Bu gün Azərbaycan Cənubi Qafqazın lider dövləti olaraq nəinki regionda, eyni zamanda bütün Avrasiya məkanında xalqlar arasında iqtisadi, mədəni, siyasi, diplomatik əlaqələrin dərinləşməsini, insanların daha yaxşı, rifah içində yaşaması üçün yeni qərarların qəbul olunması, yanaşmaların tətbiq edilməsində əzmkarlıq nümayiş etdirir.
Ölkəmiz özünün çoxvektorlu xarici diplomatiyasında dost və tərəfdaş olan ölkələrlə, o cümlədən Mərkəzi Asiya dövlətləri ilə münasibətlərin yeni mərhələdə inkişaf etdirilməsində maraqlıdır. Bunun əyani göstəricisidir ki, son illərdə dövlət başçılarının qarşılıqlı səfərlərini müşahidə etməkdəyik.
Azərbaycanın Mərkəzi Asiya ilə strateji əməkdaşlığı çərçivəsində sıx münasibətlərinin mövcud olduğu dövlətlərdən biri də Qırğızıstan Respublikasıdır.
Belə ki, iki ölkə arasında diplomatik münasibətlər 19 yanvar 1993-cü il tarixində qurulmuşdur. Bu gün Azərbaycan və Qırğıxıstan arasında davamlı siyasi dialoq, iqtisadi və humanitar sahələrdə geniş əməkdaşlıq uğurla həyata keçirilir. Keçən müddət ərzində iki ölkə arasında 100-dən çox sənəd imzalanıb, həmçinin müsbət ticari dövriyyənin davamlılığını təmin etmək məqsədilə 2022-ci ildə Azərbaycan-Qırğız İnvestisiya Fondu təsis edilmişdir.
30-31 iyul 2026-cı il tarixlərində Prezident İlham Əliyevin Qırğızıstan Respublikasına rəsmi dövlət səfəri bir daha göstərdi ki, hər iki dövlət bir-biri ilə yaxınlaşmağı strateji hədəflər sırasında görür. Dostluq və qardaşlıq göstəricisi hesab edilə biləcək səfər çərçivəsində iki ölkə arasında geniş tərkibdə məhsuldar görüşlər keçirildi, həm beynəlxalq, həm də iqtisadi sahələrdə qarşılıqlı fəaliyyətlə bağlı məsələlər nəzərdən keçirildi. Dövlət başçımızın Qırğızıstan Prezidenti ilə mətbuata bəyanatları iki ölkənin regional və beynəlxalq problemlərə ortaq yanaşdığını, münasibətlərin açıq və hərtərəfli xarakter daşıdığını sübut etdi.
Əminliklə deyə bilərik ki, səfər qarşılıqlı münasibətlərin daha da möhkəmləndirilməsinə, əməkdaşlığın genişləndirilməsinə xidmət edən sənədlərin imzalanması ilə tarixə keçdi. Belə ki, görüşlərin ən mühüm nəticələrindən biri də, “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin və daha 14 sənədin imzalanması oldu. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Bu gün imzalanan sənədlər zərfi qarşılıqlı fəaliyyətimizin geniş sferasını nümayiş etdirir.”
Ümumiyyətlə, Azərbaycan və Qırğızıstan münasibətlərinin əsasını ortaq tarix, mədəni yaxınlıq, türk kimliyi və qarşılıqlı hörmət təşkil edir. Son illərdə siyasi dialoqun intensivləşməsi, ticarət dövriyyəsinin artması, investisiya layihələrinin genişlənməsi, təhsil və humanitar əməkdaşlığın dərinləşməsi bu münasibətləri keyfiyyətcə yeni mərhələyə çıxarıb. Qırğızıstanın Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpasına verdiyi dəstək, o cümlədən Ağdamda "Manas" məktəbinin inşası iki qardaş xalq arasında həmrəyliyin və etimadın əyani təzahürüdür.
Səfərin bir digər xüsusi məqamı isə iyulun 31-də Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi Məşvərət Görüşü oldu. Bu yeni formatda Görüş ölkəmizin Mərkəzi Asiya regionunun ayrılmaz tərəfdaşı kimi artan rolunu təsdiqləyir. Son illərdə Azərbaycanın region ölkələri ilə əlaqələrinin intensivləşməsi, ölkəmizin bu coğrafiya ilə nəqliyyat, enerji, ticarət və investisiya sahələrində fəal əməkdaşlığı vahid geoiqtisadi məkanın formalaşmasına xidmət edir. Bu baxımdan, Mərkəzi Asiya dövlət başçıları ilə dialoq regional sabitliyin, qarşılıqlı iqtisadi inteqrasiyanın, eləcə də bu gərgin geosiyasi vəziyyətdə Avropa ilə Asiya arasında yeni nəqliyyat dəhlizlərinin inkişafı baxımından əlavə imkanlar yarada bilər.
Bu əməkdaşlıq əlbəttə ki, Türk Dövlətləri Təşkilatının institusional güclənməsinə də mühüm töhfə verir. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ortaq təşəbbüsləri türk dünyasında iqtisadi inteqrasiyanı, nəqliyyat bağlantılarını, rəqəmsal transformasiyanı, enerji təhlükəsizliyini və humanitar əməkdaşlığı daha da gücləndirir. Türk dövlətləri arasında qarşılıqlı dəstək və koordinasiyanın artması təşkilatın beynəlxalq nüfuzunu yüksəldir, onu Avrasiya məkanında mühüm əməkdaşlıq platformalarından birinə çevirir. Bu isə öz növbəsində beynəlxalq çağırışlara hər zaman böyük həssaslıqla yanaşan Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədləri universal sənədinin 17-ci məqsədinə nail olunmasına verdiyi töhfədir.
Beləliklə, yeni dünya düzənində təhlükəsizlik və inkişaf dəhlizlərinin mərkəzinə çevrilən Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə sıx əməkdaşlığı, ölkə liderlərinin səfərlərinin müntəzəm xarakter alması yeni əməkdaşlıq imkanlarının güclənməsində və mədəni-humanitar, ictimai-siyasi əlaqələrin yükəsk zirvəyə çatmasında etibarlı zəmin yaradır.
Məzahir Əfəndiyev
Azərbaycan Respublikası
Milli Məclisinin deputatı