Azərbaycan Prezidenti İlham Əliyevin Milli Elmlər Akademiyasının 60 illiyinə həsr edilmiş təntənəli
yığıncaqdakı çıxışında "Bütün dövrlərdə – 70-ci illərdə, ondan sonra, 90-cı illərdə Heydər Əliyevin elmə
diqqəti və qayğısı çox yüksək səviyyədə idi. O, çox gözəl bilirdi ki, hər bir ölkənin, hər bir xalqın
tərəqqisində elmin inkişafı müstəsna rol oynayır. Müxtəlif ölkələrin tarixinə, keçmişinə, təcrübəsinə nəzər
salaraq görürük ki, ölkənin inkişafını, potensialını elmin inkişafı müəyyən edir. İnkişaf etmiş ölkələrin
təcrübəsinə nəzər salsaq, onu da görəcəyik: Nə təbii ehtiyatlar, nə coğrafi vəziyyət yox, məhz intellektual
potensial, məhz elmin səviyyəsi o ölkələrin tərəqqisini müəyyən edir və ölkəni inkişaf etmiş ölkəyə çevirir
… Mən bir daha demək istəyirəm, bu, qəti fikrimdir ki, hər bir ölkənin normal inkişafı üçün, ilk növbədə
bilik, savad, elmin inkişafı lazımdır” - deməsi onun sözün əsl mənasında dahi şəxsiyyət Heydər Əliyevin
layiqli davamçısı və varisi olduğunu təsdiq edir və ulu öndərimiz kimi o da ölkəmizdə elmin, təhsilin və
intellektual insan potensialının və insan kapitalının inkişafının vacibliyini ön plana çəkir. Bu təsadüfi olmayıb,
ulu öndərimiz Heydər Əliyevin ən dəyərli tövsiyələrindən biridir ki, bu gün cənab İlham Əliyev onu uğurla
həyata keçirməkdədir. Bəli, bu da bir həqiqətdir ki, 40 il bundan öncə - 1969-cu ilin 14 iyulunda Azərbaycan
Respublikasına rəhbər təyin edilmiş Heydər Əlirza oğlu Əliyev ilk gündən ölkəmizdə elmin və təhsilin
inkişafına xüsusi diqqət və qayğı göstərməyə başlamış və ömrünün sonunadək onun ən böyük hamisi və qarantı
olmuşdur.
Azərbaycan xalqının bəşəriyyətə bəxş etdiyi bu böyük şəxsiyyət haqqında söz demək nə qədər çətin və
məsuliyyətli olsa da, onunla bir dövrdə yaşamış, onun ölkəmizə rəhbərlik etdiyi illərdə iqtisad elmləri doktoru
elmi dərəcəsi və professor elmi adı, AMEA-nın müxbir üzvü rütbəsi almış, kiçik elmi işçi vəzifəsindən
Azərbaycan iqtisad elminin baş qərargahı sayılan AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru vəzifəsinədək
yüksəlmiş, dəfələrlə bu böyük şəxsiyyətlə təmasda olmuş bir alim kimi ulu öndərimizin Azərbaycanda elmin,
təhsilin və insan şəxsiyyətinin inkişafı sahəsindəki böyük, əvəzsiz və cahanşümul xidmətləri haqqında öz
fikirlərimi bölüşməyə ehtiyac duyuram. Zamanın çərçivəsinə sığmayan bu dahi şəxsiyyəti, dövlət qurucusu və
tarix yaradan şəxsiyyəti dünyanın digər ölkələrinin rəhbərlərindən fərqləndirən ən müsbət keyfiyyətlərindən biri
də məhz onun elm adamları ilə sıx bağlılığı, elm adamlarına olan dərin məhəbbəti və onlara qayğı ilə yanaşması
idi. O, 1998-ci ildə dünyanın ən qədim və nüfuzlu elm ocaqlarından biri sayılan Rusiya Elmlər Akademiyasının
tanınmış elm adamları ilə tarixi görüşündə çıxış edərkən: "şəxsən mən elm xadimlərinə həmişə böyük
hörmətlə yanaşmışam… ona görə ki, elm adamları müstəsna adamlardır. Onlar insana əməksevərliklə,
fədakarlıqla və bütün digər keyfiyyətlərlə yanaşı, cəmiyyətdə bu və ya digər yeri tutmağa imkan verirlər.
Elm adamları istedada, məharətə, xüsusi bacarığa malik olmalıdır… Bu insanlar ən böyük hörmətə
layiqdirlər” – deməsi onun elmə və elm adamlarına olan sonsuz hörmətinin parlaq ifadəsidir. Ümummilli
liderimiz Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi uzun illər ərzində onun fəaliyyətində diqqəti cəlb edən ən
mühüm cəhətlərdən biri də məhz ondan ibarət olmuşdur ki, o bütün məsələlərin həllinə-istər xarici və istərsə
də daxili siyasət sahəsində – həmişə elmi cəhətdən əsaslandırmaqla yanaşmağa üstünlük verirdi. Təsadüfi
deyildir ki, Heydər Əliyev hələ 1969-cu ildə respublikamıza rəhbərliyə başladığı ilk günlərdən elmin bütün
sahələrinin inkişaf etdirilməsi ilə bağlı məsələlərə xüsusi həssaslıqla yanaşır və daim qayğı göstərirdi. O,
Azərbaycan KP MK-nın məşhur avqust (1969-cu il) plenumunda respublika elminin inkişafında yaranmış ağır
vəziyyətdən narahat olduğunu bildirərək demişdi: "Elmi idarələrimizin fəaliyyətində hələ ciddi nöqsanlar
vardır, Elmlər Akademiyası, bir sıra sahə elm idarələri elmi-texniki tərəqqinin sürətləndirilməsi
uğrunda, tamamlanmamış işlərin istehsalata tətbiqi uğrunda mübarizədə kifayət qədər əzmkarlıq
göstərmirlər… Dissertasiyaların heç də hamısı lazımi nəzəri səviyyədə yazılmır. Aspiranturada vəziyyət
yaxşı deyildir. Aspirantların xeyli hissəsi namizədlik dissertasiyalarını vaxtında hazırlaya bilmir. Alimlik
dərəcəsi alanlar arasında nazirliklərin və digər mərkəzi idarələrin rəhbər işçiləri də az deyildir. Onlar özlərinə
tapşırılmış işin zərərinə olaraq dissertasiya yazır, bəzən bunun üçün, hətta öz vəzifələrinin imkanlarından
istifadə edirlər… Elə etmək lazımdır ki, elmə yalnız onu həqiqətən zənginləşdirməyə, irəlilətməyə qabil
olan adamlar gəlsinlər. Ölkəmizdə elmi işçilərin əməyi şərəflidir, onlara ehtiram göstərilir, onlar layiqli nüfuz
qazanmışlar… Odur ki, bizim hər bir tədqiqatçı qarşısında yüksək tələblər qoymağa haqqımız vardır.
Elmi-texniki tərəqqinin sürətləndirilməsi uğrunda yaradıcı mübarizənin önündə getmək, tədqiqat nəticələrinin
praktikada, istehsalatda tətbiqi müddətlərinin qısaldılmasına, mütərəqqi texniki yeniliklərin öyrənilməsinə öz
165
əsərləri, kəşfləri, ideyaları ilə kömək etmək alimlərin borcudur”. Hələ o vaxtlar öz rəhbərlik bacarığı və
qabiliyyəti, fitri istedadı və təşkilatçılığı ilə həm keçmiş İttifaq respublikalarının başçıları və həm də bütövlükdə
SSRİ rəhbərləri arasında sayılıb-seçilən, böyük hörmət, nüfuz qazanmış, gərgin əməyi, tələbkarlığı, qətiyyəti və
prinsipiallığı sayəsində Azərbaycanı qısa müddətdə nəinki keçmiş İttifaqda, həmçinin bütün dünyada tanıtmağa
nail olmuş Heydər Əliyevin alimlərimiz qarşısında qoyduğu proqram xarakterli vəzifələr onlar tərəfindən
birmənalı şəkildə qəbul edildi və yüksək vətənpərvərlik hissi ilə yerinə yetirildi. Heydər Əliyev Azərbaycana
rəhbərlik etdiyi həm 1970-1982-ci illərdə, həm də 1993-2003-cü illərdə Azərbaycanın sosial-iqtisadi və
mədəni həyatının bütün sahələrində olduğu kimi, elmin inkişafını ləngidən, onu geri çəkən neqativ
halların da vaxtında aradan qaldırılması üçün bir sıra böyük və mühüm tədbirlərin həyata keçirilməsinin
ilk təşəbbüskarı, eləcə də rəhbəri olmuşdur. Bunu onun Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə
respublikamızda elmin inkişafı sahəsində əldə edilmiş nailiyyətlərdən aydın görmək olar. Bu nailiyyətlərin ilk
başlanğıcı Azərbaycanın tarixinə ən uğurlu beşillik kimi daxil olmuş 1971-1975-ci illərə təsadüf etmişdir. Belə
ki, həmin illərdə ilk dəfə olaraq Azərbaycan Elmlər Akademiyasında 170 problem üzrə 540 müxtəlif mövzu
və 1000-dən artıq iş yerinə yetirilmişdir ki, onların da 210-u ümumittifaq əhəmiyyətli olub, keçmiş SSRİ EA,
Elm və Texnika Komitəsi və s. elmi idarələrlə birlikdə aparılmış, 305-i isə respublika əhəmiyyətli işlər
olmuşdur. Yerinə yetirilmiş mövzuların 165-i elmi-texniki, 375-i isə təbiət və ictimai elmlər sahəsindəki
problemlərə aid idi. 1971-1975-ci illərdə dövlət planı üzrə nəzərdə tutulmuş 476 mövzu əvəzinə, 540 mövzu
müvəffəqiyyətlə yerinə yetirilmişdir. 1970-ci ildə bu mövzuların cəmi 74-ü ümumittifaq əhəmiyyətli olduğu
halda, onların sayı 1975-ci ildə 210-a çatmış və ya 2,8 dəfə artmışdır. Bu artım Respublika Elmlər
Akademiyasının bütün bölmələrində özünü büruzə vermiş və müxtəlif elm sahələrində bir-birindən fərqli
olmuşdur. Məsələn, müqayisə edilən dövrdə yerinə yetirilmiş ümumittifaq əhəmiyyətli mövzuların sayı
biologiya elmləri bölməsində 4-dən 21-ə, kimya elmləri bölməsində 9-dan 52-yə çatmış, yaxud müvafiq surətdə
5,2 və 5,8 dəfə artmışdır. Azərbaycan Elmlər Akademiyasının yarandığı 1945-ci ildən 1971-ci ilədək olan
dövrdə ictimai elmlər bölməsi üzrə bircə dənə də olsun ümumittifaq əhəmiyyətli mövzu işlənmədiyi halda,
1972-ci ildə 2, 1973-cü ildə 40, 1975-ci ildə isə 36 belə mövzu işlənmişdir. Bu dövrdə respublikamızda elmin
inkişaf səviyyəsinin yüksəlməsini belə bir faktdan da aydın görmək olar ki, Elmlər Akademiyasının
alimləri onun təşkil olunmasının birinci on ili ərzində (1945-1955-ci illərdə) cəmi 5 mühüm elmi nəticə
əldə etmişdirsə, 1971-1975-ci illərdə bu nəticələrin sayı 96-nı ötüb keçmiş və ya 19,2 dəfə artmışdır.
1945-1970-ci illəri əhatə edən 25 il ərzində Azərbaycan Elmlər Akademiyası alimlərinin cəmi 170
elmi nəticəsi sovet elminin ən mühüm nailiyyətləri sırasına daxil edilmişdirsə, 1971-1975 – ci illəri əhatə
edən cəmi 5 il ərzində onların sayı 274-ə çatmış və ya 1,6 dəfə çoxalmışdır. Təsadüfi deyildir ki, Heydər
Əliyev şəxsən özü bu nailiyyətləri yüksək qiymətləndirərək 1975-ci ilin 24 sentyabrında Azərbaycan Elmlər
Akademiyasının 30 illik yubileyində bu elm ocağının "Xalqlar dostluğu” ordeni ilə təltif edilməsi münasibətilə
keçirilmiş təntənəli ümumrespublika yığıncağında demişdir: "Qısa müddətdə akademiyamız müasir elmin ən
aktual problemlərini həll edən iri mərkəzə çevrilmişdir… Azərbaycan elmi müasir ideyaların, səmərəli
axtarışların və məhsuldar tədqiqatların güclü generatoruna çevrilmişdir… Təkcə keçən il sovet elminin
mühüm nailiyyətləri sırasında respublikada aparılmış 67 tədqiqat işi qeydə alınmışdır… Bu, Azərbaycan
Elmlər Akademiyasının mövcud olduğu bütün müddət ərzində ən yaxşı göstəricidir”. Fəxr edirəm ki,
həmin tədqiqatlar arasında mənim 1974-cü ildə "Elm” nəşriyyatında çapdan çıxmış "Azərbaycan
Respublikasında qadın əmək ehtiyatlarından istifadənin sosial-iqtisadi problemləri” adlı monoqrafiyam da
vardır. Bu, Azərbaycandan iqtisadiyyat elmi sahəsindən həmin nailiyyətlər sırasına daxil edilmiş ilk
monoqrafiyadır.
Heydər Əliyev Azərbaycan alimlərinin xidmətlərini yüksək qiymətləndirərək demişdir: "Azərbaycan
alimləri fəhlələrlə, mühəndislərlə və texniklərlə birlikdə əmək və elm sahəsində əsl hünər göstərmişlər –
onlar dünya praktikasında ilk dəfə olaraq açıq dənizdə neft çıxarılmasını təşkil etmişlər…Elmin sürətlə
inkişaf etməsi, alimlərin müvəffəqiyyətləri biliklərin bir çox yeni və əsaslı sahələrinin təşəkkülünə güclü
təkan vermişlər”. Heydər Əliyevin respublika alimlərinin əməyinə verdiyi bu yüksək qiymət onları daha
böyük elmi nəticələr əldə etməyə ruhlandırmış və səfərlər etmişdir. Elə bunun nəticəsi idi ki, 1976-1980-ci
illəri əhatə edən 10-cu beşillikdə Azərbaycan Elmlər Akademiyası alimlərinin 1315 elmi nəticəsinin 212-si
SSRİ EA tərəfindən sovet elminin ən mühüm nailiyyətləri sırasına daxil edilmiş, ixtira üçün əvvəlki 25 il
ərzində olduğundan 8 dəfə çox, yəni 1600 müəlliflik şəhadətnaməsi və dünyanın 34 ölkəsindən 200-dən
çox patent alınmışdır. Bu illər ərzində respublika alimləri Moskvanın, Leninqradın və bir çox başqa şəhərlərin
institutları və elmi idarələri ilə 200-dən artıq kompleks elmi-tədqiqat işi və 52 ümumittifaq kompleks elmitexniki
proqramın yerinə yetirilməsində iştirak etmiş, istehsalata 425 min ixtira və səmərələşdirici təkliflər
tətbiq etmiş, 6200 yeni növ maşın, cihaz, avadanlıq və s. yaratmışlar ki, onların da 450-si keçmiş SSRİ-də
166
ilk dəfə bizim respublikada hazırlanmışdı. İstehsalatda tətbiq edilən mexanizm vasitələrinin də 60 faizi
70-80-ci illərin payına düşmüşdür. 70-ci illərdə və 80-ci illərin əvvəllərində Heydər Əliyevin bütün başqa
sahələrdə olduğu kimi, Azərbaycan elminin inkişafındakı fəaliyyətini dəyərləndirmək, bu fəaliyyətin
coğrafi konturlarını müəyyənləşdirmək çox çətindir. Çünki bu fəaliyyətin hər səhifəsi, hər mərhələsi son
50 illik Azərbaycan tarixinin və elminin inkişaf tarixinin mərhələləri ilə üst-üstə düşür, bir çox hallarda
isə, hətta indi arxada qalan o tarixin bütövlükdə dərkini şərtləndirir. Heydər Əliyev şəxsiyyətini
dəyərləndirmək cəhdində olmaq hardasa tarixə, zamana, gələcəyə qiymət vermək iddiası qədər çətindir.
Dövlət və cəmiyyət həyatının bütün sahələrində olduğu kimi, Azərbaycan elminin, təhsilinin inkişafında da
Heydər Əliyevin rolu və qayğısı misilsizdir. 70-ci illərdə və 80-ci illərin əvvəllərində onun rəhbərliyi və qayğısı
sayəsində Azərbaycan elmi öz qızıl dövrünü yaşamışdır. Heydər Əliyev elmin inkişafına dövlət quruculuğunun
ən mühüm bir tərkib hissəsi kimi yanaşırdı. Bu da onun dövlət quruculuğu sahəsindəki nailiyyətlərinin başlıca
səbəblərindən biri idi. Təsadüfi deyildir ki, Heydər Əliyevin hələ Azərbaycana rəhbərlik etdiyi ilk dövrlərdə
Elmlər Akademiyası alimlərinin fəaliyyəti keçmiş SSRİ dövləti və dünya ictimaiyyəti tərəfindən yüksək
qiymətləndirilmişdir. Simvolik haldır ki, elm, iqtisadiyyat və mədəniyyətin inkişafı, yüksək ixtisaslı elmi
kadrların hazırlanması sahəsində qazandığı nailiyyətlərə görə Azərbaycan Elmlər Akademiyasının aldığı
ilk yüksək mükafat – "Xalqlar dostluğu” ordeni də 1975-ci ildə Heydər Əliyevin özü tərəfindən təqdim
edilmişdir. Bu dövrdə Azərbaycan Elmlər Akademiyasının nailiyyətləri beynəlxalq miqyasında yüksək
qiymətləndirilmiş, Leursiq yarmarkasında iki böyük qızıl medala, Qahirə beynəlxalq yarmarkasında yüksək
mükafata, neçə-neçə görkəmli alimlərimiz isə dövlət və hökumət mükafatlarına, o cümlədən 5 nəfər Lenin
mükafatına, 14 nəfər SSRİ Dövlət mükafatına layiq görülmüşlər. Fundamental tədqiqatlar sahəsində əldə
edilmiş elmi uğurlarına görə akademiklərdən R.İsmayılov, M.Topçubaşov, M.Nağıyev, M.Hüseynov,
M.İbrahimov Sosialist Əməyi Qəhrəmanı adı, onlarla alim Respublika Dövlət mükafatı almışlar. Bütünlükdə
götürüldükdə Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi birinci dövrdə (1969-1982-ci illərdə)
Azərbaycan alimlərinin 540 elmi nəticəsi SSRİ Elmlər Akademiyası tərəfindən sovet elminin ən mühüm
nailiyyətləri sırasına daxil edilmişdir ki, bu da Azərbaycan Elmlər Akademiyasının SSRİ Elmlər
Akademiyasının tərkibində olduğu 46 il ərzində (1945-1991-ci illər) SSRİ EA tərəfindən Azərbaycan
alimlərinin həmin nailiyyətlər sırasına daxil edilmiş 1100 elmi nəticənin 49 faizini təşkil etmişdir. Bu
uğurlu nəticələrin əldə edilməsinin mühüm səbəblərindən biri də Heydər Əliyevin böyük təşkilatçılıq istedadı,
tələbkarlığı və qayğısı nəticəsində Azərbaycan Elmlər Akademiyasında güclü kadr potensialının və texniki
arsenalın yaradılması, ən başlıcası isə həmin dövrdə ölkə başçısı Heydər Əliyevin bilavasitə nəzarəti,
diqqəti, qayğısı və tələbkarlığı ilə Azərbaycan Elmlər Akademiyasına, onun elmi bölmələrinə və
institutlarına nəinki ölkəmizdə və keçmiş İttifaqda, həmçinin xarici ölkələrdə tanınmış və böyük nüfuz
sahibi olan əsl el adamlarının, ziyalıların və şəxsiyyətlərin rəhbərlik etməsi olmuşdur. Bu da təsadüfi
olmayıb Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə elm sahəsində də yüksək intellektual
inkişaf səviyyəsinə malik olan kadrların hazırlanması, seçilməsi, yerləşdirilməsi və tərbiyə edilməsi ilə
bağlı bütün məsələlərin onun hazırlayıb həyata keçirdiyi təsərrüfat-təşkilatçılıq və siyasi tədbirlərin arasında
əsas yer tutması və xüsusi dövlət əhəmiyyətli məsələ kimi daim ulu öndərimizin diqqət mərkəzində olması ilə
bağlı idi. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk dövrdə (1969-1982-ci illərdə) onun təşəbbüsü və
bilavasitə qayğısı ilə keçmiş SSRİ-nin ən nüfuzlu ali məktəblərində azərbaycanlı oğlan və qızların təhsil alması
üçün yaratdığı şərait də bunun bariz nümunəsi idi. Həmin dövrdə ulu öndərimizin böyük qayğısı və diqqəti ilə
Moskvanın, Leninqradın və eləcə də keçmiş SSRİ-nin digər şəhərlərinin 170 aparıcı ali elm və təhsil ocağına
3500 azərbaycanlı oğlan və qız göndərilmişdir. Hər il ali təhsil almaqdan ötrü respublikamızdan kənara orta
hesabla 800 nəfərdən artıq tələbə göndərilməsi yaxşı ənənə halını almışdı. Müqayisə üçün deyək ki, 1969-cu
ildə Azərbaycandan həmin ali məktəblərə cəmi 47 nəfər təhsil almağa göndərilməsi planlaşdırılmış və onların da
əksəriyyəti başqa millətlərdən idisə, 70-ci illərin axırlarında həmin məktəblərə göndərilən abituriyentlərin sayı
700-800 nəfər (80-ci illərin əvvəllərində isə hər il 1000-1400 nəfər) təhsil almağa göndərilirdi və onların da
çoxunu azərbaycanlılar təşkil edirdilər. 1981-ci ildə Moskva, Leninqrad, Kiyev və başqa şəhərlərdə 244 ixtisas
üzrə təhsil alan azərbaycanlı oğlan və qızların sayı 3600 nəfərdən çox idi. Azərbaycan xalqının gələcəyini
qabaqcadan görən və düşünən xalqımızın böyük oğlu Heydər Əliyev milli hərbi kadrlar hazırlanmasını da
unutmamış və ona da böyük qayğı göstərmişdir. 1972-ci ildən başlayaraq onun təşəbbüsü və qayğısı ilə hər il
300-400 nəfər azərbaycanlı gənc hərbi təhsil almaq üçün keçmiş İttifaqın ən müxtəlif və nüfuzlu ali hərbi
məktəblərinə qəbul olmuş və 80-ci illərin əvvəllərində onların sayı 800-1000 nəfərə çatmışdır. Onların da çoxu
azərbaycanlı idi. Qeyd edilən dövrdə Azərbaycan Elmlər Akademiyasının müxtəlif elmi-tədqiqat institutlarından
respublikadan kənar elm mərkəzlərinə ezam olunan aspirantların, stajor-tədqiqatçıların və məqsədli aspirantların
sayı da xeyli artmışdır.
167
Elmə və təhsilə olan diqqətin nəticəsi idi ki, Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi
1969-1982-ci illərdə Azərbaycan Elmlər Akademiyasında çalışan işçilərin ümumi sayı 1,9 dəfə artaraq 7892
nəfərdən 15072 nəfərə, o cümlədən elmi işçilərin sayı 45,6 faiz artaraq 3431 nəfərdən 4995 nəfərə, elmlər
doktorlarının sayı 1,5 dəfədən çox artaraq 188 nəfərdən 285 nəfərə, elmlər namizədlərinin sayı isə 1,6 dəfədən
çox artaraq 1275 nəfərdən 2068 nəfərə çatmışdır. Bu illər respublikamızda aspirantura təhsilinə xüsusi diqqət və
qayğı göstərilmiş və bunun nəticəsində əgər 1969-cu ildə Elmlər Akademiyası institutlarının aspiranturasını
bitirənlərin cəmi 22 faizi dissertasiya işlərini vaxtında tamamlayıb müdafiə etmiş və ya müdafiəyə təqdim
etmişlərsə, bu göstərici artaraq 1982-ci ildə 30,8 faizə yüksəlmişdir. Belə ki, təkcə institutlarında o dövr üçün
çox böyük göstərici olan – 159 namizədlik və 20 doktorluq dissertasiyası müdafiə edilmişdir. Bütünlükdə
götürüldükdə isə 1970-1982-ci illərdə , respublikamızda 265 elmlər doktoru və 3141 elmlər namizədi
hazırlanmışdır. Bu illərdə Respublika Elmlər Akademiyası institutlarının aspiranturasını və ali təhsil ocaqlarını
bitirmiş istedadlı və elmə marağı olan gənclərin akademiyamıza işə qəbul edilməsinə də xüsusi diqqət və qayğı
artmışdır. Belə ki, əgər 1976-cı ildə Azərbaycan EA institutlarına ali məktəbləri və istehsalatdan ayrılmaqla
aspiranturanı bitirmiş 131 nəfər gənc mütəxəssis işə qəbul edilmişdirsə, 1982-ci ildə onların sayı 208 nəfər
olmuş və ya 58,7 faiz artmışdır. Qeyd edilən dövrdə ümumiyyətlə götürüldükdə respublikamızın ali
məktəblərini müvəffəqiyyətlə bitirmiş oğlan və qızların hər il orta hesabla 200 nəfəri akademiyanın
aspiranturasına daxil olmuş və bu institutlarda təhsil alan aspirantların sayı 1982-ci ildə 548 nəfəri,
dissertantların sayı isə 380 nəfəri ötüb keçmişdir. Bu illərdə Azərbaycan Elmlər Akademiyasında dörd dəfə
(1969-cu, 1970-ci, 1976-cı və 1980-ci illərdə) seçkilər keçirilmiş, nəticədə akademiyanın həqiqi və müxbir
üzvlərinin sayı xeyli artmış, onların keyfiyyət tərkibi müxtəlif elm sahələri hesabına əhəmiyyətli dərəcədə
dəyişib təkmilləşmişdir. 1982-ci ilin axırına Azərbaycan Elmlər Akademiyasının 57 həqiqi və 75 müxbir üzvü
olmuşdur.
Ulu öndərimiz Heydər Əliyevin 1982-ci ilin SSRİ rəhbərliyi tərəfindən irəli çəkilərək Sov.İKP MK
Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi yüksək vəzifəyə təyin edilməsi ilə
əlaqədar olaraq Bakıdan Moskvaya getdiyi və 1987-ci ilin oktyabr ayınadək orada işlədiyi vaxt ərzində də onun
diqqətinin daim canından artıq sevdiyi doğma vətəni Azərbaycanın üzərində olması nəticəsində Azərbaycan
Elmlər Akademiyası bu illərdə də öz fəaliyyətinin əvvəlki ahəngini qoruyub saxlaya bilmiş, xeyli elmi
nailiyyətlər qazanmış və əvvəlki ənənələrini qoruyub saxlaya bilmişdir.
Həmin dövrdə Elmlər Akademiyasında çalışan elmlər doktorlarının sayı 1,8 dəfə artaraq 185 nəfərdən
331 nəfərə, elmlər namizədlərinin sayı isə 10,7 faiz artaraq 2088 nəfərdən 2312 nəfərə çatmış və nəticədə həmin
dövrdə Elmlər Akademiyası alimlərinin əldə etdiyi 859 elmi nəticənin 281-i və ya 32,7 faizi SSRİ EA tərəfindən
sovet elminin ən mühüm nailiyyətləri sırasına daxil edilmişdir. Ancaq çox təəssüflər olsun ki, Azərbaycan
xalqının əbədiyaşar böyük oğlu Heydər Əliyevin xalqımızın düşməni M.Qorbaçov və onun erməni nökərlərinin
əli ilə Sov. İKP MK Siyasi Bürosu üzvlüyündən və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi yüksək
partiya və hökumət vəzifələrindən istefaya göndərilməsi, bütünlükdə Azərbaycan Respublikasına və onun
Elmlər Akademiyasına arxadan vurulan zərbə oldu və əsl faciə də məhz bundan sonra başladı. Heydər Əliyev
vəzifəsindən uzaqlaşdırıldıqdan sonra ilk zərbə hədəfi xalqımızın böyük ziyalılar ordusunun toplandığı
Azərbaycan Elmlər Akademiyası oldu. 1988-1992-ci illərdə müxtəlif səbəblər üzündən o vaxtkı səriştəsiz
respublika rəhbərliyinin Elmlər Akademiyasına və ümumiyyətlə, elmimizin inkişafına münasibəti son dərəcə
pisləşmiş və ifrat dərəcədə kəskinləşmişdi. 1992-ci ildə və 1993-cü ilin əvvəlində isə, hətta elə vəziyyət
yaranmışdı ki, bəzi üzdəniraq "demokratlar” hakimiyyətə yiyələndikdən sonra sanki Elmlər
Akademiyasından qisas almaq və ümumiyyətlə onu bağlamaq mövqeyi tutmuşdular, Onların əsas məqsədi
Elmlər Akademiyasını və onun çoxminli kollektivini əvvəlcə ölkə ictimaiyyətinin gözündən salmaq və sonra
onu tamamilə bağlamaqdan ibarət idi.
Akademiyaya olan bu ögey münasibətin nəticəsi idi ki, vaxtilə ən yüksək əmək haqqı alan alimlər üçün
ən aşağı səviyyəli əmək haqqı və rütbə maaşı müəyyən edilmişdi. Elə bu səbəbdən də həmin illərdə və sonrakı
dövrdə elmi işçilərin bir çoxu elmdən uzaqlaşaraq ticarət sahəsinə, özəl qurumlara və xarici ölkələrdə işləməyə
çıxıb getmişdilər. Ancaq ağır maddi çatışmazlıqlar və başqa sıxıntılar əsl elm adamlarının, vətən elmini
qoruyub saxlamaq arzusunda olan elm fanatlarının iradəsini sındıra bilməmiş və onlar yüksək
vətənpərvərlik və ziyalılıq qeyrəti göstərərək öz doğma elm ocaqlarını tərk etməmiş və bugünədək
fədakarlıq göstərərək burada qalıb işləməkdədirlər. 1993-cü ilin 15 iyununda xalqımızın təkidi ilə Heydər
Əliyevin ikinci dəfə Azərbaycanda hakimiyyətə qayıdışı bütünlükdə Azərbaycanın qurtuluşu olduğu
kimi, Azərbaycan Elmlər Akademiyasının da qurtuluşu oldu.
Azərbaycan xalqının milli fikir və mədəniyyətinin çoxəsrlik inkişaf yollarının aşkarlanmasında, onun
milli-mənəvi və elmi intibahında, elmin əksər sahələrini əks etdirən sistemli macəraya düşməsində, dünyada
168
tanınmış elmi məktəblərin və istiqamətlərin formalaşıb inkişaf etməsində misilsiz rol oynamış Azərbaycan Milli
Elmlər Akademiyasının 64 illik fəaliyyətinin tam 34 ili ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır və onun
ölkəmizə rəhbərlik etdiyi dövrə təsadüf edir. 1997-ci ilin 31 yanvarında Prezident Sarayında Heydər Əliyev
Elmlər Akademiyasının rəhbərləri, həqiqi və müxbir üzvləri, aparıcı alimləri ilə görüşündəki çıxışında Elmlər
Akademiyasına və onun alimlərinin əməyinə verdiyi yüksək qiymət 90-cı illərin axırlarında bu elm ocağının
bağlanması ilə bağlı şayiələrə və narahatçılıqlara son qoydu və burada çalışan əməkdaşların elmimizin sabahına
inamını və ümidini artırdı. Həmin görüşdəki çıxışında ulu öndərimiz Heydər Əliyev demişdir: "XX əsrdə
Azərbaycan xalqının ən böyük nailiyyətlərindən biri ölkəmizdə elmin, təhsilin sürətlə inkişaf etməsidir…
Biz bununla fəxr edirik. Bir şeyi bilməlisiniz-Azərbaycan Elmlər Akademiyası respublikamızın ən yüksək
elm müəssisəsidir… O, dövlətə məxsusdur. Bu akademiyanın işi və orada işləyənlərin səviyyəsi, şübhəsiz
ki, başqalarından yüksəkdir, yüksək də olacaq. Biz bu akademiyanın hörmətini həmişə qoruyub
saxlamalıyıq. Heç vaxt imkan vermək olmaz ki, akademiyamız, yüksək səviyyəli elmi-tədqiqat
institutlarımız yaranan cürbəcür özəl elmi müəssisələr arasında ərisin, itsin.
Buna yol vermək olmaz…” Təsadüfü deyildir ki, ulu öndərimiz Heydər Əliyevin 15 may 2001-ci il
tarixdə imzaladığı "Azərbaycan Milli Elmlər Akademiyası haqqında” fərmanı ilə Azərbaycan Elmlər
Akademiyasına "Milli Elmlər Akademiyası” kimi ən yüksək ali dövlət elmi-təşkilati statusu verilməsi və
nəhayət AMEA-ya seçkilər keçirilməsi barədə göstəriş verməsi böyük alimlər ordusu tərəfindən bilavasitə
dövlət başçımızın Azərbaycan elminə əvəzsiz qayğısının parlaq təzahürü kimi qiymətləndirilmiş və
minnətdarlıq hissi ilə qarşılanmışdır. Çox təqdirəlayiq haldır ki, Elmlər Akademiyasının tarixində ilk dəfə olaraq
Heydər Əliyevin göstərişi ilə 2001-ci ilin iyun ayında AMEA-ya seçkilər vaxtı akademiyamızın qarşısında
qoyulan vəzifələrin uğurla yerinə yetirilməsini təmin etmək və ölkəmizin görkəmli elm adamlarının bu elm
ocağının fəaliyyətinə daha geniş surətdə cəlb etmək məqsədilə onun üzvlərinin sayı 141-dən 200-ə (80 həqiqi və
120 müxbir üzvü) qaldırıldı. Ölkə başçısı Heydər Əliyevin respublika elminin inkişafına qayğısının digər bir
təzahürü isə 2001-ci il avqustun 7-də AMEA-nın Naxçıvan bölməsinin yaradılması haqqında fərman
imzalaması oldu. Blokada şəraitində yaşayan, ölkəmizin ayrılmaz tərkib hissəsi olan Naxçıvanda akademiyanın
bölməsinin yaradılması həm ölkəmizin sosial-iqtisadi, mədəni inkişafı, elmi tərəqqisi, həm də dövlətçiliyimizin
möhkəmləndirilməsi və qorunub saxlanması üçün müstəsna əhəmiyyət kəsb edir. Ölkə başçısının
akademiyamızın inkişafına qayğısının digər bir çox mühüm təzahürü isə Azərbaycan elminin gələcək
inkişafında yeni üfüqlər açan "Azərbaycan Milli Elmlər Akademiyasının statusu” və "Azərbaycan Milli Elmlər
Akademiyasının Nizamnaməsinin təsdiq edilməsi” haqqında 2003-cü il yanvarın 4-də imzaladığı fərmanda öz
əksini tapmışdır. Həmin fərmanda deyilir: "Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan
Respublikasında elmin inkişafını təşkil və təmin edən, dövlətin elmi və elmi-texniki siyasətini həyata
keçirən, Azərbaycan Respublikasındakı bütün elmi müəssisələrin elmi-tədqiqat fəaliyyətini əlaqələndirən
və istiqamətləndirən, Azərbaycan Respublikasını xarici ölkələrdə elmi və elmi-texniki fəaliyyət sahəsində
təmsil edən ali dövlət elmi təşkilatdır”. Ümummilli liderimizin bu tarixi fərmanı mövcud olduğu dövr ərzində
akademiyamızın fəaliyyətinə dövlət başçısı tərəfindən verilən ilk belə yüksək qiymət olub. AMEA-nın
prezidenti akademik Mahmud Kərimovun sözləri ilə desək: "Azərbaycan fundamental elminin əldə etdiyi
nailiyyətləri, Azərbaycanın sosial-iqtisadi, mədəni-mənəvi təşəkkülündə elmin rolunu, respublikanın,
xalqımızın ictimai-siyasi həyatında nüfuzunu və akademik elmin suveren Azərbaycan dövlətinin
tərəqqisinin təminatçısı olduğunu bir daha təsdiqləyərək elmimizin salnaməsinə "Heydər Əliyev
şəhadətnaməsi” kimi daxil oldu”. Ulu öndərimiz Heydər Əliyevin yolunu layiqincə davam etdirən Azərbaycan
Prezidenti cənab İlham Əliyev akademiyanın və onun üzvlərinin fəaliyyətinə yüksək qiymət verərək Milli
Elmlər Akademiyasının 60 illiyinə həsr edilmiş təntənəli yığıncaqdakı çıxışında demişdir: "…Azərbaycan
alimləri, ziyalıları ölkəmizin, cəmiyyətimizin elitasıdır. Onların dünyagörüşü, mövqeyi, hərəkətləri,
fəaliyyəti Azərbaycanın inkişaf dinamikasını, inkişaf perspektivlərini xeyli dərəcədə müəyyən edir.
Azərbaycanda çox güclü elmi potensial vardır. Azərbaycan Milli Elmlər Akademiyasının üzvləri çox
dəyərli şəxslərdir. Həm elm sahəsində, həm də ictimai həyatda xalqın hörmətini qazanmış insanlardır və
biz bu insanlarla fəxr edə bilərik. Mən də fəxr edirəm ki, Azərbaycan Milli Elmlər Akademiyası bu gün
çox yüksək səviyyədədir. Çalışmalıyıq ki, gələcəkdə öz işimizlə, əməyimizlə akademiyaya kömək göstərək,
onun bütün məsələlərini həll edək və Azərbaycanda elmin gələcək inkişafına nail olaq”. Azərbaycan Milli
Elmlər Akademiyasına, onun bütün əməkdaşlarına və həm də ölkəmizdə elmin inkişafına dövlət qayğısının daha
bir təzahürü də Azərbaycan Prezidenti İlham Əliyevin 4 may 2009-cu il tarixli sərəncamı ilə "Azərbaycan
Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”nın və "Azərbaycan
Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı
Dövlət Proqramı”nın təsdiq edilməsidir. Bu mühüm Dövlət Proqramının məqsədi respublikanın alim və
169
mütəxəssislərin təbiət, texnika, humanitar və ictimai elmlərin aparıcı istiqamətlərində fundamental və tətbiqi
tədqiqatların inkişafına yönəlmiş yaradıcılıq fəaliyyətlərini birləşdirmək, sosial-iqtisadi və mənəvi inkişafın
mühüm problemləri üzrə tədqiqatları təşkil etmək, elm və texnikanın nailiyyətlərinin praktikada istifadə
edilməsi üçün tədbirlər görmək, elmi müasir cəmiyyətimizin qurulmasını təmin edən əsas amilə çevirməkdir.
Bu proqramın əsas vəzifələri isə fundamental elmin, vacib tətbiqi tədqiqatların, araşdırmaların inkişafını və
milli istehsalatın yeni texnologiyalara tələbatını ödəmək məqsədi ilə təşkilati və iqtisadi mexanizmlərin
yaradılması, elmi, elmi-texnoloji və innovasiya fəaliyyətinin normativ-hüquqi bazasının təkmilləşdirilməsi, elm
və texnologiyalar sahəsində yüksək ixtisaslı elmi və mühəndis kadrların hazırlanması sisteminin
təkmilləşdirilməsi, dünyadakı müasir meyilləri nəzərə alaraq, elmi tədqiqatların və təcrübi işləmələrin prioritet
istiqamətlərinin müəyyənləşdirilməsi, beynəlxalq elmi-texniki əməkdaşlığın inkişaf etdirilməsi, elm və təhsilin
inteqrasiyası, milli innovasiya sisteminin formalaşdırılması, elmi işçilərin statusunun, sosial təminatının və
gəlirlərinin artırılmasına yönəlmiş qanunvericilik bazasının yaradılmasının həyata keçirilməsinə yönəldilmişdir.
Bu vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün hazırda Milli Elmlər Akademiyasının kifayət qədər elmitexniki
kadr potensialı vardır. 2008-ci ilin məlumatlarına əsasən burada çalışan əməkdaşların ümumi sayı 9714
nəfərdir. Onların 4784 nəfərini və ya 49,2 faizini elmi işçilər, elmi işçilərin isə 529 nəfərini elmlər doktorları,
2068 nəfərini isə elmlər namizədləri təşkil edir. Hazırda aspiranturada 608 nəfər aspirant (507 nəfərə yəni, 101
nəfər qiyabi) təhsil alır. AMEA-nın elmi müəssisələrində 1324 dissertant vardır ki, onların da 472-si və ya 35,6
faizini xarici vətəndaşlar təşkil edirlər. Akademiya üzvlərinin 61 nəfəri həqiqi, 113 nəfəri isə müxbir üzvlərdən
ibarətdir. Ancaq təəssüf hissi ilə qeyd etmək lazımdır ki, hazırda akademiyanın elmi və elmi-texniki kadr
potensialı yaş tərkibinə görə xeyli "qocalmışdır”. İndi onun həqiqi üzvlərinin orta yaşı 75-i, müxbir üzvlərinin
orta yaşı isə 67-ni ötüb keçmişdir. Rəsmi statistik məlumatlara əsasən hazırda bütünlükdə götürüldükdə
respublikamızda mövcud olan elmlər doktorlarının sayı 1824, elmlər namizədlərinin sayı isə 8765 nəfərdir.
Elmlər doktorlarının 271 nəfəri filologiya, 262 nəfəri fizika-riyaziyyat, 237 nəfəri texnika, 188 nəfəri tibb, 161
nəfəri kimya, 120 nəfəri biologiya, 106 nəfəri tarix, 86 nəfəri iqtisadiyyat, 70 nəfəri fəlsəfə, 353 nəfəri isə başqa
elm sahələrini təmsil edirlər. İqtisad elmləri namizədlərinin isə müvafiq surətdə 1031 nəfəri filologiya, 1027
nəfəri fizika-riyaziyyat, 1017 nəfəri texnika, 858 nəfəri tibb, 785 nəfəri kimya, 701 nəfəri biologiya, 617 nəfəri
iqtisadiyyat, 400 nəfəri tarix, 307 nəfəri, 2021 nəfəri isə başqa elm sahələrində çalışanların payına düşür.
Ölkəmizdə mövcud olan elmlər doktorları və elmlər namizədlərinin yaş quruluşuna gəldikdə isə aydın olur ki,
hazırda respublikamızdakı elmlər doktorlarının 30,6 faizini 50-59 yaşda, 40,1 faizini 60-69 yaşda, 19,7 faizini
isə 70 və yuxarı yaşda olanlar təşkil etdiyi halda, cəmi 8,8 faizini 40-49 yaşda, 0,8 faizini isə 31-39 yaşda
olanlar təşkil edirlər. Elmlər namizədlərinə gəldikdə isə onların arasında 50-59 yaşda olanların xüsusi çəkisi
30,2 faiz 60-69 yaşda olanlarınkı 23,7 faizi 70 və yuxarı yaşda olanların xüsusi çəkisi isə 7,1 faiz olduğu halda,
bu göstərici 40-49 yaşlılar üzrə 25,2 faiz, 31-39 yaşda olanların xüsusi çəkisi 11,7 faiz, 30 yaşdan kiçik olanların
xüsusi çəkisi isə cəmi 2,1 faiz olmuşdur. Bu göstəricilərdən aydın olur ki, ölkəmizdə mövcud olan elmlər
doktorlarına nisbətən, elmlər namizədləri arasında cavanlar xeyli çoxdur və bu gələcəkdə elmlər doktorlarının
sayının artırılması üçün hələlik xeyli potensial imkanlarımızın olduğunu göstərir. Buna görə də həmin sahəyə
dövlət qayğısının daha da artırılması və bu sahələr üzrə qəbul edilmiş Dövlət Proqramında qarşıya qoyulmuş
vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsi gələcəkdə ölkəmizdə indikinə nisbətən daha güclü və yüksək
intellektual inkişaf səviyyəsinə malik olan və dövrün tələblərinə cavab verən elmi və elmi-texniki kadr
potensialının yaradılmasına və onların əməyindən ölkəmizin sosial-iqtisadi tərəqqisi üçün daha səmərəli və
dolğun istifadə edilməsinə imkan verəcəkdir. İndi bütünlükdə ölkəmizin, ilk növbədə də Milli Elmlər
Akademiyası alimlərinin qarşısında duran başlıca vəzifə möhtərəm Prezidentimiz İlham Əliyevin
ətrafında daha sıx birləşərək onun rəhbərliyi altında Azərbaycan dövlətinin iqtisadi və hərbi qüdrətini
daha da möhkəmləndirmək üçün bütün imkanları səfərbərliyə alıb elmimizin səviyyəsini və onun dünyaya
inteqrasiyasını təmin etməkdən ibarətdir. Yalnız belə olan halda biz ulu öndərimiz Heydər Əliyevin
vəsiyyətlərini yerinə yetirməkdə möhtərəm Prezidentimiz İlham Əliyevə, onun həyata keçirdiyi siyasətin
davamlılığının təmin edilməsinə öz töhfəmizi vermiş olarıq.
Professor Əyyub Əyyubov
Mingəçevir Turizim Kollecinin direktoru