Hazırda Zəngilan rayonu “Böyük Qayıdış” proqramı çərçivəsində məcburi köçkünlərin doğma torpaqlarına dönməsi üçün hazırlanan rayonlardan biridir
Zəngilan rayonu Azərbaycanın ən qədim və strateji əhəmiyyətə malik bölgələrindən biridir. Onun tarixi təkcə Azərbaycanın deyil, bütövlükdə Cənubi Qafqazın siyasi və etnik mənzərəsi ilə sıx bağlıdır. Bu bölgənin tarixi faciələri isə 20-ci əsrin əvvəllərindən başlayaraq xüsusilə kəskin xarakter alıb. 1920-ci ilin 28 aprelində Azərbaycanın sovetləşdirilməsi ilə ölkənin siyasi sərhədləri süni şəkildə dəyişdirilməyə başladı. Sovet Rusiyasının məqsədi bölgədə öz təsirini gücləndirmək və Ermənistanı regionda dayaq nöqtəsinə çevirmək idi. Bu siyasət nəticəsində, Azərbaycanın ayrılmaz hissəsi olan Zəngəzur qəzası ermənilərin nəzarətinə verildi. Bu dövrdə ermənilər bolşeviklərin köməyi ilə Qərbi Azərbaycan torpaqlarında ilk dövlətlərini qurmağa başladılar. Zəngəzur qəzası isə bu planın əsas hədəflərindən biri oldu. Beləliklə, qəzanın böyük hissəsi – xüsusilə də yuxarı dağlıq ərazilər – Ermənistanın ərazisinə birləşdirildi. Qəzanın aşağı hissəsində yerləşən Laçın, Qubadlı və Zəngilan kimi bölgələr isə Azərbaycanın tərkibində saxlanıldı.
Zəngilan rayonu Azərbaycanın cənub-qərbində, strateji cəhətdən mühüm bir məkanda yerləşir. Bu coğrafi mövqe Zəngilanı həm iqtisadi, həm də hərbi-strateji baxımdan son dərəcə əhəmiyyətli edir. Rayonun ərazisi şərqdən Həkəri çayından başlayaraq, Mehri dağ silsiləsinədək uzanır. Bu ərazi həm dağlıq, həm də dağətəyi və düzənlik relyef xüsusiyyətlərinə malikdir ki, bu da onu kənd təsərrüfatı və turizm üçün əlverişli edir. Zəngilanın təbiəti olduqca zəngindir. Burada meşələr, dağlar, mineral bulaqlar və təbii ehtiyatlar geniş yayılıb. Rayonun flora və faunası da müxtəlifliyi ilə seçilir. Xüsusilə Zəngilanın Oxçuçay və Həkəri çayları bölgəyə həm suvarma imkanları yaradır, həm də ekoloji cəhətdən onun əhəmiyyətini artırır.
1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı başladığı işğalçı müharibə nəticəsində Qarabağ və ətraf rayonlar ard-arda hücuma məruz qaldı. 1993-cü ilin yay və payız aylarında Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli və Cəbrayıl rayonlarının işğalı Zəngilan üçün də ciddi təhlükə yaratdı. Bu rayonlarla sərhəddə yerləşən Zəngilan faktiki olaraq düşmən tərəfindən tam mühasirəyə alındı.
Zəngilan rayonu 1993-cü il avqustun 29-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. Bu işğal nəticəsində rayonun inzibati ərazisi tamamilə boşaldıldı, əhalisi didərgin düşdü və zəngin təbii sərvətlər talan edildi. Rayonda yerləşən tarixi abidələr, qəbiristanlıqlar, məktəblər və digər mədəniyyət obyektləri dağıdıldı. Zəngilan camaatı təkcə ordunun deyil, həm də yerli əhalinin öz müdafiəsini təşkil etdiyi misli görünməmiş mübarizə göstərdi. Füzuli və Cəbrayıl düşdükdən sonra Zəngilan əhalisi tam 67 gün ərzində mühasirə şəraitində erməni hücumlarına qarşı döyüşdü. Bu dövrdə bölgədə nə hərbi üstünlük, nə texniki resurs, nə də dəstək var idi. Əhalinin əli əsasən yüngül silahlara çatırdı. Lakin buna baxmayaraq, zəngilanlılar sonadək vuruşmaqdan imtina etmədilər. Zəngilan əhalisi mühasirədə olduğu üçün rayonun Azərbaycanın digər bölgələri ilə heç bir quru əlaqəsi qalmamışdı. Təhlükədən can qurtarmağın yeganə yolu Araz çayını keçmək idi. Əhalinin bir hissəsi 25-29 oktyabr tarixlərində Araz çayını keçərək İran İslam Respublikasının ərazisinə daxil oldu.Oradan isə min bir çətinliklə geri dönərək Azərbaycanın 43 müxtəlif rayonunda müvəqqəti məskunlaşmaq məcburiyyətində qaldılar. Bu zaman 235 nəfər şəhid olmuş və itkin düşmüşdü. Bu, müstəqil Azərbaycanın tarixində əhalinin ən dramatik şəkildə məcburi köçkünə çevrildiyi hadisələrdən biri oldu.
Zəngilanın işğalı təkcə torpağın itirilməsi ilə nəticələnmədi. Ermənistan işğal altında olan Zəngilan ərazisində mədəni və tarixi irsə qarşı tamamilə düşmən münasibəti sərgilədi. Tarixi memarlıq abidələri, türbələr, qəbiristanlıqlar və məscidlər təhrif edildi və ya yerlə-yeksan edildi. Xalqın dini inanclarına, milli kimliyinə qarşı açıq-aşkar hücumlar həyata keçirildi. Meşələr qırıldı, faydalı qazıntılar qanunsuz şəkildə istismar olundu, Oxçuçay kimi çaylar ekoloji fəlakət həddinə çatdırıldı. Qanunsuz məskunlaşmalar aparıldı, rayonun coğrafi və etnik siması dəyişdirilməyə çalışıldı. Bu, beynəlxalq hüquqla mədəni soyqırım hesab ediləcək bir vandalizm nümunəsidir.
2020-ci il sentyabrın 27-də Azərbaycan Respublikasının Silahlı Qüvvələri Ermənistanın uzun illər boyu davam edən işğalına qarşı Vətən Müharibəsinə başladı. Bu savaş yalnız ərazi bütövlüyümüzü bərpa etmək deyil, həm də tarixi ədaləti, milli ləyaqəti və beynəlxalq hüququn bərpası uğrunda apardığımız müqəddəs mübarizə idi. Vətən Müharibəsinin ilk mərhələsində Cəbrayıl rayonunun azad olunması istiqamətində uğurlar əldə edildi. Burada 30-dan çox kənd və strateji yüksəkliklər azad olundu. Bu uğurlar Zəngilan istiqamətində genişmiqyaslı əməliyyatlara yol açdı, çünki Cəbrayılın azad edilməsi Zəngilanla sərhədə çıxışı təmin etdi. 2020-ci il oktyabrın 18-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Zəngilan rayonunun işğaldan azad edilməsi əməliyyatı başlandı. Əməliyyat yüksək peşəkarlıqla, ardıcıl və planlı şəkildə həyata keçirilirdi. Əsas məqsəd həm Zəngilan şəhərinin azad olunması, həm də bölgənin bütün inzibati ərazisinin təmizlənməsi idi.
Zəngilanın relyefi, dağlıq və meşəlik əraziləri, habelə İranla sərhəd boyunca yerləşməsi bu əməliyyatı xüsusi strateji əhəmiyyətə malik edirdi. Azərbaycan Ordusu həm texnoloji üstünlük, həm yüksək ruh, həm də vətənpərvərliklə döyüşərək düşmənin müqavimətini qırdı. 20 oktyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqa müraciətində Zəngilan şəhərinin və bir sıra yaşayış məntəqələrinin azad edildiyini elan etdi. Prezident İlham Əliyev bəyan etdi: “Bu gün Zəngilan şəhəri və bir sıra kəndlər işğaldan azad edilib! Zəngilan bizimdir!”.
Vətən Müharibəsindən sonra döyüşlərdə fərqlənən hərbi qulluqçuların qəhrəmanlığı dövlət tərəfindən yüksək qiymətləndirildi. Prezident İlham Əliyevin təşəbbüsü ilə bir sıra medallar təsis olundu. Bunlardan biri də “Zəngilanın azad olunmasına görə” medalı idi. Bu medal 2020-ci il noyabrın 26-da Prezident İlham Əliyevin sərəncamı ilə təsis edilmişdir. Zəngilan rayonunun işğaldan azad olunması uğrunda döyüşlərdə fərqlənmiş şəxslərə verilir. Bu medalla 6974 nəfər hərbi qulluqçu təltif olunmuşdur. Medal Azərbaycan əsgərinin, zabitinin və komandan heyətinin yüksək rəşadətinin, qəhrəmanlıq salnaməsinin simvoluna çevrildi.
Zəngilan azad olunduqdan sonra dərhal bərpa və quruculuq işləri başlanmışdır. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Zəngilana bir neçə dəfə səfər edərək görülən işlərlə yerində tanış olmuş, “ağıllı kənd”, hava limanı, avtomobil və dəmir yolları, məktəb və xəstəxana layihələri həyata keçirilməyə başlanmışdır. Hazırda Zəngilan rayonu “Böyük Qayıdış” proqramı çərçivəsində məcburi köçkünlərin doğma torpaqlarına dönməsi üçün hazırlanan rayonlardan biridir.
20 oktyabr tarixi – Zəngilan şəhərinin işğaldan azad edildiyi gün – bu bölgənin tarixində yeni bir mərhələnin başlanğıcıdır. Hər il bu gün ölkəmizdə böyük sevinc və qürur hissi ilə qeyd edilir. Bu tarix bizə bir daha göstərir ki, Azərbaycan xalqı öz torpaqlarını heç vaxt unutmur və tarixi ədaləti gec-tez bərpa etməyə qadirdir.
K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun PHŞ-nin Uşaq Bərpa Mərkəzinin Təsərrüfat bölmə müdiri Ağayev Nəbi Baba oğlu