Türkiyədə Azərbaycanın görkəmli şairi Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığına həsr olunmuş kitab nəşr ediləcək. Kitaba Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığından əlavə "Gülüstan”, "Atılmışlar”, "Şəhidlər” poemaları və şeirləri daxil edilib.
1000 səhifəlik kitab çapa azərbaycanlı alim Esmira Fuad Şükürova tərəfindən hazırlanıb.
Kitaba Bəxtiyar Vahabzadənin yaxın dostu, müasir Türk poeziyasının tanınmış nümayəndəsi Yavuz Bülənt Bakilər ön söz yazıb.
Kitabın sentyabr ayında işıq üzü görməsi planlaşdırılır. Kitabın çapından sonra Bəxtiyar Vahabzadənin 90 illik yubileyinin keçirilməsi gözlənilir.
Onu da əlavə edək ki, Bəxtiyar Vahabzadə sovet dövründə Türkiyədə kitabı çap edilmiş ilk azərbaycanlı şair olmaqla birlikdə Türk oxucularının ən çox tanıdığı azərbaycanlı söz sənətkarıdır.