Tarixin axarını yalnız böyük liderlər dəyişir

Bəzən bir foto, bir videogörüntü belə, yüksəksəviyyəli səfərin hansı ab-havada keçdiyini əyani şəkildə nümayiş etdirir. Azərbaycan Prezidentinin Qırğız Respublikasına dövlət səfərindən çəkilişlər ən səmimi qarşılıqlı etimadın yaddaş təsbitidir. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Çolpon-Ata şəhərinin İssık-Kul Beynəlxalq Hava Limanında Prezident Sadır Japarov və birinci xanım Ayqul Japarova tərəfindən qarşılanma mərasimini əks etdirən görüntülər dünyaya o mesajı verdi ki, bədxahlarımızın bölücülük siyasəti iflasa uğrayıb, Türk xalqlarının ortaq tarixi yaddaşına və bir arada olmaq əzminə qalib gələ bilməyib.

Türk dünyasını parçalamaq cəhdlərinin günümüzədək davam etdiyi sirr deyil. O da sirr deyil ki, bu cür zərərli və zəhərli düşüncə tərzini hətta XXl əsrə daşıyanlar Türk dövlətlərinin yaxınlaşması prosesini zaman-zaman ləngidə biliblər. Bunun bir səbəbi bədxahlarımızın geniş geosiyasi təsir imkanları ilə bağlıdırsa, digər səbəbi Türk dünyası liderlərinin indiki qədər müstəqil siyasi iradə göstərə bilməməsidir. Prezident İlham Əliyevin iyunun 29-da Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Türk Dünyası Həftəsinin iştirakçılarına təbrik məktubunda xüsusi olaraq vurğuladığı bu fikir elə həmin gerçəkliyi əks etdirir, eyni zamanda, qardaş ölkələrə tarixi çağırış kimi dəyərləndirilməlidir: “Türk dünyası ailəsi böyük bir sivilizasiya yaratmış əcdadlarımızın şəninə yaraşan tərzdə əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən biri olmaq yolundadır. Biz bu ailənin möhkəmliyi və sarsılmazlığı naminə var qüvvəmizi bundan sonra da əsirgəməyəcəyik”.

Azərbaycan Prezidentinin Qırğızıstana dövlət səfəri çərçivəsində imzalanan “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” təkcə ikitərəfli münasibətlər müstəvisində deyil, həm də Türk dövlətlərinin daha sıx birliyinə və Türk Dövlətləri Təşkilatının (TDT) nüfuzlu beynəlxalq faktor kimi güclənməsinə göstərilən tarixi töhfə kimi dəyərləndirilməlidir. Azərbaycan-Qırğızıstan əməkdaşlığının ən ali səviyyəyə yüksəldiyini göstərən bu Müqavilə əyani şəkildə onu da təsdiq edir ki, türkofob və islamofob kimi rəzil zehniyyətlə yaşayan siyasi dairələrin çirkin niyyətləri Türk dünyası liderlərinin ortaq iradə əzminə üstün gələ bilməyəcək. Böyük və uzaqgörən nəticələrə hesablanmış bu sənəd Prezident İlham Əliyevin bir müddət əvvəl verdiyi bəyanatında nə qədər haqlı olduğunu növbəti dəfə təsdiq edir: “Siyasi qarşılıqlı fəaliyyət olmasaydı, heç bir çoğrafi şərait səylərimizi birləşdirməyə imkan verməzdi”.

Cənab Prezidentin iyunun 22-də Bakıda səsləndirdiyi bu bəyanatın arxasında məsuliyyətli və praqmatik Lider mövqeyi dayanır. Artıq hər kəs görür ki, formalaşmaqda olan yeni dünya düzənində Mərkəzi Asiyaya xüsusi yer ayrılır. Ötən il keçirilən Mərkəzi Asiya-Avropa İttifaqı sammiti, onun ardınca Ağ Evdə reallaşan C5+1 formatında Zirvə görüşü yeni geosiyasi strategiyanın açıq təzahürüdür. Müşahidə etdiyimiz bu mənzərə heç də təsadüfi deyil. XX əsrin tanınmış siyasi nəzəriyyəçisi, Böyük Britaniya parlamentinin üzvü, Oksford Universitetinin professoru Halford Makkinder “Tarixin coğrafi oxu” əsərində belə yazır: “Mərkəzi Asiyanı idarə edən, eyni zamanda, Avrasiyanı da idarə edəcək. Avrasiyanı idarə edən isə bütün dünyanı idarə etmək imkanına malik olacaq”.

Qırğız Respublikası Mərkəzi Asiyanın mühüm üzvü olmaqla yanaşı, Türk dünyasının da ayrılmaz parçasıdır. Orta Dəhliz boyunca yerləşən ölkələrin böyük əksəriyyətinin Türk dövlətləri olduğunu və liderlərin ortaq mövqedən çıxış etdiyini nəzərə alsaq, əminliklə deyə bilərik ki, bütün maneələrə baxmayaraq, TDT-nin nüfuzlu beynəlxalq faktorlardan birinə çevrilməsi bu gün heç vaxt olmadığı qədər realdır. Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsi Qırğızıstanın Xəzər hövzəsi, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropa bazarına çıxışını təmin edəcək, eyni zamanda, bu layihə Avrasiya coğrafiyasının mühüm nəqliyyat arteriyalarından birinə çevriləcək.

Bütün bunlarla yanaşı, bir həqiqəti də unutmamalıyıq. Qlobal çağırışların və geosiyasi rəqabətin qanlı münaqişə və müharibələrlə müşayiət olunduğu indiki həssas dövrdə Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasına yekdilliklə tamhüquqlu üzv qəbul edilməsi qərarının arxasında yalnız coğrafi üstünlüyümüz dayanmır. Bunu belə təqdim etmək və ya belə görmək istəyənlər, sadəcə, həqiqəti təhrif etməyə çalışırlar. Fərqli regionlarda, o cümlədən Yaxın Şərqdə coğrafi üstünlüyünü və təbii sərvətlərini siyasi kapitala çevirməyə müvəffəq olmayan, əksinə, müstəqil subyektliyini də itirmək təhlükəsi ilə üzləşən ölkələrin sayı yetərincədir. Şahidi olduğumuz bu təhlükəli mənzərə görkəmli dövlət xadimi Zbiqnev Bjezinskinin uzun illər əvvəl Azərbaycanla bağlı verdiyi tarixi proqnozu bir daha yada salır: “Vaxt gələcək, Azərbaycan böyük siyasətin şahmat lövhəsində mühüm strateji mərkəzə çevriləcək”.

Bütün təzyiqlərə və çirkin qarayaxma kampaniyalarına, əl-qolumuzu bağlamağa xidmət edən qərəzli qətnamə və bəyanatlara baxmayaraq, Azərbaycan xalqı məhz Prezident İlham Əliyevin Liderliyi ilə Qarabağı işğaldan savaş meydanında azad etdi. Bu, tarixi ədalətin və beynəlxalq hüququn təntənəsi ilə yanaşı, həm də o deməkdir ki, Azərbaycan milli ləyaqətinin və dövlət maraqlarının qorunması yolunda istənilən fədakarlığa hazırdır. Dünyada hər kəs, ilk növbədə, bədxahlarımız əyani şəkildə gördü ki, tarixi Qələbəmizin arxasında əyilməz və müstəqil siyasi iradə, xalqın öz Liderinə tərəddüdsüz inamı dayanır. Mərhum Bjezinskinin proqnozlaşdırdığı zamanı Azərbaycan Cənubi Qafqazda yaratdığı yeni geosiyasi reallıqla özü yetişdirdi. Eyni zamanda, heç bir maneəyə baxmadan, coğrafi üstünlüyünü də fürsətə çevirə bildi.

Zaman sübut edir ki, yalnız böyük Liderlər tarixin axarını dəyişə və ən uğursuz vəziyyəti belə mənsub olduqları xalqın, rəhbərlik etdikləri dövlətin misilsiz uğuruna çevirə bilir. İyulun 31-də Çolpon-Ata şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi Zirvə görüşü, hətta adından da göründüyü kimi, məhz belə xidmətlərin nəticəsidir. Bu gerçəkliyin Çolpon-Ata Bəyannaməsində təsbit olunması isə növbəti dəfə sübut edir ki, Azərbaycan Prezidentinin Türk dünyasının birliyinə verdiyi əməli töhfə qardaş ölkələrin liderləri və xalqları tərəfindən də yüksək qiymətləndirilir. Prezident İlham Əliyevin Qırğız Respublikasının ən ali dövlət mükafatına- “Manas” ordeninə layiq görülməsi, Prezident Sadır Japarovun təltifolunma mərasimində Azərbaycan Prezidenti haqda söylədiyi bu fikirlər elə həmin gerçəkliyin etirafıdır: “Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələrin inkişafında Sizin rolunuz xüsusi əhəmiyyətə malikdir. Azərbaycanın Mərkəzi Asiya dövlət başçılarının Məşvərət görüşlərində iştirakı iqtisadi-ticari, nəqliyyat və energetika sahələrində əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar açır. Siz, həmçinin öz nüfuzunuzu ardıcıl olaraq regionda möhkəm sülhün bərqərar olmasına, sabitliyin möhkəmlənməsinə və yeni əməkdaşlıq mühitinin yaranmasına yönəldirsiniz... Bu yüksək mükafat Sizin Qırğızıstan-Azərbaycan münasibətlərinin möhkəmlənməsinə şəxsi töhfənizin təsdiqidir”.

Azərbaycanın ən ali dövlət mükafatına - “Heydər Əliyev” ordeninə layiq görülən Qırğız Respublikasının Prezidenti Sadır Japarov haqqında Prezident İlham Əliyevin söylədiyi bu fikirlər isə indiyədək qət edilən yolun heç də hamar olmadığını və maneələrin dəf edilməsində bir çox məsələlərin məhz Liderlərin iradəsinə bağlı olduğunu növbəti dəfə təsdiq edir: “Mən Qırğızıstana ilk dəfə deyil ki, səfər edirəm, amma məhz Sizin prezidentliyiniz dövründə bizim aramızdakı təmaslar müntəzəm xarakter daşıyır... Dəyişiklikləri hamı görür. Bunları həm dostlar, həm də ölkəyə gələn xarici müşahidəçilər görürlər. Onları görməmək mümkün deyil”.

Cənab Prezidentin ali diplomatiyanın yüksək üslubuna uyğun tərzdə verdiyi bu mesajının arxasında böyük həqiqət dayanır: hansı ünvandan gəlməsindən asılı olmayaraq, heç bir təhdid və təzyiq əsl Lideri öz dövlətinin və xalqının maraqlarına xidmət yolundan çəkindirməməlidir, maneələr yalnız bu halda dəf oluna bilər. Prezident İlham Əliyevin Qırğızıstanda mətbuata bəyanatında səsləndirdiyi növbəti açıqlama, əslində, Türk dünyasının bütün liderlərinə, eyni zamanda, cəmiyyətlərimizdəki ictimai rəy daşıyıcılarına olduqca mühüm çağırışdır: “Müttəfiqlik münasibətləri çox böyük məsuliyyət deməkdir və biz bu məsuliyyətə hazırıq. Biz bütün təşəbbüslərdə-həm beynəlxalq platformalarda, həm də iqtisadi-ticari sahədə və təhlükəsizliyin möhkəmlənməsində bir-birimizi bundan sonra da dəstəkləyəcəyik”.

   

Ülvi Quliyev, 

Milli Məclisin deputatı