Şuşa Zəfəri: azadlıqdan dirçəlişə

Asif Əsgərov

Milli Məclisin deputatı

44 günlük Vətən müharibəsində Şuşanın işğaldan azad edilməsi illərlə davam edən həsrətə son qoydu, xalqımızın tarixi ədalətə və doğma torpaqlarına qovuşmaq arzusunu gerçəkləşdirdi. Bu Qələbə Azərbaycanın hərbi qüdrətini nümayiş etdirməklə yanaşı, milli iradəsinin, birliyinin və dövlətçilik əzminin təntənəsi oldu.

Şuşanın azadlığına aparan yol ölkəmizin uzun illər ərzində keçdiyi mürəkkəb və məsuliyyətli inkişaf mərhələsi ilə bağlıdır. Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyası müstəqil Azərbaycanın möhkəm təməllərini formalaşdırdı. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl siyasət nəticəsində ölkəmizin iqtisadi potensialı gücləndi, ordu quruculuğu keyfiyyətcə yeni mərhələyə yüksəldi, beynəlxalq mövqelərimiz möhkəmləndi. 44 günlük Vətən müharibəsində qazanılan Zəfər bu siyasətin və xalqımızın sarsılmaz həmrəyliyinin tarixi nəticəsi kimi yadda qaldı.

Şuşa əməliyyatı Azərbaycan Ordusunun qəhrəmanlığını və döyüş məharətini bütün dünyaya nümayiş etdirdi. Çətin dağlıq ərazidə, mürəkkəb şəraitdə aparılan döyüşlər zamanı hərbçilərimizin göstərdiyi şücaət şəhərin azad edilməsini təmin etdi. Prezident İlham Əliyevin “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!” sözləri isə xalqımızın sevincini ifadə edən tarixi müraciətə çevrildi. Bu sözlərdə həm şəhidlərin qanı bahasına əldə olunan Qələbənin qüruru, həm də doğma yurda qayıdışın mənəvi yükü əks olunurdu.

Şuşanı Azərbaycan üçün əvəzsiz edən əsas xüsusiyyətlərdən biri onun milli mədəniyyətimizin formalaşmasında oynadığı roldur. Bu şəhər əsrlər boyu musiqi, poeziya, teatr və sənətkarlıq ənənələrinin beşiyi olub. Üzeyir Hacıbəyli, Bülbül, Xurşidbanu Natəvan, Xan Şuşinski və digər görkəmli şəxsiyyətlərin həyat və yaradıcılığı Şuşanın mədəni irsimizdəki xüsusi yerini təsdiqləyir. Şəhərin işğaldan azad edilməsi ilə bu zəngin irsin öz tarixi məkanında yenidən yaşadılması üçün imkan yarandı.

Azad Şuşada həyata keçirilən bərpa işləri bu baxımdan böyük məna daşıyır. Tarixi abidələrin, məscidlərin, muzeylərin, mədəniyyət ocaqlarının yenidən qurulması şəhərin yaddaşını və memarlıq simasını gələcək nəsillərə çatdırmaq məqsədi daşıyır. Eyni zamanda, yolların, yaşayış binalarının və sosial infrastrukturun yenilənməsi Şuşanın müasir şəhər kimi inkişafına şərait yaradır. Baş plana uyğun görülən işlər tarixi irslə müasir şəhərsalma prinsiplərinin uzlaşdırılmasına xidmət edir.

Şuşanın mədəni həyatının canlandırılması da xüsusi əhəmiyyət daşıyır. “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının və Vaqif Poeziya Günlərinin yenidən şəhərdə keçirilməsi onun əvvəlki mədəni mühitinə qayıdışını nümayiş etdirir. Şuşanın 2022-ci ildə “Şuşa İli” çərçivəsində geniş şəkildə təqdim olunması, 2023-cü ildə Türk dünyasının mədəniyyət paytaxtı, 2024-cü ildə İslam dünyasının mədəniyyət paytaxtı, 2026-cı ildə isə İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilməsi şəhərin beynəlxalq miqyasda tanınmasına və mədəni əlaqələrin genişlənməsinə töhfə verir.

Əsl dirçəliş insanların doğma evlərinə qayıtması, küçələrdə həyatın canlanması, uşaqların öz yurdlarında böyüməsi ilə tamamlanır. 2026-cı il oktyabrın 23-nə olan məlumata görə, Şuşa şəhərində 377 ailə, 1 411 nəfər, Böyük Qaladərəsi kəndində 17 ailə, 78 nəfər, Kiçik Qaladərəsi kəndində isə 26 ailə, 90 nəfər məskunlaşıb. Ümumilikdə 420 ailənin, 1 579 nəfərin doğma torpaqlarına qayıtması Böyük Qayıdış prosesinin mühüm nəticələrindəndir. Bu, illərlə yurd həsrəti ilə yaşayan insanların həyatında yeni mərhələnin başlanması deməkdir.

Şuşaya aparan Zəfər yolu da bu qayıdışın rəmzlərindən biridir. Bu yol şəhərin ölkənin digər bölgələri ilə əlaqəsini asanlaşdırmaqla yanaşı, azadlığa və doğma yurda qovuşmağa aparan tarixi yolun simvoluna çevrilib. Şuşanın bərpası, iqtisadi və turizm imkanlarının genişləndirilməsi, mədəni tədbirlərin davamlı keçirilməsi şəhərin gələcək inkişafı üçün geniş perspektivlər yaradır.

8 Noyabr – Şuşa şəhəri günü hər birimizə azadlığın hansı böyük fədakarlıqlar hesabına əldə edildiyini xatırladır. Bu günün mənəvi yükündə şəhidlərin qəhrəmanlığı, qazilərin şücaəti, xalqımızın birliyi və dövlətimizin qətiyyəti dayanır. Şuşa öz tarixi şöhrətini yenidən qazanmaqla yanaşı, Azərbaycanın gücünü, milli ruhunu və gələcəyə inamını təcəssüm etdirir. Əminik ki, bu qədim şəhər bundan sonra da mədəniyyətin, dövlətçilik tarixinin və milli qürurun ən parlaq ünvanlarından biri olacaqdır.