Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana ünvanladığı təşəkkür sözləri ilk baxışda göründüyündən daha dərin mənaya malikdir. Ukrayna lideri yazıb: “Azərbaycanın Ukraynanın suverenliyi və ərazi bütövlüyü ilə bağlı mövqeyi hər zaman qətiyyətli olub və buna görə də biz buna hər zaman yüksək qiymət vermişik”.Bu, həqiqətən də mühüm bir qiymətləndirmədir. Ukraynada çox yaxşı anlayırlar ki, Azərbaycanın prinsipial mövqeyinin arxasında konyuktura və ya xarici oyunçulardan kiməsə xoş görünmək istəyi dayanmır. Bunun arxasında xalqımızın öz tarixi təcrübəsi dayanır.Azərbaycan Prezidenti İlham Əliyev Volodimir Zelenskini Ukraynanın müstəqilliyinin 35 illiyi münasibətilə təbrik edərkən bu mövqeyi tamamilə aydın şəkildə ifadə edib. O, iki dövlətin ərazi bütövlüyü və suverenliyi məsələlərində qarşılıqlı dəstəyin vacibliyini vurğulayıb və Azərbaycanın bundan sonra da dost Ukrayna xalqına humanitar dəstək göstərəcəyini təsdiqləyib. Bu gün bu mövqeyi təkcə Kiyevdə deyil, bütün dünyada görürlər. Bəli, Azərbaycan özü dörddə bir əsrdən çox işğal faciəsi ilə yaşamış bir dövlətdir. Ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizindən çoxu erməni silahlı qüvvələrinin nəzarəti altında idi. Yüz minlərlə vətəndaşımız ev-eşiyini tərk etmək məcburiyyətində qalmışdı. Şəhər və kəndlər dağıdılmış, tarixi və mədəniyyət abidələri məhv edilmiş, minlərlə insan həlak olmuşdu.
Biz doğma torpağa qayıda bilməmək düşüncəsi ilə oyanmağın nə olduğunu çox yaxşı bilirik. Qaçqın və məcburi köçkün statusunun nə demək olduğunu bilirik. Məhv edilmiş insan həyatlarının, dağıdılmış evlərin, itirilmiş uşaqlığın və onilliklərlə davam edən gözləntinin bədəlini bilirik. Məhz buna görə də Azərbaycan Ukraynanı hər kəsin anlaya bilməyəcəyi bir şəkildə anlamaq iqtidarındadır.Ukraynalılar bu gün Azərbaycanın onilliklər boyu yaşadıqlarını yaşayırlar. Bakı Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə hörmət edilməsinin vacibliyindən danışarkən, bu, müharibə, işğal və öz torpaqlarının geri qaytarılması yollarından keçmiş bir dövlətin mövqeyidir. Buna görə də Azərbaycanın Ukraynanı dəstəkləməsi tamamilə təbiidir. Biz Ukrayna xalqının öz dövlətini, müstəqilliyini və ərazi bütövlüyünü qoruyub saxlamaq canfəşanlığını çox yaxşı başa düşürük. Məhz buna görə də İlham Əliyevin təbrik məktubunda Ukrayna xalqına sülh, əmin-amanlıq və firavanlıq arzularının yer alması xüsusi rəmzi məna daşıyır. Bunlar sülhün bədəlini bilən bir dövlətin prezidentinin sözləridir.Bununla yanaşı, zaman-zaman Bakıya təzyiq göstərməyə çalışanların anlamalı olduğu prinsipial bir məqam var. Azərbaycan artıq dəfələrlə sübut edib ki, ölkəmizin xarici siyasəti bizim milli maraqlarımızla müəyyən olunur. Məhz buna görə də ölkəmiz eyni zamanda Türkiyə ilə strateji münasibətləri inkişaf etdirməyə, Mərkəzi Asiya ilə əməkdaşlığı dərinləşdirməyə, Çin, ABŞ və Avropa İttifaqı ilə qarşılıqlı fəaliyyəti genişləndirməyə, regional nəqliyyat və enerji layihələrində fəal iştirak etməyə qadirdir.Müasir Azərbaycan diplomatiyasının əsas xüsusiyyətlərindən biri də məhz bundan ibarətdir. Bakı müxtəlif güc mərkəzləri arasında “kim güclüdürsə” prinsipi ilə seçim etməyə çalışmır. Azərbaycan o tərəfdaşlarla əməkdaşlıq edir ki, bu, ölkənin milli maraqlarına cavab verir. Və bu xarici siyasət strategiyası öz səmərəliliyini sübut edərək, ölkəmizi dünyanın ən hörmətli dövlətlərindən birinə çevirib.
Ülvi Quliyev,
Milli Məclisin deputatı