Naxçıvanda ilk "Fermer" İstehsal-İstehlak Qadın Kooperativinin təqdimatı keçirildi

15 iyul 2026-cı il tarixində Naxçıvan Muxtar Respublikasında "Aqrosahibkar Qadınlarla İş" Layihəsi çərçivəsində yaradılmış "Fermer" İstehsal-İstehlak Qadın Kooperativinin təqdimat mərasimi keçirilib.

Layihənin koordinatoru Gülbəniz Qənbərova bildirib ki, kooperativ Naxçıvanda kənd qadınlarının iqtisadi imkanlarının genişləndirilməsi, onların istehsal potensialının birləşdirilməsi və bazar əlaqələrinin gücləndirilməsi məqsədilə yaradılıb.

Hazırda kooperativ 32 qadın aqrosahibkarı öz ətrafında birləşdirir. Üzvlər Sədərək, Culfa, Ordubad, Babək və Şərur rayonlarını təmsil edir və kənd təsərrüfatının müxtəlif istiqamətlərində uzun illərin təcrübəsinə malikdirlər.

Kooperativ üzvləri heyvandarlıq, taxılçılıq, bağçılıq, meyvəqurutma, quşçuluq, çörəkbişirmə və şirniyyat istehsalı sahələrində fəaliyyət göstərərək yüksək keyfiyyətli məhsullar istehsal edir və Naxçıvanın kənd təsərrüfatının inkişafına mühüm töhfə verirlər.

"Fermer" Qadın Kooperativi Naxçıvanın müxtəlif rayonlarında fəaliyyət göstərən qadın aqrosahibkarların istehsal etdikləri məhsulların tədarükünü, əlaqələndirilməsini və satışını təşkil edir. Hazırda kooperativ tərəfindən istehsal olunan 100-dən artıq çeşiddə məhsul yerli bazarlarda, eləcə də qardaş Türkiyənin İğdır vilayətində satışa çıxarılır.

Lakin kooperativin hələlik özünəməxsus ticarət brendinin olmaması səbəbindən bu məhsullar başqa şirkətlərin markaları altında istehlakçılara təqdim edilir. Bu isə məhsulların əlavə bazar dəyərinin və gəlirlərinin qadın istehsalçılar tərəfindən tam əldə edilməsinə mane olur.

İnaqurasiya mərasiminin əsas məqsədi yeni yaradılmış kooperativi ictimaiyyətə təqdim etmək, qadın aqrosahibkarların istehsal potensialını nümayiş etdirmək, onların bazar imkanlarını genişləndirmək, eləcə də kooperativin inkişafına dəstək göstərə biləcək dövlət qurumları, özəl sektor nümayəndələri və digər tərəfdaşların diqqətini bu təşəbbüsə cəlb etməkdir.

Kooperativin inkişafı üçün prioritet istiqamətlər sırasında vahid məhsul brendinin yaradılması, qablaşdırma və marketinq sisteminin təkmilləşdirilməsi, satış bazarlarının genişləndirilməsi, logistika imkanlarının gücləndirilməsi, rəqəmsal satış kanallarının formalaşdırılması və ixrac potensialının artırılması dayanır.

Naxçıvanda ilk dəfə yaradılan belə bir qadın kooperativi kənd qadınlarının iqtisadi fəallığının artırılması, ailə təsərrüfatlarının dayanıqlı gəlir əldə etməsi və regionda inklüziv kənd təsərrüfatının inkişafı istiqamətində mühüm nümunə hesab olunur.

Tədbirdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Fermerlər, assosiasiyalar və kooperativlərlə iş şöbəsinin Kooperativlərin İnkişafı sektorunun müdiri İsrafil Həsənli çıxış edərək yeni yaradılan "Fermer" İstehsal-İstehlak Qadın Kooperativinin fəaliyyət istiqamətləri və inkişaf perspektivlərini yüksək qiymətləndirib. O, iştirakçıları "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nda kooperativlərin inkişafı, kənd yerlərində sahibkarlığın təşviqi və aqrar sahədə dayanıqlı inkişaf istiqamətində nəzərdə tutulan prioritetlər barədə məlumatlandırıb. Çıxış zamanı Kənd Təsərrüfatı Nazirliyi tərəfindən kooperativlərin, o cümlədən qadınların təşəbbüsü ilə yaradılan kənd təsərrüfatı kooperativlərinin inkişafına göstərilən maliyyə, institusional və maarifləndirici dəstək mexanizmləri diqqətə çatdırılıb.

"Fermer" Qadın Kooperativi qadınların birgə əməkdaşlıq gücünü, yerli istehsalın keyfiyyətini və Naxçıvan kənd qadınlarının zəhmətini vahid brend altında birləşdirmək məqsədi ilə fəaliyyət göstərir.