Azərbaycan-Özbəkistan müttəfiqliyində yeni mərhələ

Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) rəsmi müsahibəsi təkcə iki ölkə arasındakı əlaqələrin gələcək inkişaf tempini deyil, həm də bütövlükdə Türk dünyasının inteqrasiya xəritəsini müəyyən edən strateji bir sənəd xarakteri daşıyır. Müsahibədə iki ölkə arasında strateji tərəfdaşlığın və müttəfiqliyin ən yüksək səviyyədə olduğu vurğulanıb. Regional təhlükəsizlik, nəqliyyat-logistika, energetika və mədəni-humanitar sahələrdə əməkdaşlığın perspektivləri, həmçinin işğaldan azad edilmiş ərazilərdə bərpa işlərinə Özbəkistanın töhfəsi xüsusi qeyd edilib. Prezident İlham Əliyev müsahibəsində Bakı ilə Daşkənd arasındakı qardaşlıq bağlarının tarixi köklərinə toxunub, iqtisadi, siyasi, nəqliyyat və humanitar sahələrdə mövcud olan genişmiqyaslı tərəfdaşlığın gələcək perspektivlərini diqqətə çatdırıb.

Müsahibədə xüsusi vurğulanan əsas məqamlardan biri Azərbaycan və Özbəkistan münasibətlərinin hazırda özünün ən yüksək zirvəsinə - müttəfiqlik səviyyəsinə çatmasıdır. Dövlət başçısı qeyd edib ki, iki qardaş xalq arasında əlaqələr ortaq dil, mədəniyyət, tarix və mənəvi dəyərlərə əsaslanır. Son illərdə reallaşan qarşılıqlı dövlət səfərlərinin əhəmiyyətini xatırladan Prezident İlham Əliyev imzalanmış “Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə” və “Müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin əlaqələrin hüquqi və siyasi sütunlarını sarsılmaz etdiyini bildirib. Həmçinin 2023-cü ildə təsis edilmiş Ali Dövlətlərarası Şuranın ikitərəfli əməkdaşlığın idarə olunmasında və layihələrin sürətləndirilməsində mühüm institusional mexanizmə çevrildiyi xüsusi qeyd edilib.

İqtisadi və geostrateji əməkdaşlıq barədə danışarkən, Prezident İlham Əliyev hər iki ölkənin yerləşdiyi coğrafiyanın strateji üstünlüklərini önə çıxarıb. Azərbaycanın Cənubi Qafqazda, Özbəkistanın isə Mərkəzi Asiyada aparıcı mövqeyi ölkələrimizi Şərqlə Qərbi birləşdirən mühüm marşrutlarda təbii tərəfdaşlara çevirir. Hazırda siyasi dialoqla bərabər, müştərək fondlar vasitəsilə yeni istehsal sahələrinin qurulması, Orta Dəhlizin imkanlarının genişləndirilməsi, yükdaşımaların optimallaşdırılması, bərpa olunan enerji resurslarının inteqrasiyası və aqrar sektorda təcrübə mübadiləsi kimi böyük layihələr icra olunmaqdadır və gələcəkdə bu dinamika daha da artacaqdır.

Prezident İlham Əliyev Azərbaycan və Özbəkistanın Türk Dövlətləri Təşkilatı daxilindəki fəaliyyətinə də geniş yer ayırıb. Hər iki dövlətin TDT daxilindəki aktiv rolu türk dünyasında siyasi dialoqun, iqtisadi və nəqliyyat imkanlarının bütövlükdə inkişafına birbaşa töhfə verir. Xalqların bir-birinə daha da yaxınlaşmasında humanitar bağların və qardaşlaşmış şəhərlər təşəbbüsünün xüsusi rol oynadığını deyən dövlət başçısı, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin müdrik rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı islahatları, xüsusən də modern şəhərsalmanın nadir nümunəsi olan “Yeni Daşkənd” layihəsini yüksək qiymətləndirib, ölkənin kompleks inkişaf tempinin dərin məmnunluq doğurduğunu ifadə edib.

Prezident İlham Əliyevin Özbəkistan mətbuatına verdiyi bu dolğun müsahibə, rəsmi Bakının Mərkəzi Asiya regionuna, xüsusilə də qardaş Özbəkistana verdiyi böyük strateji dəyərin növbəti nümayişidir.

Əlişah Rəcəbov,

YAP Ağdaş rayon təşkilatının sədri