Sabah YAP İdarə Heyətinin iclasında Hüseynbala Mirələmovun məsələsinə baxılacaq

Sabah Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin iclasında Hüseynbala Mirələmovun məsələsinə baxılacaq.

Partiyadan Sabahinfo.az-a verilən məlumata görə, YAP-ın Veteranlar Şurasının üzvü, partiyanın Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmovun ötən gün sosial şəbəkələrdə yayılmış videogörüntülərdə yol verdiyi qeyri-etik hərəkət cəmiyyətdə ciddi müzakirələrə səbəb olmuşdur.

Qeyd edək ki, Hüseynbala Mirələmovun bu hərəkətləri təmsil olunduğu siyasi partiya nümayəndələri tərəfindən də şiddətlə qınanıldı.

“Məlum videogörüntüdə Hüseynbala Mirələmovun etikadan uzaq hərəkətləri Yeni Azərbaycan Partiyasının hər bir üzvü tərəfindən təəssüf hissi ilə qarşılanmış və şiddətlə qınanılmışdır. Gün ərzində əksər kütləvi informasiya vasitələrində Yeni Azərbaycan Partiyasının ayrı-ayrı nümayəndələrinin məsələ ilə bağlı kəskin mövqeyi dərc olunmuşdur. Hüseynbala Mirələmovun mənəvi-əxlaqi dəyərlərdən uzaq olan bu davranışına qiymət İdarə Heyətinin sabah baş tutacaq iclasında veriləcək”, - deyə, YAP-ın mətbuat katibi H.Paşayev bildirib.