WUF13 və Azərbaycanın şəhərsalma perspektivləri: ekoloji urbanizasiya strategiyalarında dayanıqlı inkişafa qlobal baxış

AYNA ƏLİXAN

 İctimai-siyasi elmlər üzrə təlimçi, tədqiqatçı, AMEA-nın dissertantı

2026-cı ildə dünyanın şəhərsalma sahəsində ən nüfuzlu tədbirlərindən olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Bakı şəhərində keçirilməsi qərarı Azərbaycanın beynəlxalq urbanizasiya proseslərinə verdiyi töhfənin və etibarlı tərəfdaş kimi qazandığı yüksək etimadın göstəricisidir.

                                            İLHAM ƏLİYEV

       Azərbaycan Respublikasının Prezidenti

 

 Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) keçirilməsi ilə  Ümumdünya Şəhərsalma Forumunun (WUF13) Bakıda keçiriləcək 13-cü Sessiyası dayanıqlı urbanizasiya sahəsində ən əhəmiyyətli beynəlxalq tədbirlərdən biridir.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, WUF13 Təşkilat Komitəsinin sədri Samir Nuriyev: "Şəhərsalma mühitinin inkişafında Heydər Əliyevin əvəzolunmaz töhfələri xüsusi əhəmiyyətə malikdir, çünki bir ölkənin yaşayış məkanlarının, kənd, qəsəbə və şəhərlərinin simasının dəyişməsi uzunmüddətli inkişaf strategiyasının necə həyata keçirildiyi haqqında fikir formalaşdıran əsaslardan biridir".

WUF13 Təşkilat Komitəsinin sədri Samir Nuriyevin  bu fikirləri bir daha göstərir ki, şəhərsalma yalnız infrastrukturun qurulması deyil, eyni zamanda dövlətin inkişaf fəlsəfəsini, milli baxışını və gələcəyə yönəlmiş strateji hədəflərini əks etdirən mühüm amildir. Məhz Heydər Əliyev tərəfindən əsası qoyulan şəhərsalma siyasəti Azərbaycanın müasir və dayanıqlı inkişaf modelinin formalaşmasında fundamental rol oynayıb.

Şəhərsalma mühitinin inkişafında ümummilli lider Heydər Əliyevin strateji inkişaf xəttinin xüsusi və əvəzolunmaz əhəmiyyəti vardır. Onun rəhbərliyi dövründə ölkədə həyata keçirilən genişmiqyaslı quruculuq və abadlıq siyasəti Azərbaycanın müasir urbanizasiya modelinin formalaşmasında mühüm rol oynayıb. Paytaxt Bakı ilə yanaşı, regionlarda da yol-nəqliyyat infrastrukturu, yaşayış kompleksləri, sosial obyektlər, park və istirahət zonalarının yaradılması, şəhər, kənd , qəsəbələrin yenilənməsinə və əhalinin həyat səviyyəsinin yüksəlməsinə xidmət edib.

Bu siyasət nəticəsində şəhərlərin və yaşayış məntəqələrinin sosial, iqtisadi və ümumi inkişaf dinamikası daha da güclənmişdir. Xüsusilə insanların rahat və təhlükəsiz yaşayışının təmin edilməsi, ekoloji tarazlığın qorunması, müasir infrastrukturun yaradılması və milli memarlıq irsinin yaşadılması istiqamətində həyata keçirilən kompleks layihələr dövlətin insan amilinə verdiyi yüksək önəmin bariz göstəricisidir.

Bu gün müasir Azərbaycanın şəhərsalma sahəsində əldə etdiyi uğurlar, “ağıllı şəhər”“ağıllı kənd” konsepsiyalarının tətbiqi, yaşıl enerji layihələrinin genişləndirilməsi və dayanıqlı urbanizasiya istiqamətində atılan ardıcıl addımlar Heydər Əliyev tərəfindən əsası qoyulan "şəhərsalma siyasətinin" nə qədər uzaqgörən və çoxşaxəli olduğunu bir daha təsdiqləyir.

Və bu siyasət təkcə müasir memarlıq və infrastrukturun inkişafını deyil, həm də milli-mədəni irsin qorunmasını və yaşadılmasını əsas prioritetlərdən biri kimi ön plana çıxarır.

Beləliklə, Azərbaycanın şəhərsalma modeli müasir çağırışlara cavab verən, eyni zamanda milli kimliyi və tarixi-mədəni dəyərləri qoruyaraq inkişaf edən dayanıqlı bir istiqamət kimi formalaşır. Bu yanaşma gələcək nəsillər üçün daha sağlam, təhlükəsiz və innovativ yaşayış mühitinin yaradılmasına xidmət etməklə yanaşı, Azərbaycanın qlobal şəhərsalma proseslərində fəal və nüfuzlu iştirakını da təmin edir.

Bu gün İlham Əliyev tərəfindən uğurla davam etdirilən inkişaf strategiyası nəticəsində Azərbaycanın şəhərsalma siyasəti beynəlxalq standartlara uyğun olaraq müasirləşir və çağdaş urbanizasiya tələblərinə cavab verən yeni inkişaf mərhələsinə qədəm qoyur.

Bu mühüm tədbirdə xüsusilə işğaldan azad olunmuş ərazilərdə Azərbaycan dövləti tərəfindən Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı yenidənqurma və şəhərsalma modeli xüsusi diqqət mərkəzindədir. Burada tətbiq olunan “ağıllı şəhər” “ağıllı kənd” konsepsiyaları dayanıqlı inkişaf, rəqəmsallaşma və ekoloji urbanizasiya baxımından yeni inkişaf mərhələsinin başlanğıcı kimi dəyərləndirilir və Azərbaycanın müasir şəhərsalma siyasətində strateji dönüş nöqtəsini ifadə edir.

Eyni zamanda, həmin ərazilərdə müasir infrastrukturun qurulması, innovativ texnologiyaların geniş tətbiqi və yaşayış mühitinin beynəlxalq standartlara uyğun şəkildə formalaşdırılması regionların uzunmüddətli və dayanıqlı inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.

BMT-nin Məskunlaşma Proqramı və Azərbaycan Hökumətinin birgə təşkilatçılığı ilə Bakıda keçiriləcək WUF13 dünyanın diqqətini yenidən ölkəmizə yönəldəcəkdir. “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusu çərçivəsində forum qlobal şəhərsalma çağırışlarını ön plana çıxaracaq, inklüzivlik və dayanıqlı inkişafın əsas istiqamətlərinin müzakirəsinə şərait yaradacaqdır. Eyni zamanda, bu tədbir Yeni Şəhər Gündəliyinin icrasının formalaşdırılmasına mühüm töhfə verəcəkdir.

Forumda iştirakçılar təkcə şəhərinfrastrukturunun inkişafı, davamlı mobillik, rəqəmsallaşma və sakinlərin həyat keyfiyyətinin yaxşılaşdırılması sahəsində aparıcı qlobal təcrübələr haqqında məlumat almaq deyil, həmçinin beynəlxalq əməkdaşlığın genişləndirilməsi perspektivlərinin müzakirəsinə qoşulmaq baxımından da geniş imkanlar əldə edəcəklər.

İndiyədək 180 ölkədən 32 min 225 nəfər qeydiyyatdan keçib ki, bu da artıq WUF tarixində rekord göstəricidir. Xüsusilə qeyd edək ki, WUF13, həmçinin WUF tarixində ilk dəfə Liderlər Sammiti seqmentinin proqrama daxil edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Bu forum şəhərlər arasında qlobal əməkdaşlığın gücləndirilməsində mühüm addım olacaq və müasir urbanizasiya problemlərinin effektiv həlli yollarının hazırlanmasına töhfə verəcək.

Tədbir çərçivəsində şəhərsalma, idarəetmə və iştirakçılıq kimi mühüm problemləri müzakirə ediləcək, müxtəlif maraqlı tərəflərin fikirlərini dinləməklə yanaşı, hamı üçün əlçatan mənzil təminatı,  qeyri-rəsmi yaşayış məskənlərinin transformasiyası, bərpa və yenidənqurma prosesləri, habelə iqlim davamlılığının gücləndirilməsi məqsədilə atılacaq addımların müəyyənləşdirilməsi kimi əsas məsələlərə də toxunulacaq.

Ümumdünya Şəhərsalma Forumunun əsas prioriteti müasir urbanizasiya proseslərini, şəhərlərin praktiki təcrübəsini, ekspert biliklərini və innovativ həlləri bir araya gətirərək dayanıqlı və effektiv inkişaf strategiyalarının hazırlanmasına nail olmaqdır.

Əminliklə vurğulamaq istərdik ki, Bakı şəhərində keçiriləcək bu forum davamlı mobillik, şəhər idarəetməsinin rəqəmsal transformasiyası, ətraf mühitin dayanıqlılığı və sakinlər üçün daha komfortlu şəhər mühitinin formalaşdırılması istiqamətlərində əldə olunmuş uğurlu təcrübələrin mübadiləsi vasitəsilə bu sahənin inkişafına əhəmiyyətli dərəcədə dəstək göstərəcəkdir.

Multikultural dəyərləri ilə seçilən Azərbaycan, paytaxt Bakı şəhərində dostluq və həmrəylik ruhunda dünyanın ən nüfuzlu şəhərsalma forumlarından biri olan WUF13-na ev sahibliyi etməyə hazırlaşır. Mayın 17–22-də keçiriləcək “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunan bu mühüm beynəlxalq tədbir qlobal şəhərsalma gündəliyində xüsusi yer tutur.

Bakı şəhəri dayanıqlı və yaşana bilən şəhər mühitlərinin formalaşdırılması istiqamətində bütün iştirakçıları bu qlobal platformada bir araya gəlməyə dəvət edir və daha müasir, təhlükəsiz və inklüziv şəhər gələcəyinin qurulması naminə geniş əməkdaşlığa hazır olduğunu bəyan edir.