Tiktokerlərin tələbələrlə görüşü tənqid olundu: Universitetdən REAKSİYA - YENİLƏNİB + VİDEO

Azərbaycan Dövlət İqtisad Universitetindən tələbələrlə tiktokerlərin görüşünə münasibət bildirilib. 

Oxu.Az-ın məlumatına görə, universitetdən tiktokerlə görüşün UNEC-in tələbə təşkilatları tərəfindən keçirildiyi qeyd olunub:

“Bu məsələdə onlara seçim üçün tam sərbəstlik verilib. 11 tələbə təşkilatımız var, biz onlara sərbəstlik vermişik ki, özləri öz maraq dairələrinə uyğun olaraq vaxtlarını səmərəli keçirsin, kimi istəyirlər dəvət etsinlər. Biz kimi dəvət etdiklərinə nəzarət edirik, amma tələbələr özləri xoşladıqları tiktokerləri, bloqerləri dəvət edirlər.

Bizim tələbələr çox tədbirlər keçirirlər, burada şəhid ailələri ilə görüşlər də var, rəsmi tədbirlər də var. Tələbələrə arada belə əyləncə lazımdır. Bunu onların öz seçimlərinə buraxmışıq. Burada da qəbahət görmürük. Bu şəxslərin biletləri də satılır, konsertləri də təşkil olunur”.

Universitetdən bildirilib ki, burada qınağa səbəb olacaq qeyri-etik hərəkət yoxdur.

11:50

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) tələbələrlə tiktokerlərin görüşü təşkil olunub.

Universitetin akt zalında keçirilən görüşdən yayılmış videoda bir neçə tiktokerin iştirak etdiyi, tələbələrin onları coşqu ilə alqışladığı görünür. 

Sözügedən görüntülər sosial şəbəkələrdə müzakirə və tənqidlərə səbəb olub.

İzləyicilər tiktokerlərlə görüşün bu səviyyədə təşkilini nüfuzlu ali təhsil müəssisəsinə uyğun olmadığını bildiriblər.

Onlar bu “TikTok” fenomenlərinin yumor hissinin zəif olduğunu bildirərək bu cür alqışlanmalarını rüsvayçılıq adlandırıblar, bu məsələdə universitet rəhbərliyini günahlandırıblar.