Dayanıqlı sülhün əldə olunmasına zərbə

Bu gün Azərbaycan yaranmış yeni reallıqları dünya ictimaiyyətinə bəyan edərək bu istiqamətdə çoxvektorlu xarici siyasətdən istifadə etməklə bütün vacib platformalarda öz mövqeyini qətiyyətlə qorumaqdadır.
İkinci Qarabağ-Vətən Müharibəsindən sonra Azərbaycan Cənubi Qafqazda yeni reallıqlar yaratdı. Əldə olunan möhtəşəm Zəfər vasitəsi ilə ölkəmiz Birləşmiş Millətlər Təşkilatının beynəlxalq platformalardakı çoxillik fəaliyyətini nümayiş etdirərək qəbul olunmuş məlum 4 qətnamələrin icrasını təmin etdi. Beləliklə, həm regionda, həm də dünya siyasətində tamamilə yeni bir ab-hava yaratmağa nail oldu.
Bu gün gördüyümüz ondan ibarətdir ki, post müharibə dövrünün çağırışlarını nəzərə alaraq Azərbaycan 30 illik xarici siyasətində artıq bəzi məsələlərdə yeni yanaşma tətbiq edir. Azərbaycan xalqının milli maraqlarının təmin olunması üçün Prezident İlham Əliyev bütün platformalarda, ikitərəfli və çoxtərəfli görüşlərdə sülhə, əmin-amanlığa, firavan gələcəyə doğru öz qətiyyətli mövqeyini ortaya qoyur.
Lakin, bəzi qüvvələr öz məkirli oyunlarını davam etdirərək beynəlxalq tribunalardan istifadə edir, ölkəmizə qarşı qərəzli, həqiqəti əks etdirməyən münasibət bildirərək Cənubi Qafqazda sülhün təmin olunması prosesinə ciddi zərbə vururlar.
19 yanvar 2023-cü il tarixində Avropa Parlamentinin xüsusi prosedur qaydasında qəbul etdiyi qeyri-obyektiv, Qarabağın dağlıq hissəsinin guya blokadaya alınmasının humanitar nəticələrindən bəhs edən ədalətsiz qətnamənin özündə beynəlxalq hüququn norma və prinsiplərinə zidd olan, qeyri-səmimi, o cümlədən riyakar mövqe ehtiva etdiyini açıq şəkildə görürük.
Qeyd edim ki, Avropa Parlamentində təmsil olunan əsas siyasi partiyalar adı çəkilən qətnaməni dəstəkləməmiş və səsvermədə iştirak etməmişlər. Səriştəsiz fəaliyyət göstərən Avropalı həmkarlarımızın, lobbiçi parlament qruplaşmalarının təhriki ilə bəzi avropalı deputatlar tərəfindən qəbul olunmuş bu qətnamə nəinki Avropa Parlamentinin nüfuzuna xələl gətirir, eyni zamanda xüsusilə son illərdə ancaq və yalnız inkişafa doğru köklənən Azərbaycan-Avropa İttifaqı münasibətlərini, sülh danışıqlarında Avropa İttifaqına olan inamı sual altında qoyur, beləliklə regionda sülhün, əmin-amanlığın, davamlı siyasi-iqtisadi inkişafın təmin olunmasına, xalqlararası dialoqun aparılmasına böyük zərbə vurur.
Əlbəttə ki, bu məlum qətnamə Azərbaycan Parlamenti tərəfindən təəssüflə qarşılanmış, hər birimizin hiddtinə səbəb olmuşdur. Bu baxımdan, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin və Avropa İttifaqı–Azərbaycan parlament əməkdaşlığı komitəsinin Azərbaycandan olan üzvlərinin qəbul etdiyi Bəyanat hesab edirəm ki, bütün Milli Məclisin fikirlərini əks etdirir, habelə bu gün Azərbaycanın dünyada yalnız sülhün və inkişafın carçısı olduğunu ortaya qoyur.

Məzahir Əfəndiyev
Azərbaycan Respublikası
Milli Məclisinin deputatı