Müstəqilliyimizin 107-ci ildönümü qeyd olundu

28 May – Müstəqillik Günü münasibətilə Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası və Mahmud Kaşqari adına Beynəlxalq Fondu ilə birgə tədbir keçirib. 

Tədbir iştirakçıları cümhuriyyət qurucularının, Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən Vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

Tədbiri giriş sözü ilə Yasamal rayon MKS-inin direktoru, Fəxri mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru Lətifə Məmmədova açaraq tədbir iştirakçılarını Müstəqillik Günü münasibəti ilə təbrik edərək vurğuladı ki, yola saldığımız XX əsr tarixə təkcə elm və texnika əsri kimi deyil, həm də milli dirçəliş, müstəmləkə imperiyalarının dağılması, milli dövlətlərin  yaranması əsri kimi düşdü. O, Məhəmməd Əmin Rəsulzadənin ideyaları əsasında yaradılan Azərbaycan Demokratik Respublikası Türk və İslam dünyasında ilk parlamentli respublika, ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi olduğunu bildirdi, müstəqil Azərbaycan Xalq Cümhuriyyəti qısa ömründə böyuk nailiyyətlər və qalibiyyətlər əldə etdiyini vurğuladı. O qeyd etdi ki, Ulu Ondərimiz Heydər Əliyevin AXC-nin 80 illik yubileyində  çıxışı siyasi tariximizə qızıl hərflərlə yazıldı.

Milli Məclisin deputatı, Mahmud Kaşqari adına Beynəlxalq Fondun prezidenti Cavanşir Feyziyev çıxış edərək müstəqilliyini bərpa etdikdən sonra hər il bu bayramın ölkəmizdə böyük təntənə ilə qeyd olunduğunu bildirdi. Keçirilən tədbirlərdə cümhuriyyət dövrünə bir daha nəzər salındığını, bu mühüm tarixi və ictimai-siyasi hadisənin milli yaddaşda yeri və rolunun ətraflı təhlil edildiyini, dövlət quruculuğu təcrübəsi baxımından hərtərəfli öyrənildiyini vurğuladı. Millət vəkili Azərbaycan Xalq Cümhuriyyətinin Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi olduğunu və cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlərin müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi nöqteyi-nəzərindən böyük əhəmiyyət kəsb etdiyini qeyd etdi.

Yazıçı-publisist, politoloq Reyhan Mirzəzadə, şair, yazıçı-publisist Gülzar İbrahimova, filologiya elmləri doktoru Esmira Fuad, Özbəkistandan gələn qonaqlar – Əlişir Nəvai adına Özbəkistan Dövlət Universitetinin professoru Gülbahor Ashurova, Özbəkistan Dövlət Pedaqoji İnstitutun professoru Dilorom Adilova, Özbəkistan Yazıçılar Birliyinin sədr müavini Gayrat Majid tədbirdə çıxış edərək, cəmi 23 ay yaşayan cümhuriyyətinin türk toplumlarının istiqlal məfkurəsində dərin iz buraxmasından bəhs etdilər. Çıxışlarda qeyd olundu ki, 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyəti qədim və zəngin dövlətçilik tarixinə və ənənələrinə malik Azərbaycanın XX əsr tarixində böyük hadisə olmuşdur. 23 ay mövcud olmasına baxmayaraq Məhəmməd Əmin Rəsulzadə və silahdaşlarının qurduğu cümhuriyyət Azərbaycan xalqının gələcək taleyini müəyyənləşdirib və bu səbəbdən tarixdə əbədi yaşayacaq. Çıxışlarda AXC-nin mövcud olduğu 23 ay ərzinə həyata keçirdiyi islahatlar və gördüyü işlərə nəzər salınıb, həmçinin cümhuriyyət qurucularının sonrakı taleyi haqqında məlumat verilib. Bildirilib ki, 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan, Azərbaycan Xalq Cümhuriyyətinin layiqli varisidir, onun bütün demokratik ənənələrinə sadiqdir və bu ənənələri yaşadır. 7 il öncə Prezident İlham Əliyevin Sərəncamı ilə 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi də AXC-nin Azərbaycanın dövlətçilik tarixindəki yerinə və roluna verilən böyük önəmin ifadəsidir. Bu gün biz AXC-nin 107-ci ildönümünü qalib və məğrur xalq kimi böyük qürur və fəxarətlə qeyd edirik.

Ali məktəb tələbələri Bəxtiyar Vahabzadənin “Bayraq”, Zəlimxan Yaqubun "Məhəmməd Əmin kişi" şeirlərini səsləndirdilər.

Tədbir iştirakçıları  Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunmuş videoçarxı izlədilər, “İstiqlalımız əbədidir” adlı kitab sərgisinə baxdılar. Azərbaycan Xalq Cumhuriyyətinin şərəfinə qoyulmuş abidə və Məhəmməd Əmin Rəsulzadənin büstü ziyarət edildi.