Moskva görüşü Azərbaycanın diplomatik uğurlarının davamıdır

Azərbaycanın tarixi Zəfərinin reallıqları fonunda artan nüfuzu, möhkəmlənən mövqeyi göz önündədir. Hər bir ölkənin siyasi müstəqilliyinin möhkəmlənməsində iqtisadi tərəqqi əhəmiyyətli rol oynayır. Mayın 25-də Moskvada keçirilən Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclası istər üzv dövlətlərin, istərsə də tədbirə qonaq qismində qatılan Azərbaycanın iqtisadi imkanlarının təqdimatında öz sözünü dedi. Dövlət başçısı İlham Əliyev Azərbaycanın quruma üzv olmasa da ötən 30 ildə Ermənistan istisna olmaqla, Avrasiya İqtisadi Birliyinin üzvləri ilə əməkdaşlığının uğurla inkişaf etdiyini bildirdi. İkitərəfli əlaqələrin inkişafı üçün geniş imkanların mövcudluğunu ölkəmizin bu illər ərzində əldə etdiyi sosial-iqtisadi göstəricilər də təsdiqləyir. Prezident İlham Əliyev iclasdakı çıxışında bir daha diqqəti Azərbaycanın xalqlar arasında körpü rolunu oynayan tranzit imkanlarına, həyata keçirilən layihələrin uğurlu icrasına yönəltdi.

Reallıq budur ki, Azərbaycan həm enerji, həm də nəqliyyat layihələrinin icrasını uğurla həyata keçirməklə bu körpünün daha da möhkəmlənməsinə yeni əlavələr edir. Bunun üçün bəzi statistik rəqəmlərə nəzər salmaq istərdik. Ötən il Azərbaycanın Avrasiya İqtisadi Birliyi ilə əmtəə dövriyyəsi 31 faiz artıb. Bu ilin yanvar-aprel aylarında qarşılıqlı ticarətin həcmi daha 38 faiz artıb. Ötən il Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin Azərbaycanın xarici ticarət dövriyyəsində payı 9 faizə yaxın olub. Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat yollarının coğrafi kəsişməsində yerləşməsi, ölkəmizin nəqliyyat-logistika infrastrukturu bütün istiqamətlərdə daşımaları həyata keçirməyə imkan verir. Azərbaycan Xəzərdə 50 gəmidən ibarət ən böyük ticarət donanmasına malikdir. Bakıda artıq bir neçə ildir bütün növ gəmilər hazırlayan müasir gəmiqayırma tərsanəsi fəaliyyət göstərir. Azərbaycanın gəmiqayırma imkanları, həmçinin Xəzərdəki qonşularımıza da təqdim olunub. Rəqəmlərə qısa baxış bunu deməyə əsas verir ki, Azərbaycanın dayanıqlı inkişafı üçün geniş imkanlar mövcuddur və bu, əməkdaşlığın coğrafiyasının genişlənməsində həlledici rol oynayır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, dövlətimizin başçısı İlham Əliyev çıxışında bu məqama xüsusi diqqət yönəldib ki, ölkəmiz tam iqtisadi müstəqilliyə nail olub. Bu da müstəqil xarici siyasət kursunu aparmaq üçün mühüm amildir. Azərbaycanın xarici siyasət uğurları davamlıdır. Dövlətimizin ədalətə və beynəlxalq hüquqa əsaslanan xarici siyasəti ona daim uğurlar qazandırır. Azərbaycanın ayrı-ayrı dövlətlərlə istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrinin yüksələn xətt üzrə inkişafı reallıqdır. Bunu qarşılıqlı səfərlər, hər bir ölkənin malik olduğu imkanlara söykənərək yeni prioritetlərin müəyyənləşdirilməsinə və əlaqələrin genişlənməsinə xidmət edən sənədlərin say tərkibi də təsdiqləyir. Azərbaycan 4 ildir 120 dövləti öz sıralarında birləşdirən Qoşulmama Hərəkatına uğurla sədrlik edir. Ölkəmizin quruma sədrlik müddətinin bu il üçün uzadılması təbii ki, uğurlu siyasətimizin, Azərbaycanın daim ədalətin və beynəlxalq hüququn yanında olmasının nəticəsidir.

YAP Xətai rayon təşkilatının sədri diqqəti iclas çərçivəsində aparılan müzakirələrdə Prezident İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyana diplomatiya dərsi keçməsinə yönəldib. Bildirib ki, dövlət başçısı İlham Əliyev “Mənim sözlərimdə ərazi iddialarının olmasını görmək üçün xüsusi canfəşanlıq etmək və ya güclü fantaziyaya malik olmaq lazımdır” söyləyərək Nikol Paşinyana bu dərsi keçdi ki, “dəhliz” sözü heç də kiminsə ərazisinə göz dikmək demək deyil. Azərbaycan Prezidenti diqqətə çatdırdı ki, bu, beynəlxalq termindir və düşünürəm, beynəlxalq terminologiya ilə tanış olan insanlar yəqin ki, ona bu gün Ermənistanın baş naziri kimi məna verməzdilər. Ermənistanın rəsmən Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını nəzərə alsaq, hesab edirəm ki, sülh sazişinə nail olmaq üçün imkanlar var.

Vüqar Rəhimzadə onu da əlavə edib ki, Ermənistanın baş naziri qeyri-ciddi, əsassız fikirləri ilə hər hansı bir tribunadan Azərbaycanı ittiham etməyə çalışsa da hər dəfə dövlət başçısı İlham Əliyevin reallıqları özündə əks etdirən, təkzibolunmaz faktlara söykənən, ən əsası müstəqil siyasətimizin nümayişi olan diplomatik cavabı ilə qarşılaşıb. İki ildən artıqdır ki, sülh müqaviləsinin imzalanması təklifi masa üzərindədir. Ermənistanın baş naziri sülh müqaviləsinin imzalanması prosesini uzatmaq üçün nə qədər cəhdlər göstərsə də daim fakt qarşısında qalmasından dərs çıxarmaq istəmir, yenə də havadarlarına arxalanaraq ümidlərlə yaşayır. Cənab İlham Əliyevin “Zənnimcə, kürsüdən əsası olmayan ittihamlar üçün istifadə etmək lazım deyil” mesajı da Ermənistanın baş nazirinə tutarlı cavab oldu. Görünür, Nikol Paşinyan 30 illik işğal dövründə quraşdırdıqları yalanlarla heç nəyə nail ola bilmədiklərini unudub. Təbliğat real faktlara, tarixi həqiqətlərə söykənəndə uzunömürlü, eyni zamanda, qəbul edilən olur. Ermənistan rəhbərinin sözügedən toplantıda iştirakçıların diqqətinə yalanları, Azərbaycanın Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsini yaratmasını öz maraqlarına uyğun çatdırması bir daha müstəqilliyi formal xarakter daşıyan bir dövlət üçün ədalət və beynəlxalq hüquq deyilən məfhumların olmadığını sübut etdi. Reallıq budur ki, Azərbaycan heç bir dəhlizi bloklamayıb. Laçın-Xankəndi yolu açıqdır. Ermənistan və Azərbaycan sərhədində bütün beynəlxalq normalara uyğun olaraq nəzarət-buraxılış məntəqəsi qoyulub. Bu nəzarət-buraxılış məntəqəsi Rusiya sülhməramlı kontingentinin postundan 20 metr aralıda yerləşir. Bu gün həmin nəzarət-buraxılış məntəqəsindən erməni milliyyətindən olan Azərbaycan vətəndaşları və Xankəndi şəhərindən təcili yardım avtomobilləri keçir.

“Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Moskva görüşü Azərbaycanın diplomatik uğurlarının davamıdır. Azərbaycan ədalətə və beynəlxalq hüquqa əsaslanan iddialarını tam şəkildə təmin etdi”, - deyə V.Rəhimzadə vurğulayıb.