“Dövlətimizin başçısı İlham Əliyevin 31 iyul 2023-cü il tarixli “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncamına uyğun olaraq 8 noyabr Şuşa Şəhəri Günü kimi qeyd edilir. 8 noyabr xalqımızın çoxəsrlik dövlətçilik tarixinə qızıl hərflərlə yazılmış ən şərəfli və qürurverici günlərdən biridir. 2020-ci il noyabr ayının 8-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuz hərb tarixinə unudulmaz qəhrəmanlıq səhifəsi yazaraq Qarabağın tacı, Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşa şəhərini işğalçılardan azad etdi. Cənab İlham Əliyevin Sərəncamı ilə Zəfər Günü, eyni zamanda, Şuşa Şəhəri Günü statusu alan bu tarix 30 illik işğala, xalqımızın torpaq həsrətinə son qoyulduğu, gələcək hədəflərin müəyyənləşdirildiyi bir gün oldu. 8 noyabr 2020-ci il tarixində Şəhidlər xiyabanından Şuşanın işğaldan azad edilməsi müjdəsini xalqa çatdıran dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev böyük qürur hissi ilə bildirdi ki, iyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür! Cənab İlham Əliyev 44 günlük İkinci Qarabağ müharibəsi dövründə xarici mətbuata verdiyi müsahibələrində bu fikirləri dəfələrlə qeyd etmişdir ki, işğal edilmiş torpaqların hər bir qarışı, hər bir şəhər bizim üçün doğmadır, əzizdir. Mənim üçün hər bir kəndin dəyəri, qiyməti o biri kəndlə müqayisədə, o biri şəhərlə müqayisədə eynidir, bərabərdir. Ancaq Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir, qədim mədəniyyət ocağıdır. Şuşa Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər bəxş edibdir. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar”.
Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.
Millət vəkili qeyd edib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşanın azad edilməsinin tarixi əhəmiyyətindən danışarkən bu reallığı xüsusi vurğulayır ki, Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü, Ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi. Bu əminlik də ifadə edilir ki, Şuşa əməliyyatı dünya hərb tarixində xüsusi yer tutacaq. Çünki bu əməliyyatı yalnız yüngül silahlarla silahlanmış qəhrəman hərbçilərimiz dağlardan, meşələrdən, cığırlardan keçərək icra ediblər. Şuşanın işğaldan azad edilməsi şanlı Qələbəmizdir.
Şuşa bu gün azaddır, dirçəlir, iqtisadi, siyasi, humanitar, diplomatik mərkəz kimi dünyanın diqqətindədir. Bu məkandan mütəmadi olaraq dünyaya sülh, təhlükəsizlik, əməkdaşlıq, birlik çağırışları edilir. Qarabağın tacı dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıları, həmçinin Türk dünyasını bir araya gətirərək onların birliyinə şahidlik etdi. Bu məkanda ənənəvi olaraq keçirilən Şuşa Qlobal Media forumları Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm platformaya çevrilib. Şuşadan verilən bəyanatlar, keçirilən beynəlxalq tədbirlər, bu və ya digər ölkələrin dövlət başçılarının bu şəhərdə qarşılanması, xarici qonaqların səfərləri Azərbaycanın regiondakı strateji gücünü və yeni geosiyasi reallıqları diktə edən tərəf, eyni zamanda, bu torpaqların əsl sahibi olduğunu bir daha təsdiqləyir.
Malik Həsənov vurğulayıb ki, şəhər günləri keçmişimizlə bu günümüzün təcəssümüdür: “Bu günlər hər bir şəhərin tarixi irsini qoruyub saxlaması, eyni zamanda, müasir inkişafını, mədəniyyətini nümayiş etdirməsi baxımından böyük əhəmiyyət kəsb edir, həm də tarixi yaddaşı təzələyir. Strateji cəhətdən əlverişli mövqeyi ilə seçilən Şuşa Azərbaycana qarşı hərbi təcavüzə başlamış Ermənistan silahlı qüvvələri tərəfindən 1992-ci il mayın 8-də işğala məruz qalıb. İşğal dövründə şəhərdəki yüzlərlə tarixi və mədəniyyət abidələri vandalizm aktları nəticəsində dağıdılıb. Erməni vandalları azərbaycanlıların tarixi izlərini silmək üçün yüzlərlə tarixi memarlıq abidəsini, həmçinin Pənahəli xanın sarayını, Yuxarı Gövhər Ağa məscidini, Aşağı Gövhər Ağa məscidini, Xurşidbanu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsini yerlə-yeksan ediblər. Şuşa şəhəri tarixən Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olub. 1977-ci ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul edilmişdir. Tarixi-mədəni əhəmiyyəti və Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olması Şuşaya xüsusi qayğı və həssaslıqla yanaşılmasını zəruri edirdi. 2021-ci il 31 may tarixində qəbul edilmiş “Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında” Qanun Azərbaycanın mədəniyyət paytaxtı elan edilmiş Şuşa şəhərinin qorunmasının, bərpasının, öyrənilməsinin, inkişafının və təbliğinin hüquqi və təşkilati əsaslarını müəyyən edir. Şuşa şəhərinin inzibati sərhədləri daxilində Şuşa Şəhəri Dövlət Qoruğu yaradılıb. Şuşanın azad edilməsi təkcə hərbi qələbə deyil, həm də milli ruhun, birliyin və mənəviyyatın böyük təntənəsidir. Qarabağ xanı Pənahəli xan tərəfindən təməli qoyulan, zəngin tarixi-mədəni irsi ilə seçilən Şuşa şəhəri dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın mədəniyyət paytaxtı elan edildi. Şuşa, həmçinin beynəlxalq miqyasda İslam dünyasının və Türk dünyasının mədəniyyət paytaxtı statuslarını qazanıb”.
Millət vəkili bildirib ki, bu gün Şuşada Böyük Qayıdış Proqramı çərçivəsində sürətli yenidənqurma işləri həyata keçirilir, şəhərin tarixi görkəmi bərpa olunur və doğma sakinləri öz evlərinə qayıdırlar: “Azərbaycan Respublikasının Nazirlər Kabineti 2024-cü il 21 oktyabr tarixində “Şuşa şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı təsdiq edib. Şəhərin kopseptual sxemi hazırlanarkən yerləşdiyi coğrafiyanın təbii xüsusiyyətləri, tarixi-mədəni strukturu və gələcək yönümlü həllər əsas rol oynayıb. Baş planda şəhər əhalisinin yaşayış fondu, sosial və mədəni-məişət xidməti obyektləri üçün ərazilər nəzərə alınmış, şəhərin inkişafına uyğun olaraq təbii landşaftın qorunması və ərazi zonalarının nəzərə alınması ilə məskunlaşmanın aparılması prinsipi qorunub. Bütün bərpa-quruculuq işləri planlı şəkildə aparılır, Şuşanın tarixi siması saxlanılır. Artıq bir çox abidələr bərpa olunub, Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün Şuşadakı güllələnmiş büstləri Şuşada yenidən əvvəlki yerlərinə qoyulub. “Xarıbülbül”, “Qarabağ” və “Yasəmən” hotelləri yenidənqurmadan sonra istifadəyə verilib, modul tipli xəstəxana, Dövlət Xidmətləri Mərkəzi, Zəfər yolunun üzərindəki Şuşa Hotel-Konqres Mərkəzi Kompleksi fəaliyyətə başlayıb. İndiyədək Şuşada 450 mənzildən ibarət 23 bina sakinlərin istifadəsinə verilib. Növbəti mərhələdə daha üç layihənin icrası nəzərdə tutulur. Dövlət və özəl tərəfdaşlığı çərçivəsində şəhərin mərkəzi küçəsində 10 yaşayış kompleksi inşa edilir. Şuşa sürətlə məskunlaşdırılır. Belə ki, cari ilin 23 oktyabr tarixinə olan məlumata əsasən Şuşa şəhərində 377 ailə olmaqla 1411 nəfər, Böyük Qaladərəsi kəndində 17 ailə olmaqla 78 nəfər, Kiçik Qaladərəsi kəndində 26 ailə olmaqla 90 nəfər, ümumilikdə 420 ailə olmaqla 1579 nəfər məskunlaşıb. Dövlətimizin başçısı İlham Əliyevin Şuşa şəhərinə 37 səfəri olub. Hər bir səfər Şuşanın və bütövlükdə Qarabağın əbədi olaraq Azərbaycanın ayrılmaz hissəsi olduğunu, ölkənin ərazi bütövlüyünün və suverenliyinin sarsılmazlığını həm regional, həm də qlobal səviyyədə nümayiş etdirir”.