TƏBİB-dən yeni idarəetmə fəlsəfəsi-Tullantıların daşınmaması ciddi narahatçılıq doğurur

TƏBİB yeni idarəetmə fəlsəfəsi təqdim edib. Əvvəlcə maliyyəni kəs, tibb müəssisələrinə rəsmi məktub göndər, satınalmanı ləğv et, sonra xəstəxanaların həyətində tibbi tullantılar günlərlə qala-qala ictimaiyyətə çıxıb bildir ki,"problem qısamüddətli idi." Belə çıxır ki, səbəb heç vaxt mövcud olmayıb, nəticə isə sanki göydən düşüb.

Maraqlıdır, sabah epidemiya baş versə, onun haqqında da "qəfil yarandı" deyiləcəkmi? Halbuki səbəblər çox vaxt viruslardan əvvəl sənədlərdə doğulur. Sənədlər susmur, sadəcə onları eşitmək istəmirlər.

Günəş altında qalan tibbi tullantılar əslində zibil yığını deyil. Onlar idarəetmə qərarlarının maddiləşmiş formasıdır. Çünki kağız üzərində ləğv edilən satınalma, həyatda sarı torbalar, kəskin qoxu və ictimai risk kimi geri qayıdır. Büdcədən silinən bir sətir, xəstəxananın həyətində tonlarla tullantıya çevrilir.

Ən maraqlısı odur ki, bir tərəfdə rəsmi sənəd "maliyyə ayrılmayıb, satınalmaları ləğv edin" deyir, digər tərəfdə isə ictimaiyyətə "narahat olmayın, problem qısamüddətli idi" mesajı verilir. Deməli, əvvəlcə yanğınsöndürən maşının suyu boşaldılır, sonra bina yananda hamıya izah edilir ki, "alov onsuz da uzun çəkmədi."

Fəlsəfədə belə bir fikir var-həqiqətin alternativi olmur, yalnız onu izah etməyin müxtəlif üsulları olur. Amma sənəd başqa, açıqlama başqa həqiqəti danışırsa, artıq məsələ tullantılar deyil, etimadın taleyidir.

Bəzən elə düşünürük ki, tullantılar yalnız sarı paketlərdə olur. Yanılırıq. Bəzi tullantılar mətbuat açıqlamalarında qablaşdırılır. Onların nə rəngi görünür, nə qoxusu hiss olunur. Amma ən təhlükəli xüsusiyyəti həqiqətin üzərini örtməsidir.

İdarəetmə kamera qarşısında "məsələ nəzarətə götürüldü" demək deyil. İdarəetmə odur ki, məsələ ümumiyyətlə o həddə çatmasın. Problemi əvvəlcədən yaradan qərarlar dəyişmədikcə, sonradan verilən açıqlamalar yalnız nəticənin kosmetik təsviridir.

Sənədlərin isə qəribə bir xüsusiyyəti var. Onlar nə müsahibə verirlər, nə emosional çıxış edirlər, nə də özlərini müdafiə edirlər. Sadəcə tarix qoyurlar, imza qoyurlar və həqiqəti yazırlar. Bəzən bir səhifəlik rəsmi sənəd, saatlarla davam edən mətbuat açıqlamalarından daha çox danışır.

Xəstəxana həyətindəki tibbi tullantılar gec-tez daşınacaq. Ancaq dövlət idarəçiliyində yığılan ziddiyyətlər, məsuliyyətdən yayınmalar və cavabsız suallar daşınmadıqca, onların yaratdığı qoxu cəmiyyətin yaddaşından asanlıqla silinməyəcək. Çünki ən təhlükəli tullantı xəstəxananın həyətində qalan deyil, məsuliyyətin üzərindən atılandır.     

İroniya ondadır ki,məktubda hətta müraciət edilən dövlət qurumunun adı belə köhnə göstərilib.Qurumun tabeliyi dəyişsə də, rəsmi sənəddə köhnə ad qalır. Elə bil sənəd də Təbibin fəaliyyəti kimi zamanın gerisində qalıb.Görünür, yenilənməyən təkcə sənəd dövriyyəsi deyil.çünki dövlət idarəçiliyində detallara göstərilən diqqət, ümumi idarəetmə mədəniyyətinin güzgüsüdür. Rəsmi məktubda belə elementar məlumatın aktual olmaması, digər məsələlər barədə də haqlı suallar yaradırg.

Qeyd edək ki, ötən günlərdə Xəzər Xəbərdə mövzu ilə bağlı sujet yayılıb. Bildirilib ki,  Kliniki Tibbi Mərkəzin ərazisində tibbi tullantılar yer alır. Klinikanın əməkdaşları belə tullantıları xüsusi sellofan torbalarda əraziyə gətirirlər. Çəkisi ölçüldükdən sonra isə həmin əraziyə atılır.

Nazirlər Kabinetinin qərarına əsasən, tullantılar 24 saat ərzində daşınmalıdır. Lakin sözügedən ərazidə olan 1 ton tullantı artıq 3 gündür ki, daşınmır. Bu tullantılara nəzarət edən və onları qəbul edən şəxsin sözlərinə görə, vəziyyət bir neçə gündür ki, belədir. Tullantıların ərazidən nə vaxt daşınacağı isə hələ məlum deyil.

Tullantılar açıq sahədə, birbaşa günəş şüalarının altında qaldığından ətrafa kəskin və xoşagəlməz qoxu yayılır.

Bu vəziyyət təkcə bir xəstəxana ilə məhdudlaşmır. Belə ki, Ak.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında da oxşar mənzərə ilə qarşılaşmaq mümkündür. Burada tibbi tullantılar düz xəstəxananın giriş hissəsində yer alıb. 

Paytaxtla yanaşı bölgələrdə də vəziyyət eynidir. Gəncə Şəhər Birləşmiş Xəstəxanasında tullantılar ərazidən çıxarılsa da, heç bir xüsusi daşınma qaydalarına riayət olunmayıb. Halbuki qüvvədə olan tələblərə əsasən, tibbi tullantılar yalnız üzərində müvafiq xəbərdaredici nişan və etiketlər olan, qapalı, xüsusi təyinatlı və lisenziyalı nəqliyyat vasitələri ilə daşınmalıdır. Lakin müşahidə zamanı bu tələblərə əməl edilmədiyi müəyyən olunub.

Məsələ ilə bağlı TƏBİB-dən bildirilib ki, problem qısamüddətli olub. Məsələ dərhal nəzarət götürülüb və tullantıların təmizlənməsi işi aparılır. 

Tibbi tullantıların utilizasiyası ilə bağlı məsələyə gəlincə, “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətindən bildirilib ki, qurum bərk məişət tullantıları ilə yanaşı, təhlükəli tibbi tullantıların qəbulunu və zərərsizləşdirilməsini həyata keçirir.

Qeyd olunub ki, Bakı şəhərində fəaliyyət göstərən tibb müəssisələrində yaranan bu növ tullantıların beynəlxalq standartlara uyğun şəkildə zərərsizləşdirilməsi məqsədilə ötən ilin iyun ayından Tibbi Tullantıların Sterilizasiyası Mərkəzi istifadəyə verilib. “Təmiz Şəhər” ASC-dən onu da vurğulayıblar ki, qurum tibbi tullantıların düzgün və ekoloji baxımdan təhlükəsiz şəkildə idarə olunmasının tərəfdarıdır. Bildirilib ki, tibbi tullantıların düzgün idarə edilməsi insan sağlamlığının qorunması və ətraf mühitin mühafizəsi baxımından mühüm əhəmiyyət daşıyır.

Məsələ ilə bağlı reportajla aşağıdakı link vasitəsi ilə tanış ola bilərsiniz. 

https://bax.tv/sosial-xeberler/bakida-xestexanalarin-heyetinden---xosagelmez-goruntuler-225073?utm_source=playerBaxTV&utm_medium=context_menu&utm_campaign=organic