Azərbaycan-İtaliya münasibətləri: çoxtərəfli əməkdaşlıq modeli

İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloninin Bakıya səfəri Azərbaycan-İtaliya münasibətlərində çoxşaxəli siyasi, iqtisadi və geostrateji əhəmiyyətə malik bir hadisə hesab olunur. Bu, sadəcə rəsmi diplomatik görüş deyil, tərəfdaşlığın yeni mərhələyə keçidini göstərən strateji bir addım idi. Səfərin siyasi konteksti xüsusilə diqqətəlayiqdir. Meloninin Azərbaycana rəsmi səfəri iki ölkə arasında yüksək səviyyəli siyasi dialoqun yenidən aktiv mərhələyə qədəm qoyduğunu göstərir. Onun Bakıya səfərindən əvvəl Ermənistana səfər etməsi regional balans siyasəti baxımından xüsusilə əhəmiyyətlidir. Bu, Azərbaycanın regionda artan rolunun və beynəlxalq oyunçuların onu vacib tərəfdaş kimi qəbul etməsinin göstəricisidir. İtaliya Azərbaycanı təkcə resurs təchizatçısı kimi deyil, həm də Cənubi Qafqaz regionunda əsas siyasi müttəfiq kimi görməyə açıq sadiqliyini nümayiş etdirir. Müsbət cəhətlərdən biri yüksək səviyyəli dialoqun bərpa olunmuş davamlılığıdır ki, bu da regional və qlobal problemlərin həlli üçün zəruri olan sabitliyi və uzunmüddətli vizyonu təmin edir. İki ölkə arasında 2014-cü və 2020-ci illərdə strateji tərəfdaşlığa dair iki bəyannamə imzalanmışdır.

İqtisadi baxımdan səfərin əsas diqqət mərkəzində enerji əməkdaşlığı dayanır. Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan bir ölkədir və İtaliya bu prosesdə əsas tərəfdaşdır. İtaliyanın Azərbaycanın bir nömrəli ticarət tərəfdaşı olması və qaz ixracının ən böyük payına sahib olması bu əməkdaşlığın dərinliyini nümayiş etdirir. Cənab Prezidentin dediyi kimi,“ Bizim siyasi əlaqələrimiz ən yüksək səviyyədədir. Eyni zamanda, ticarət əlaqələrimiz də çox yaxşı vəziyyətdədir”. İtaliyanın Azərbaycanın əsas ticarət tərəfdaşıdır və ötən il ikitərəfli ticarət dövriyyəsi təxminən 12 milyard dollara çatmışdır. Azərbaycan İtaliyanın neft təchizatında ikinci yerdədir, qaz təchizatında da ikinci yerdədir. Bu göstəricilər müstəsna iqtisadi qarşılıqlı asılılığı əks etdirir.

     Səfər zamanı Cənub Qaz Dəhlizinin genişləndirilməsi və onun mühüm bir hissəsi olan TAP layihəsi müzakirə olunub. Bu, tərəflərin enerji əməkdaşlığını yalnız hazırkı səviyyədə saxlamaqla yanaşı, gələcəkdə də genişləndirmək niyyətində olduqlarını göstərir. Azərbaycan sadəcə ticarət tərəfdaşı deyil, həm də İtaliyanın regiondakı iqtisadi maraqlarının ağırlıq mərkəzidir. Bu strateji dərinlik münasibətlərin sırf əməliyyat mərhələsindən kənara çıxdığını və inteqrasiya olunmuş əməkdaşlıq arxitekturasına çevrildiyini göstərir. İtaliyanın Azərbaycanın aparıcı ticarət tərəfdaşı olması misli görünməmiş qarşılıqlı etimadı nümayiş etdirir. Xüsusi ilə də mövcud geosiyasi fonunda Azərbaycanın İtaliyanın enerji təhlükəsizliyi üçün böyük əhəmiyyəti var. Bakı İtaliyanın milli təhlükəsizliyində həyati və əvəzolunmaz rol oynayır. Trans-Adriatik Boru Kəməri sayəsində Bakı İtaliyanın aparıcı təbii qaz təchizatçılarından birinə çevrilib və bu da ölkəyə təchizat mənbələrini şaxələndirməyə imkan verir. Bu əməkdaşlıq təkcə karbohidrogen sektorunda deyil, həm də bərpa olunan enerjinin birgə inkişafında daha da inkişafa yönəlib və Azərbaycanı ekoloji keçiddə İtaliya üçün əsas tərəfdaş kimi təqdim edir.

 Bu səfər həm də münasibətlərin şaxələndirilməsi baxımından mühüm addımdır. Əvvəlki illərdə diqqət enerji sektoruna yönəlmişdisə, lakin bu səfər zamanı müdafiə sənayesi, hərbi-texniki əməkdaşlıq, yüksək texnologiyalar və sənaye əməkdaşlığı kimi yeni sahələr ön plana çıxdı. Bu, tərəfdaşlığın daha əhatəli və strateji hala gəldiyini göstərir. Xüsusilə birgə istehsal və texnologiya mübadiləsi ilə bağlı müzakirələr gələcəkdə daha dərin sənaye inteqrasiyası üçün təməl qoyur.

İnvestisiya və biznes sahələrindəki əməkdaşlıq məsələlərinə toxunan Prezident İlham Əliyev bildirdi ki: “Hazırda İtaliyanın 130-a yaxın şirkəti Azərbaycanda fəaliyyət göstərir. İstəyirəm ki, onların sayı daha da çox olsun. O cümlədən işğaldan azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda İtaliya şirkətləri 23 layihə həyata keçirib və həyata keçirir. Xarici ölkələrin şirkətlərinə baxdıqda bu layihələrin icrasında İtaliya yenə qabaqcıl yerlərdədir”. Azərbaycan Dövlət Neft Fondunun İtaliya iqtisadiyyatına milyardlarla dollarlıq investisiyaları, eləcə də İtaliya şirkətlərinin Azərbaycandakı, xüsusən də Qarabağ və Şərqi Zəngəzurdakı aktiv fəaliyyəti qarşılıqlı iqtisadi maraqların gücləndiyini göstərir. Bu bölgələrdə həyata keçirilən layihələr İtaliyanın münaqişədən sonrakı dövrdə Azərbaycanın əsas iqtisadi tərəfdaşlarından biri kimi statusunu təsdiqləyir.

Səfər zamanı humanitar və təhsil sahəsindəki əməkdaşlıq məsələləri də müzakirə edildi. Bakıdakı İtaliya-Azərbaycan Universiteti iki ölkə arasında uzunmüddətli əlaqələrin inkişafında mühüm rol oynayır. Bu cür təşəbbüslər təkcə iqtisadi deyil, həm də mədəni və intellektual inteqrasiyanı gücləndirir və gələcək əməkdaşlıq üçün təməl yaradır.

Ümumilikdə, bu səfər bir sıra əsas nəticələr verdi: gücləndirilmiş siyasi dialoq, enerji əməkdaşlığının genişləndirilməsi ilə bağlı razılaşmalar, yeni iqtisadi və sənaye sahələrində əməkdaşlıq perspektivlərinin müəyyənləşdirilməsi və tərəfdaşlığın uzunmüddətli strateji xarakterinin təsdiqlənməsi. Bu kontekstdə İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloninin Bakıya səfəri Azərbaycan-İtaliya münasibətlərinin dərinləşməsində və çoxtərəfli əməkdaşlıq modelinin formalaşmasında mühüm mərhələ kimi qiymətləndirilir.

 Milli Məclisin komitə sədri, professor Hicran Hüseynova