Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri və Daşkənddə Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şurasının 3-cü iclasının keçirilməsi iki ölkə arasında münasibətlərin strateji xarakterini bir daha nümayiş etdirib.
Milli Məclisin deputatı Azər Kərimli bu səfərin əhəmiyyəti, Azərbaycan-Özbəkistan əlaqələrinin inkişafı və regional əməkdaşlığın perspektivləri barədə Modern.az-a açıqlamasında bildirib ki, iki ölkə arasında münasibətlər artıq yalnız ikitərəfli əməkdaşlıq çərçivəsində deyil, Cənubi Qafqazla Mərkəzi Asiyanı birləşdirən daha geniş geosiyasi proses kontekstində qiymətləndirilməlidir.
Deputatın sözlərinə görə, Azərbaycan və Özbəkistan münasibətlərinin bugünkü səviyyəyə çatmasında Prezident İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında formalaşmış qarşılıqlı etimad və səmimi münasibətlər mühüm rol oynayıb.
“İki ölkə lideri arasında olan münasibətlər dövlətlərarası əlaqələrin inkişafına ciddi təkan verib. 2024-cü ildə imzalanmış Müttəfiqlik Münasibətləri haqqında Müqavilə isə bu əlaqələrin siyasi və hüquqi əsaslarını daha da möhkəmləndirib. Yəni liderlər arasında formalaşan etimad artıq dövlətlərarası əməkdaşlığın mühüm mexanizminə çevrilib”, - deyə A.Kərimli qeyd edib.
O bildirib ki, iki ölkə arasında ticarət dövriyyəsinin yaxın perspektivdə 1 milyard dollara çatdırılması mühüm hədəfdir:
“Burada söhbət yalnız ticarət dövriyyəsinin artmasından getmir. Enerji, nəqliyyat, bank sektoru, avtomobil sənayesi, kənd təsərrüfatı, dağ-mədən sənayesi və turizm sahələrində əməkdaşlıq genişlənir. SOCAR-ın Özbəkistan bazarına çıxması, bank sektorunda qarşılıqlı fəaliyyətin güclənməsi münasibətlərin yeni mərhələyə keçdiyini göstərir”.
Deputat enerji sahəsində əməkdaşlığın da xüsusi əhəmiyyət daşıdığını vurğulayıb:
“Azərbaycan və Özbəkistan arasında neft-qaz kəşfiyyatı layihələrinin son mərhələyə çatması ciddi nəticədir. Gələn il istismar quyularının qazılmasının planlaşdırılması iki ölkənin enerji əməkdaşlığının praktiki mərhələyə keçdiyini göstərir. Bu, Azərbaycanın Mərkəzi Asiya ilə enerji əlaqələrinin dərinləşməsi baxımından da mühüm addımdır”.
A.Kərimli nəqliyyat sahəsində əməkdaşlığın Orta Dəhlizin inkişafına təsirindən də danışıb:
“Xəzərdə birgə donanmanın istifadəyə verilməsinin sürətləndirilməsi və vahid operatora malik Azərbaycan-Özbəkistan dəhlizinin yaradılması təşəbbüsü mühüm əhəmiyyət daşıyır. Artıq söhbət yalnız tranzit marşrutundan deyil, vahid logistika və iqtisadi maraqlar sistemindən gedir”.
Deputat Özbəkistanın Qarabağın bərpasında iştirakını da xüsusi qeyd edib:
“Füzulidə 960 şagird yerlik məktəbin tikintisi və Xankəndidə tikiş fabrikinə investisiya qoyulması Özbəkistanın Azərbaycanın bərpa prosesinə real töhfəsidir. Bu layihələr iki ölkə arasında müttəfiqliyin praktik nümunəsidir. Qarabağın tərəfdaş ölkələr üçün yeni investisiya və əməkdaşlıq məkanına çevrilməsi də xüsusi əhəmiyyət daşıyır”.
Onun sözlərinə görə, Azərbaycanın Mərkəzi Asiya əməkdaşlıq formatında daha fəal iştirakı region üçün yeni imkanlar yarada bilər.
“Azərbaycan coğrafi mövqeyinə görə Cənubi Qafqazla Mərkəzi Asiya, Mərkəzi Asiya ilə Türkiyə və Avropa arasında mühüm bağlantı rolunu oynayır. Özbəkistan isə həm iqtisadi potensialına, həm əhalisinin sayına, həm də Türk dünyasındakı mövqeyinə görə bu prosesin əsas iştirakçılarından biridir. Bu baxımdan Azərbaycan artıq yalnız Cənubi Qafqaz ölkəsi kimi deyil, daha geniş regional əməkdaşlığın mühüm aktoru kimi çıxış edir”, - deyə deputat bildirib.
A.Kərimli hesab edir ki, Daşkənd səfərinin əsas nəticəsi yalnız imzalanan sənədlər və açıqlanan rəqəmlərlə ölçülməməlidir.
“Əsas nəticə Azərbaycan-Özbəkistan münasibətlərinin sistemli xarakter almasıdır. Ali Dövlətlərarası Şura, Hökumətlərarası Komissiya, Biznes Şurası və Regionlar Forumunun fəaliyyəti əlaqələrin artıq institusional əsaslara söykəndiyini göstərir. Bu əməkdaşlıq eyni zamanda Cənubi Qafqazla Mərkəzi Asiyanın yaxınlaşmasını sürətləndirir və Türk dünyasının iqtisadi inteqrasiyası üçün yeni imkanlar yaradır”, - deyə deputat əlavə edib.