müstəqilliyi elan etmək tarixi
fürsət idisə, onu qorumaq, möhkəmləndirmək və gələcək nəsillərə daha güclü, şəffaf
və rəqabətədavamlı dövlət kimi təhvil vermək hər birimizin mənəvi borcudur.
Siyasi şərhçi
Əhməd N. Abbasbəyli