“Tərəqqi” medalı ilə təltif olunmağımı sevinc və minnətdarlıq hissi ilə qarşıladım - Reyhan Hüseynova

Məlum olduğu kimi, Prezident İlham Əliyev 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə bir qrup Azərbaycan qadınının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilən xanımlardan biri də Reyhan Hüseynovadır.

Bu münasibətlə Reyhan Hüseynova ilə həmsöhbət olduq.

-Reyhan xanım, oxucularımıza özünüz haqqında məlumat verməyinizi istərdik..

- Uzun illərdir ki, ölkəmizin ictimai həyatında fəal iştirak edirəm. Mən Qərbi Kaspi Universitetində dosent və fəlsəfə doktoru olaraq, kulturoloq kimi fəaliyyət göstərirəm. Eyni zamanda, Vaşinqtonda yerləşən Minilliyin Layihəsi Qlobal Təşkilatının Azərbaycan bölməsinin sədri olaraq və Azərbaycan Gələcək Araşdırmalar Cəmiyyətinin təsisçisi və rəhbəriyəm. Müxtəlif illərdə Fransanın iki ən yüksək mükafatından biri olan "Fəxri Legion" Ordeninə və "Akademik Palma" Ordeninə layiq görülmüşəm. Eyni zamanda, 10 ildən çoxdur ki, Azərbaycanda ilk Beynəlxalq Foundation Proqramını tədris edən, bir çox gəncin xaricdə təhsil alma arzusunu reallaşdıran UFC Təhsil Mərkəzinin təsisçi və rəhbəriyəm.

- Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən “Tərəqqi” medalı ilə təltif edildiyinizi biləndə hansı hissləri keçirdiniz?

- Hər bir faydalı əməyə qiymət verilməsi əlbəttə məmnunluq yaradır. Prezident İlham Əliyevin Sərəncamına əsasən, “Tərəqqi” medalı ilə təltif olunmağımı çox böyük sevinc və minnətdarlıq hissi ilə qarşıladım. Bu medala layiq görülməyim tərcümeyi-halımın qürur duyduğum səhifəsidir. Cənab Prezidentimizin etimadını layiqincə doğrultmaq üçün bundan sonra da əlimdən gələni əsirgəməyəcəm.

 - Bildiyiniz kimi, son illər Azərbaycan dövləti təhsilin daha da inkişafı istiqamətində mühüm addımlar atır. Həmin sahədə kifayət qədər zəngin təcrübəyə malik şəxs kimi ölkəmizdə bu istiqamətdə aparılan işləri necə dəyərləndirirsiniz?

- Davamlı olaraq ölkəmizdə hər bir sahədə, o cümlədən, təhsil sistemində inkişaf və yeniliklər, daim gələcəyə yönəlik, zamanla ayaqlaşa bilən, hətta onu qabaqlayan tədbirlərin yer alması əlbəttə ki, fəxarət doğurur.

- Sizcə, Azərbaycanda təhsil sisteminin daha da inkişafı üçün nə kimi yeniliklərin tətbiqi önəmli olardı?

-Təhsil sistemində yenilikləri daha çevik mənimsəmək və tətbiq etmək keyfiyyət meyarlarına daha ciddi münasibət və tələbatı təmin etmək.

 

- Tez-tez "əvvəlki uşaqlar daha fərqli idi” kimi sözlər eşidirik. Siz necə düşünürsünüz? Bir neçə il öncəki şagirdlərlə indikilər arasında fərq varmı?

 

 - Cəmiyyət də, uşaqlar da, şagirdlər də öz zamanının məhsuludur. Mən indikilərin əvvəlkilərdən daha irəlidə olduğunu düşünürəm. Müasir dövr gənclərinin vacib üstünlüyü odur ki, onlar həm də “Zəfər” gəncləridir.

- Reyhan xanım, gənc nəslə hansı qızıl qaydaları yadda saxlamağı tövsiyə edərdiniz?

- Millilik, vətənpərvərlik, öyrənməkdən doymamaq, ailə dəyərlərinə sədaqətli olmaq.

- Sizcə, əsl müəllim necə olmalıdır? Müəllim üçün hansı keyfiyyətlərə malik olmaq mütləqdir?

- Əsl müəllimlik tələbələrinə səmimiyyətlə, anlayış və məsləhətlə yanaşan, onların təhsil və əqli inkişafını təmin edən bir şəxsin işidir. Əsl müəllim tələbələrin mədəni, intellektual və sosial baxımdan inkişafına çalışır və onların potensialını üzə çıxarmaq üçün fəaliyyət göstərir. O, tələbələrin müxtəlif öyrənmə üslublarını tanıyır və müəyyən bir mövzuda onları təşviq edir. Başqa sözlə desək, əsl bir müəllim tələbələrinin hər birinin bəzən fərqli ixtiyarlarını, qüsurlarını və güclərini tanıyır və onlara şəxsi tərbiyə və dəstək təmin edir.

- Reyhan xanım, sonuncu sualla müsahibəmizi yekunlaşdırmaq istəyirəm. Siz sahibkar-qadın hesab olunursunuz və son zamanlar qadınların çoxu bizneslə məşğuldur. Bu sahədə zəngin təcrübəyə malik insan kimi sahibkar xanımlara hansı məsləhətləri verərdiniz?

-Sahibkar kimi, qadınların uzunmüddətli strateji planlarını hazırlamaq üçün vaxt ayırmaları vacibdir. İstərdim ki, sahibkar xanımlarımız planlı və cəsarətli olsunlar. Onlar işləri effektiv şəkildə idarə etmək məqsədilə vaxtı və resursları düzgün istifadə etməli, digər sahibkar xanımlarla təcrübə mübadiləsi etməli, yeni fikirlər əldə etmək və mentorlardan dəstək almalı, özünü daim inkişaf etdirmək üçün müxtəlif kurslar, seminarlar və işçi təlimlərində iştirak etməli, rəqib şirkətləri və sektorun inkişafını izləmək, yenilikçi fikirlərə açıq olmalıdırlar. Bu məsləhətlər işdən-işə dəyişə bilər, lakin əsas məqsəd qadın sahibkarların öz potensiallarını maksimum səviyyəyə çatdırmaq üçün təcrübəli və keyfiyyətli məsləhətlərdən istifadə etmək olmalıdır..

-Maraqlı müsahibə üçün təşəkkür edirik.

İkisahil.az