Nəsib Məhəməliyevdən önəmli təklif

TÜRKSOY-un Baş katibi Düsen Kaseinov bu il ənənəvi mətbuat mükafatlarının Qarabağdan yazan türk dünyası jurnalistlərinə veriləcəyini bildirib.

 

Bu addım TÜRKSOY-un ölkəmizə dəstəyi olmaqla yanaşı, həm də türk dünyası jurnalistlərini Qarabağdan yazmaq, ölkəmizlə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmağa təşviq etmək cəhdi kimi də qiymətləndirilə bilərmi?

 

Moderator.az-a açıqlama verən millət vəkili Nəsib Məhəməliyev, TÜRKSOY-un bu addımının təqdirəlayiq olduğunu vurğuladı:

 

“TÜRKSOY-un Baş katibi Düsen Kaseinovun bu ilki ənənəvi mətbuat mükafatlarının Qarabağdan yazan türk dünyası jurnalistlərinə veriləcəyi barədə təşəbbüsü təqdirəlayiqdir və ciddi əsasları vardır. Azərbaycanın Türkiyə ilə digər türkdilli ölkələr arasında bir çox məsələlər üzrə koordinator rolunu oynayır və xüsusi çəkiyə malikdir. Ən əsası isə, 44 günlük Vətən müharbəsində Müzəffər Ordumuz Ermənistanın 30 il yaratdığı müdafiə istehkamlarını darmadağın etməklə, dünya hərb tarixinə yeni səhifələr yazdı. Azərbaycanın mədəniyyət beşiyi, qədim Şuşa təkrarsız, görünməmiş qəhrəmanlıq nəticəsində işğaldan azad olundu. Təsadüfi deyil ki, bir çox ölkələrin hərbi ekspertləri, Ali Baş Komandanın strategiyasını, Ordumuzun apardığı döyüş əməliyyatlarını, istifadə etdiyi silahları təhlil edir və öz silahlı qüvvələrində qabaqcıl təcrübə kimi istifadə edirlər. Əgər beynəlxalq birlik ədalət nümayiş etdirsə, şübhəsiz Azərbaycan xalqı- ilin xalqı, Azərbaycan Dövləti-ilin Dövləti, Ordumuz-ilin Ordusu elan olunmalıdır. Ən azından ona görə ki, 21-ci əsrdə Azərbaycan dünyada yeganə dövlətdir ki, erməni faşizminə qalib gəldi və işğal altında olan əraziləri azad etməklə, ədaləti, beynəlxalq hüququ bərpa etdi. Yeni geosiyasi reallıqlar yaratmaqla, indiyə qədər müəyyən streotiplərə əsasən müstəqil siyasət yürütməkdən çəkinən bəzi türkdilli dövlətlərdə özünə inam hissi formalaşdırdı.

 

Beynəlxalq münasibətlər sistemində müstəqil siyasət aparmaq olduqca vacib faktordur. Sirr deyil ki, bir çox ölkələr müstəqil siyasət aparmaq iqtidarında deyil. Ümumiyyətlə, TÜRKSOY-un bu təşəbbüsünü müsbət qiymətləndirirəm. Hesab edirəm ki, bu təşəbbüsə digər beynəlxalq təşkilatları da cəlb etməkdə fayda var. Xalqımızın əldə etdiyi şərəfli tarixi qələbələr barədə nə qədər çox yazılsa, o qədər yaxşıdır. Belə Müsabiqələrin təşkili müasir zaman üçün dövlətin təbliğatı, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından əhəmiyyəti danılmazdır. Başqa bir tərəfdən, gələcək nəsillərimizin düzgün siyasi kurs götürməsi, türk dünyasının inteqrasiyası üçün də faydalıdır”.