Ordumuz  Vətən müharibəsində  dünya hərb tarixinə yeni səhifə yazdı

Ölkəmizdə ulu öndər  Heydər Əliyevin adı ilə bağlı milli ordu quruculuğu prosesi dahi şəxsiyyətin respublikamıza rəhbərliyinin bütün dönəmlərində prioritet istiqamət kimi diqqət çəkib. Ümummilli lider  hərbi kadrların hazırlanmasına xüsusi əhəmiyyət verib, gənclərin hərb sənətinə marağını gücləndirib, görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail olub. 

Dahi rəhbər 1993-cü ilin yayında xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra Ermənistan-Azərbaycan arasında atəşkəs haqda 1994-cü il 12 may tarixli müqavilə imzalamaqla Silahlı Qüvvələrimizin formalaşması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirib, Ordunun maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına və döyüş ruhunun yüksəldilməsinə xüsusi əhəmiyyət verib. 
Dövlətimizin başçısı İlham Əliyevin Azərbaycana rəhbərliyə başladığı ilk gündən mühüm önəm verdiyi prioritet istiqamətlərdən biri də ulu öndərin təməlini qoyduğu ordu quruculuğu prosesini davam etdirmək, torpaqlarımızı düşməndən təmizləməyə qadir güclü Silahlı Qüvvələr yaratmaq idi. Bunun üçün, ilk növbədə, iqtisadiyyatın sürətlə inkişafını gerçəkləşdirmək, sabitliyi daha da möhkəmləndirmək və bütün bunlarla bərabər hərbi sahəni gücləndirmək tələb edilirdi. Yalnız qarşıya qoyulan bütün bu vəzifələri reallaşdırmaqla 20 faiz torpağımız erməni işğalından azad oluna bilərdi. 
Prezident İlham Əliyev Vətən müharibəsinə kimi ötən 17 il ərzində   həmin strateji sahələrdə müəyyənləşdirilən məqsədləri istər beynəlxalq miqyasda, istərsə də ölkə daxilində məqsədyönlü, ardıcıl, düşünülmüş siyasət həyata keçirməklə reallaşdırdı, iqtisadiyyatı sürətli inkişaf yoluna çıxardı və “güclü dövlət” konsepsiyasını həyata keçirdi. Bununla bərabər, müdrik siyasəti, uzaqgörənliyi ilə xalqımızın birliyinə,  sabitliyin, əmin-amanlığın möhkəmlənməsinə nail oldu. Eyni zamanda, Ordumuzun mübarizə ruhunun, döyüş əzminin gücləndirilməsii ilə bağlı olduqca mühüm layihələrin icrasını gerçəkləşdirdi. Elə buna görə də  2016-cı ilin aprelin 2-də, bundan iki il sonra – 2018-ci ilin mayında, nəhayət, 2020-ci il iyul ayının 12-16-da işğalçı Ermənistanın təcavüzkar hərəkətlərinin qarşısı mərdliklə alındı. 

İkinci Qarabağ müharibəsində isə  Silahlı Qüvvələrimiz savaşda parlaq qələbə əldə etməsi ilə güc-qüdrətini bütün dünyaya göstərdi. Ordumuz düşmənin uzun illər ərzində qurduğu, keçilməz hesab edilən müdafiə xətlərini qəhrəmanlıqla yardı, Ermənistanın hava hücumundan müdafiə sistemi və hərbi hava qüvvələrinı sıradan çıxartdı, işğalçıya ağır zərbələr endirdi, düşmənin  çoxlu sayda canlı qüvvəsi və hərbi texnikasını məhv etdi.  
Vətən müharibəsi, həm də Silahlı Qüvvələrimizin mənəvi-psixoloji, texniki-təchizat, silah-sursat, peşəkarlıq baxımdan Ermənistan ordusunu müqayisəolunmaz dərəcədə qabaqladığını təsdiqlədi və təbii ki, düşmən də bu üstünlüyü tam anladı. Erməni ictimaiyyəti bu prosesdə gerilədiyini, uduzduğunu öz üzərində açıq-aydın hiss etdi.  

Beləliklə, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuz 44 gün davam edən müharibədə möhtəşəm zəfər qazanaraq, dünya hərb tarixinə yeni şanlı səhifələr yazdı, 5 min kvadratmetrədək ərazini, 5 rayonu, 2 şəhər tipli qəsəbəni, 300-dək kəndi düşməndən təmizləyən  Azərbaycan Silahlı Qüvvələri döyüş meydanında Ermənistanın işğalçı ordusunu sarsıdaraq, hərbi texnikasının 80 faizini məhv edərək onun saxta “yenilməzlik mifi”ni aradan qaldırdı.

Bununla bərabər, Vətən müharibəsi erməni əsgərinin fərari, qorxaq olduğunu bütün dünyaya göstərdi. Savaş zamanı Ermənistan ordusunda 10 min fərarinin olması bunun bariz ifadəsi idi.  

Silahlı Qüvvələrimizin döyüşlərdə göstərdiyi şücaət, qəhrəmanlıq həm də ermənilərin uydurduqları “azərbaycanlılar öz torpaqları uğrunda vuruşmayacaqlar, onlar bu vəziyyətlə barışıblar və əgər otuz ilə yaxın müddət ərzində müharibə başlamayıbsa, bundan sonra da başlamayacaq” kimi  uydurmanı, yalanı, riyakarlığı  alt-üst etdi.

İkinci Qarabağ müharibəsindən sonra da ordu quruculuğu uğurla davam etdirilir. Yeni müqavilələr əsasında Azərbaycan Ordusunun təchizatı üçün respublikaya ən müasir silah-texnika gətirilir və dünya da bundan xəbərdardır.

Bununla bərabər, işğaldan azad olunan ərazilərimizdə yeni hərbi hissələr, hərbi şəhərciklər salınır. Bu sahəyə xüsusi önəm verilməsi hərbçilərin xidmət şəraitini daha da yaxşılaşdırmaq, bütün bölgələrdə əksər hərbi hissələri standartlara uyğun qurmaq məqsədi daşıyır.  Ölkə rəhbəri bununla bağlı çıxışlarının birində deyir: “Hərbi birləşmələrimizin hazırlıq işinə də böyük əhəmiyyət verilir. İkinci Qarabağ müharibəsində bütün dünya Azərbaycanın hərbi gücünü gördü, Müdafiə Nazirliyinin xüsusi təyinatlıları artıq bütün dünya tərəfindən tanındı, onların qəhrəmanlığı, fədakarlığı, peşəkarlığı dastana çevrildi. Onu da bildirməliyəm ki, artıq Azərbaycanda yeni hərbi birləşmə yaradılmışdır - Komando Qüvvələri. Bu Komando Qüvvələri istənilən hərbi vəzifəni icra etməyə hazırdırlar, onların sayı durmadan artır və artacaq. Beləliklə yeni çevik, peşəkar və çox böyük imkanlara malik olan silahlı birləşmənin yaradılması onu deməyə əsas verir ki, biz hər an öz torpaqlarımızı, öz sərhədlərimizi qorumağa hazır olmalıyıq…”.

İndi dogma, əzəli-əbədi Qarabağ torpağımızda genişmiqyaslı tikinti-quruculuq tədbirləri sürətlə aparılır. İşğaldan azad edilən ərazilərimizdə erməni vandallarının illərlə törətdikləri vəhşi əməllər hər addımda nəzərə çarpır. Viran qoyulan şəhər və kəndlərimiz, dağıdılan, təhqir edilən məscidlərimiz, yer üzündən silinən tarix və mədəniyyət abidələrimiz düşmənin nə qədər barbar, vəhşi olduğunu göstərir.  

Mehdi Mehdiyev, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri