Azərbaycan daha bir beynəlxalq əhəmiyyətli tədbirə, Ümumdünya Şəhərsalma Forumuna (WUF13) evsahibliyi edir. Bu gün rəsmi açılış mərasimi olacaq foruma bir sıra ölkələrin dövlət və hökumət başçıları, nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri qatılır. Forumun ölkəmiz üçün əhəmiyyəti, onun gözlənilən faydaları ilə bağlı Newscenter.az olaraq Milli Məclisin deputatı Nəsib Məhəməliyevlə söhbətləşdik.
-Nəsib müəllim, Ümumdünya Şəhərsalma Forumunun (World Urban Forum – WUF13) ölkəmizdə keçirilməsinin əhəmiyyəti nədən ibarətdir?
-Ümumiyyətlə, təkcə Ümumdünya Şəhərsalma Forumu deyil, istənilən beynəlxalq tədbirin ölkəmizdə keçirilməsinin Azərbaycan üçün əhəmiyyəti böyükdür. Bu tədbirlərin ölkəmiz üçün faydaları müxtəlif istiqamətlərdə özünü göstərir. İlk növbədə Azərbaycanın beynəlxalq nüfuzunu gücləndirir, qlobal miqyasda yerimizi və rolumuzu möhkəmləndirir. Digər tərəfdən Azərbaycanın beynəlxalq səviyyədə bir daha yaxından tanıdılması, onun təbliği baxımından mühüm əhəmiyyət daşıyır. Bu baxımdan Ümumdünya Şəhərsalma Forumunun Azərbaycanda keçirilməsi də ölkə üçün mühüm beynəlxalq hadisələrdən biridir. Bildiyiniz kimi forum urbanizasiya, dayanıqlı şəhərlər, iqlim dəyişiklikləri, sosial inklüzivlik və şəhər idarəçiliyi kimi qlobal mövzuları özündə ehtiva edir və forum müddətində qeyd edilən istiqamətlərdə müzakirələr keçiriləcək.
-Bu kimi tədbirlərin Azərbaycanda keçirilməsi həm də Bakının təşəbbüslərinin beynəlxalq miqyasda qəbul edilməsi demək deyilmi?
-Təbii ki, məsələyə bu cür yanaşmaq mümkündür. Azərbaycanın qlobal inkişafa, sabitlik və təhlükəsizliyə xidmət edən istənilən təşəbbüsü beynəlxalq səviyyədə müsbət qiymətləndirilir. Bu da öz növbəsində Azərbaycanın dünya siyasətində və qlobal gündəmdə rolunu təsdiqləyir. Bu baxımdan WUF13-ün Bakıda təşkil olunması Azərbaycanın beynəlxalq etibarlı tərəfdaş kimi qəbul edilməsinin göstəricilərindən biridir.
-Nəsib müəllim, Forumu həm də Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi genişmiqyaslı infrastruktur layihələrinin, quruculuq0abadlıq işlərinin geniş miqyasda təqdimatı baxımından da əhəmiyyətli hesab etmək olarmı?
-Əlbəttə. Azərbaycan 44 günlük Vətən müharibəsindən keçən 5 ildən artıq müddət ərzində Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması istiqamətində geniş miqyaslı tədbirlər həyata keçirib.
İşğaldan azad edilən ərazilərdə “Ağıllı şəhər”, “Ağıllı kənd” salıb, yaşıl enerjinin tətbiqi istiqamətində mühüm addımlar atıb, müasir infrastruktur layihələri reallaşdırıb. Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda sıfırdan qurduğu yeni yaşayış məntəqələrinin urbanizasiya və dayanıqlı inkişaf modeli kimi Forumda təqdimatı Bakıya həm siyasi, həm iqtisadi, həm də beynəlxalq imic baxımından müsbət dividentlər gətirəcək.
Bir sözlə Ümumdünya Şəhərsalma Forumu Azərbaycanın postmüharibə dövründə həyata keçirdiyi yenidənqurma layihələrini beynəlxalq səviyyədə təqdimatı baxımından mühüm əhəmiyyət kəsb edir.
-Bəs, Ümumdünya Şəhərsalma Forumunun iqtisadi dividentləri nədən ibarət ola bilər?
-Bildiyiniz kimi forumda minlərlə xarici qonaq iştirak edir və eyni sayda turistin Azərbaycana səfəri deməkdir. Xarici qonaqlar forumda iştirak etdikləri müddət ərzində heç şübhəsiz ki, iqtisadiyyatın müxtəlif sektorlarından istifadə edəcəklər. Hotellər gecələyəcək, restoranlar və digər iaşə obyektlərindən yararlanacaq, nəqliyyat xidmətlərindən istifadə edəcək, ticarət mərkəzlərinə baş çəkəcəklər. Bütün bunlar ölkəyə xarici valyutanın daxil olması, eyni zamanda iqtisadiyyatda müxtəlif sahələrin inkişaf etməsinə səbəb olacaq. Bu kimi tədbirlər ölkənin turizm potensialının tanıdılması baxımından da əhəmiyyətli hesab edilir. İştirakçılar forum çərçivəsində yalnız Bakı ilə deyil, Azərbaycanın digər bölgələri, mədəniyyəti və tarixi irsi ilə də tanış olurlar. Bu isə gələcəkdə ölkəyə turist axınının artmasına müsbət təsir göstərən amillərdəndir.
Süleyman İsmayılbəyli