Azərbaycanın Rusiyadakı səfiri Krasnoyarskın aparıcı klinikalarından biri olan “Bionika”nı ziyarət edib

Krasnoyarsk şəhərində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Rəhman Mustafayev və Azərbaycanın Yekaterinburqdakı Baş Konsulluğunun rəhbər vəzifəsini icra edən Şöhrət Mustafayev “Bionika” çoxprofilli tibb mərkəzini ziyarət ediblər.

Qonaqları klinikanın sahibi, Krasnoyarsk diyarı Regional Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Taleh Mahmudov qarşılayıb. Səfər çərçivəsində nümayəndə heyəti tibb müəssisəsinin fəaliyyəti, müasir infrastrukturu və əsas fəaliyyət istiqamətləri ilə tanış olub.

“Bionika” tibb mərkəzi iki filialdan ibarətdir. Burada müasir diaqnostika xidmətləri, poliklinika şöbəsi, gecə-gündüz fəaliyyət göstərən cərrahiyyə stasionarı, eləcə də “Xoşbəxt Analıq” reproduktiv tibb mərkəzi fəaliyyət göstərir. Mərkəzdə hər gün 400-dən çox pasiyentə tibbi yardım göstərilir, il ərzində isə 2100-dən artıq cərrahi əməliyyat həyata keçirilir ki, bu da Krasnoyarskın özəl klinikaları arasında ən yüksək göstəricilərdən biridir.

Səfər zamanı “Xoşbəxt Analıq” mərkəzinin fəaliyyətinə xüsusi diqqət yetirilib. Son beş ildə burada 2300-dən çox ekstrakorporal mayalanma (EKO) proqramı həyata keçirilib. 35 yaşadək qadınlar üçün proqramların effektivliyi 50 faizə çatır ki, bu da Rusiyanın orta göstəricilərindən yüksəkdir.

Klinika həmçinin icbari tibbi sığorta (OMS) sisteminə daxildir. Bunun sayəsində pasiyentlər KT, MRT, ultrasəs müayinələri, endoskopik müayinələr, EKO proqramları və digər tibbi xidmətlərdən ödənişsiz yararlana bilirlər. İkinci filialın bazasında Rusiya DİN-in Pasport-Viza Xidməti ilə birlikdə xarici vətəndaşların tibbi müayinəsi də təşkil olunub.

Tibb mərkəzində azərbaycanlılar, ruslar, ermənilər, ukraynalılar, qazaxlar, buryatlar, yakutlar və belaruslar daxil olmaqla müxtəlif millətlərin nümayəndələri çalışırlar ki, bu da “Bionika”nı uğurlu çoxmillətli kollektiv nümunəsinə çevirir.

Səfərin yekununda Rəhman Mustafayev göstərilən tibbi xidmətlərin yüksək səviyyəsini xüsusi vurğulayaraq bildirib ki, “Bionika” klinikası uzun illərdir Rusiyanın ən innovativ və qabaqcıl özəl tibb müəssisələrindən biri olaraq fəaliyyət göstərir.