Azərbaycan–Özbəkistan münasibətləri yeni mərhələdə

 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 23-24 avqust 2026-cı il tarixlərində Özbəkistan Respublikasına dövlət səfəri iki qardaş ölkə arasında münasibətlərin inkişafında mühüm siyasi hadisə kimi yadda qaldı. Səfər Azərbaycan-Özbəkistan əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsində daha da möhkəmləndirilməsi, siyasi dialoqun dərinləşdirilməsi və iqtisadi-humanitar əməkdaşlığın genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Dövlət səfəri çərçivəsində Azərbaycan və Özbəkistan rəhbərlərinin keçirdiyi görüşlər iki ölkə arasında mövcud münasibətlərin yüksək səviyyəsini bir daha nümayiş etdirdi. Qarşılıqlı etimad, dostluq və qardaşlıq prinsiplərinə əsaslanan Azərbaycan-Özbəkistan münasibətləri son illərdə sürətlə inkişaf edərək çoxşaxəli əməkdaşlıq modelinə çevrilib.

Azərbaycanla Özbəkistan arasında mövcud əlaqələr ikitərəfli əməkdaşlıqla yanaşı, Mərkəzi Asiya ilə Cənubi Qafqaz və Avropanı birləşdirəcək geosiyasi və geoiqtisadi proses kimi qiymətləndirilir. Bununla da Azərbaycan coğrafi cəhətdən Cənubi Qafqazda yerləşməsinə baxmayaraq, Mərkəzi Asiya regionunun da bir hissəsi kimi qəbul edilir.

Xüsusilə qeyd etmək lazımdır ki, münasibətlərin qardaşlıq və strateji müttəfiqlik səviyyəsinə yüksəlməsində Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev arasındakı səmimi dostluq və etimad mühüm rol oynayır. İki dövlətin liderləri arasında olan bu münasibət dövlətlərimiz və xalqlarımız arasında əlaqələrin inkişafına da böyük təkan verir.

Səfər zamanı Prezident cənab İlham Əliyev mətbuata bəyanatla çıxışında iki dövlət arasında enerji, nəqliyyat, bank sektoru, avtomobil sənayesi, turizm və bir sıra digər sahələrdə əməkdaşlığın daha da genişləndiriləcəyini vurğuladı. Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsinin yaxın vaxtlarda 1 milyard dollara çatdırılması barədə qərar olduqca önəmli bir addımdır. SOCAR-ın Özbəkistanda yeni layihələrdə iştirakının artırılmasını da xüsusi qeyd etmək lazımdır, eyni zamanda enerji sahəsində əməkdaşlıq da olduqca əhəmiyyətli addımdır. Azərbaycanla Özbəkistan arasında neft-qaz kəşfiyyat layihələrinin son mərhələyə çatması olduqca strateji bir hadisədir və gələn il istismar quyularının qazılması haqqında qərar iki dövlət arasında enerji əməkdaşlığının mühüm göstəricisidir. Bu, həm də Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə enerji əlaqələrinin dərinləşməsinə böyük töhfə verəcəkdir.

Qarabağın bərpasında Azərbaycan-Özbəkistanın əməkdaşlığı da bu regional yanaşmanın mühüm nümunəsidir. Füzulidə Mirzə Uluqbəy adına məktəbin inşası və Xankəndidə həyata keçirilən investisiya layihələri iki ölkə arasındakı siyasi həmrəyliyin iqtisadi və sosial təşəbbüslərdə təcəssümüdür. Qarabağda reallaşdırılan bu layihələr Azərbaycan-Özbəkistan münasibətlərinin yalnız ikitərəfli xarakter daşımadığını, eyni zamanda, Türk dünyası ölkələrinin respublikamızın ərazi bütövlüyünün bərpasından sonra regionun inkişafında fəal iştirak etdiyini göstərir.

Bir sözlə, Azərbaycanla Özbəkistan arasında sıx siyasi-iqtisadi, eləcə də qardaşlıq əlaqələri iki dövlətlə yanaşı, Türk dünyasının inteqrasiyasına böyük təkan verir.

 

 

Elxan Quliyev, əməkdar müəllim