“Şerlok Holms”un yeni hekayəsi tapıldı

Məşhur ingilis yazıçısı Artur Konan Doylun yazdığı "Şerlok Holms” detektivlər seriyasının Şotlandiyada yeni hekayəsi tapılıb.  Axşam.az "The Telegraph” qəzetinə istinadən xəbər verir ki, tarixçi Volter Elliotun evinin tavanından tapdığı bir kitabçada Konan Doyla aid hekayənin olmasını mütəxəssislər də təsdiqləyiblər. 
V. Elliot "Sherlock Holmes: Discovering the Border Burghs and, by deduction, the Brig Bazaar” adlı hekayənin də yer aldığı 113 illik kitabçanı 50 il əvvəl bir dostundan aldığını deyib.  A.K.Doyl sonuncu "Şerlok Holms” mətnindən 80 il sonra ortaya çıxan 300 sözdən ibarət bu qısa hekayəni uçmuş körpünün bərpasına dəstək məqsədi ilə yazıbmış.  Hekayənin tapıldığı ərazidə 1902-ci ildə daşqın olmuşdu və uçmuş körpünü bərpa etməyə pul yığmaq üçün hekayələrdən ibarət "The Book o’ the Brig” adlı kitabça hazırlayıb satırmışlar. Həmin yerləri səyahət edən yazıçı Konan Doyl da bu hekayəsi ilə yerli camaata bir növ dəstək veribmiş.