V.Putin: Rusiya ilə Azərbaycanın münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır. Bu münasibətlərin əsasını qədim dostluq və mehriban qonşuluq ənənələri, hüquq bərabərliyi, bir-birinin mənafelərinə hörmət, ortaq tarix və mədəniyyət, milyonlarla insanın qaynayıb-qarışmış taleləri təşkil edir.
İki ölkənin dövlət başçıları, hökumətləri və parlamentləri arasında qarşılıqlı etimada əsaslanan əlaqələr məhz bu cür möhkəm təməl üzərində inkişaf edir. Ticari-iqtisadi və investisiya, energetika sferalarında, nəqliyyat infrastrukturu, avtomobilqayırma, səhiyyə sahələrində qarşılıqlı faydalı əməkdaşlıq dərinləşir.
Bir faktı da qeyd edim ki, regionlarımız arasında kooperasiya çox yüksək səviyyəyə qalxıb. Bu gün Rusiya Federasiyasının 17 subyekti Azərbaycandakı tərəfdaşları ilə ticari-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında sazişləri həyata keçirir. Rusiyanın 70-dən çox regionunun müəssisə və şirkətlərinin sizin ölkə ilə xarici ticarət münasibətləri var.
Biz Cənubi Qafqazda MDB və aparıcı beynəlxalq strukturlar çərçivəsində sıx qarşılıqlı fəaliyyət göstəririk. Xəzərdə əməkdaşlığın genişləndirilməsi üçün əhəmiyyətli potensial görürük - ilk növbədə Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistanın daxil olduğu "Xəzər beşliyi” və İranın iştirakı ilə formalaşmaqda olan üçtərəfli partnyorluq çərçivəsində. Humanitar əlaqələr dostluq və mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsində mühüm rol oynayır. Məsələn, qeyd edə bilərəm ki, təhsil sahəsində əlaqələrin dinamikası durmadan artır. Hazırda 15 minə yaxın azərbaycanlı tələbə Rusiyada təhsil alır, Azərbaycanda isə Rusiya ali məktəblərinin filialları uğurla fəaliyyət göstərir.
Bizim birgə layihəmiz – Rusiya və Azərbaycan prezidentlərinin himayəsi altında keçirilən Bakı Beynəlxalq Humanitar Forumu müasir dövrün aktual problemlərinin müzakirəsi üçün öz əhəmiyyətini və ona tələbat olduğunu nümayiş etdirir. Nisbətən qısa müddətdə - 2011-ci ildən bəri bu Forum regional və beynəlxalq ictimai həyatın mühüm hadisəsinə çevrilib. İndi azərbaycanlı həmkarlarımızla birlikdə bu ilin sentyabr ayına planlaşdırılmış beşinci görüşə fəal hazırlaşırıq.
V.Putin: Dünya iqtisadiyyatının mürəkkəb, əlverişsiz konyunkturu həqiqətən bizim işgüzar əlaqələrə də təsir göstərib. Bununla belə, Rusiyanın MDB ölkələri ilə xarici ticarətində Azərbaycan Belarus, Qazaxıstan, Ukrayna və Özbəkistandan sonra beşinci yeri tutur. Rusiya isə Azərbaycan mallarının idxalında liderlik edir.
Federal Gömrük Xidmətinin məlumatına görə 2015-ci ildə Rusiya ilə Azərbaycan arasında əmtəə dövriyyəsi 2014-cü ildəki 4 milyard dollar ilə müqayisədə 30 faiz azalaraq 2,8 milyard dollara düşüb. Bu il vəziyyətdə hələlik dönüş edə bilməmişik: yanvar-may aylarının yekunlarına görə qarşılıqlı əmtəə dövriyyəsinin həcmi 568,5 milyon dollar olub. Bu, 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 52,8 faiz azdır.
Düşünürük ki, bizim bazarda tələbat duyulan Azərbaycan kənd təsərrüfatı məhsullarının Rusiyaya satışının, həmçinin Rusiyadan Azərbaycana əkin sahələrinin genişləndirilməsi üçün zəruri olan gübrə və kənd təsərrüfatı texnikası ixracının artırılması qarşılıqlı ticarətin genişlənməsində mühüm rol oynaya bilər.
Hesab edirik ki, "Uralvaqonzavod” tərəfindən Azərbaycana dəmir yolu nəqliyyatı göndərilməsi, "Krasnoye Sormovo” zavodu tərəfindən Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi üçün iki tankerin tikintisi və çatdırılması, Rusiyanın "R-Farm” şirkətlər qrupunun iştirakı ilə birgə əczaçılıq istehsalatının təşkili üzrə planlar tam həcmdə yerinə yetiriləcək.
Nəqliyyat, maliyyə, sığorta, telekommunikasiya, mədəniyyət və istirahət sahələrində xidmətlərin qarşılıqlı ticarətinin genişlənməsi ticari-iqtisadi əlaqələrin inkişafının daha bir mühüm istiqaməti ola bilər. Bu sahələr elə indi əmtəə dövriyyəsinin ümumi göstəricilərinə təxminən 20 faiz – 0,5 milyard dollar əlavə edir.
"Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində İran və Azərbaycan dəmir yollarının birləşdirilməsi nəzərə alınmaqla Rusiyanın və Azərbaycanın tranzit potensialından tamdəyərli istifadə edilməsi üçün yeni perspektivlər açılır.
Rusiya Ticarət-Sənaye Palatası nəzdində təşkil edilmiş Rusiya-Azərbaycan İşgüzar Şurası çərçivəsində ölkələrimizin biznes dairələri arasında qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsini vacib hesab edirik. Ümidvarıq ki, Azərbaycanda da analoji qurum yaradılacaq.
Əmtəə dövriyyəsinin azalması fonunda dövlətlərimizin investisiya sahəsində əməkdaşlığı tamamilə sabit inkişaf edir. Bu gün Rusiyanın 600-ə yaxın şirkəti, o cümlədən yüz faiz Rusiya kapitalı əsasında işləyən iki yüzə yaxın şirkət Azərbaycan bazarında fəaliyyət göstərir. Eyni zamanda, Rusiyanın Azərbaycana birbaşa investisiyaları 1,4 milyard dollara yaxındır.
Hazırda ölkələrimizin şirkətləri arasında qarşılıqlı hesablaşmalar əsasən dollarla aparılır. Biz bu şirkətlərin qarşılıqlı hesablaşmalarının milli valyutalara keçirilməsini stimullaşdıran şərait yaradılması işini davam etdirəcəyik.
V.Putin: Azərbaycan Prezidenti İlham Heydər oğlu Əliyevin dəvəti ilə avqustun 8-də biz iqtisadiyyatdan və humanitar əlaqələrdən başlamış, təhlükəsizlik və terrorizmə qarşı mübarizə məsələlərinə qədər ən müxtəlif sahələrdə uzunmüddətli qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi perspektivlərini müzakirə etmək üçün ilk dəfə üç dövlət başçısı səviyyəsində Bakıda toplaşacağıq.
Ümumi uzunluğu 7200 kilometr olan "Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi flaqman layihəsi bizim danışıqların fokusunda olacaq. Bu layihə Hindistandan, İrandan, Fars körfəzi ölkələrindən Azərbaycanın, Rusiya Federasiyasının ərazisinə, daha sonra Şimali və Qərbi Avropaya tranzit yüklərin daşınması üçün optimal imkanlar yaradılmasına yönəlib.
Qeyd edim ki, 2015-ci ilin yekunlarına görə "Rusiya Dəmir Yolları” Açıq Səhmdar Cəmiyyətinin iştirakı ilə "Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə yükdaşımaların həcmi 7,3 milyon ton olub. Bu, 2014-cü ilin müvafiq göstəricisindən 4,1 faiz və ya 0,3 milyon ton çoxdur.
Energetika, nəqliyyat infrastrukturu sahələrində strateji investisiya layihələrinin reallaşdırılması qarşılıqlı fəaliyyətin digər perspektivli istiqamətləridir. Xidmətlər ticarətinin, o cümlədən turizm, səhiyyə, təhsil sahələrində genişləndirilməsi üçün yaxşı imkanlar vardır.
V.Putin: İran Rusiyanın çoxdankı tərəfdaşıdır. İnanırıq ki, İranın nüvə proqramına dair hərtərəfli sazişdən sonra İran ətrafında gərginliyin azalması ikitərəfli əlaqələrin xeyrinə olacaq.
Biz ilk növbədə ticari-iqtisadi əməkdaşlığın genişləndirilməsini davam etdirmək niyyətindəyik. Keçən il noyabrın 23-də Tehrana səfərin və İranın Ali Rəhbəri Əli Xamneyi, həmçinin İran Prezidenti Həsən Ruhani ilə danışıqların gedişində əmin oldum ki, İran rəhbərliyi həqiqətən bu yanaşmaya şərikdir.
Məsələn, birgə səylərlə qarşılıqlı ticarətin həcmini artırmağa müvəffəq olduq. Cari ilin ilk beş ayının yekunlarına görə ticarətin həcmi 70 faiz artaraq təqribən 855 milyon dollar təşkil edib.
Rusiya-İran əməkdaşlığı artıq indinin özündə bir sıra istiqamətlərdə strateji xarakter daşıyır. Bu, ilk növbədə "dinc atom” sahəsində birgə işə aiddir. İranda Rusiya texnologiyaları əsasında birinci "Buşəhr” Atom Elektrik Stansiyası inşa edilib. İranda rusiyalı mütəxəssislər tərəfindən daha səkkiz atom enerji blokunun tikilməsi üzrə planlar razılaşdırılıb.
İranın nüvə proqramı üzrə fəaliyyət planının yerinə yetirilməsində, o cümlədən saflaşdırılmış uranın emalında və istehsal güclərinin profilinin dəyişdirilərək sabit izotopların istehsalına yönəldilməsində bundan sonra da iranlı tərəfdaşlara kömək edəcəyik.
Neft-qaz, aviakosmik və elektroenergetika sahələrində irimiqyaslı birgə layihələr işlənib hazırlanır. Məsələn, Rusiya Fars körfəzi sahilində, Bəndər-Abbas şəhəri yaxınlığında istilik elektrik stansiyasının tikintisinin maliyyələşdirilməsi və İranın şimal-şərqində Qarmsar-İncəburun dəmir yolu sahəsinin elektrikləşdirilməsi üçün İrana 2,2 milyard avro məbləğində iki dövlət krediti vermək niyyətindədir.
Avrasiya İqtisadi İttifaqı ilə İran arasında azad ticarət zonasının yaradılması Rusiya-İran ticarət və investisiya əlaqələrinə güclü təkan verə bilər. Mümkün sazişin parametrlərini ətraflı öyrənən birgə tədqiqat qrupu artıq işə başlayıb.
V.Putin: Əlbəttə, Rusiya, Azərbaycan və İran sərhədlərinin bilavasitə yaxınlığında Əfqanıstan və Yaxın Şərq kimi iki iri qeyri-sabitlik ocağının olması bizi narahat etməyə bilməz. Bu regionlardan ilk növbədə narkotiklərin axınının, silah qaçaqmalçılığının, silahlıların yerdəyişməsinin artması ilə bağlı beynəlxalq terrorizm və transsərhəd cinayətkarlıq təhlükəsi yaranır.
Xüsusi vurğulayıram, bu yaxınlarda dünyanın müxtəlif regionlarında törədilmiş terror aktları bir daha göstərir ki, terrorizmə qarşı yalnız birlikdə, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq, BMT əlaqələndirici rol oynamaqla mübarizə aparmaq olar. Burada ikili standartlar olmamalıdır, terrorçuları "yaxşılara” və "pislərə” bölmək olmaz. Əlbəttə, terrorçu, radikal və ekstremist qruplaşmalardan siyasi və ya geosiyasi maraqlar üçün istifadə etməyə çalışmaq yolverilməz və son dərəcə təhlükəlidir.
Ölkələrimiz beynəlxalq birlikdə məhz bu prinsipləri fəal surətdə önə çəkir, istər siyasi səviyyədə, istərsə də hüquq mühafizə və xüsusi xidmət orqanları xətti ilə çoxtərəfli əməkdaşlığı maksimum genişləndirməyə və möhkəmləndirməyə çalışır.
Bu gün Rusiya, Azərbaycan və İranın bu sahədə sıx dialoq yaratmasından danışmaq olar. Belə ki, biz Bakı ilə MDB-nin Antiterror Mərkəzi çərçivəsində, habelə ikitərəfli əsasda qarşılıqlı fəaliyyət göstəririk. Mühüm yanaşmalarda Tehranla da mövqelərimizdə yaxınlaşma var. Şanxay Əməkdaşlıq Təşkilatının xətti ilə çoxtərəfli antiterror əməkdaşlığının dərinləşməsində əlavə imkanlar görürük.
İranlı tərəfdaşlarımızla birlikdə narkotiklərin qaçaqmalçılıq yolu ilə daşınması kanallarının kəsilməsi üzrə "Təmiz Xəzər” adlı əməliyyat keçiririk. "Xəzər antinarkotik beşliyi” forumunun böyük potensialı var.
V.Putin: Rusiyanı Azərbaycan və Ermənistan ilə dərin tarixi köklər, strateji xarakterli münasibətlər, coğrafi yaxınlıq bağlayır. Buna görə də biz həqiqətən maraqlıyıq ki, qonşu regionda sülh və asayiş yenidən bərqərar olsun, orada insanlar həlak olmasınlar, sərhədlər açılsın, iqtisadi əlaqələr bərpa edilsin.
Bunun üçün nə mümkündürsə edirik. Xatırladım ki, Rusiyanın birbaşa köməyi ilə 1994-cü ilin mayında atəşkəs haqqında saziş imzalanıb və bu saziş indiyə qədər atəşkəsin əsasını təşkil edir. 2008-ci ildə Moskva Bəyannaməsinin qəbul edilməsi mühüm mərhələ oldu. Sənəddə təsdiq edilib ki, münaqişənin tənzimlənməsinə yalnız siyasi yolla nail olmaq mümkündür. Yeri gəlmişkən, bu, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair Azərbaycan və Ermənistan prezidentlərinin imzaladıqları ilk və hələlik yeganə sənəddir. Bu il aprel ayının əvvəlində irimiqyaslı döyüş əməliyyatlarının dayandırılmasında da məhz Rusiya həlledici rol oynayıb.
Xüsusi vurğulamaq istəyirəm ki, biz Azərbaycana və Ermənistana hansısa hazır reseptləri qəbul etdirməyə əsla çalışmırıq. Tərəflər kənardan təzyiq olmadan özləri razılığa gəlməli, qarşılıqlı məqbul həll yollarını tapmalıdırlar. Bu, bizim qəti mövqeyimizdir.
Kompromisin əldə edilməsi ərazi bütövlüyü və xalqların təyini-müqəddərat hüququ prinsipləri arasında optimal tarazlığın tapılmasını nəzərdə tutur. Biz Azərbaycan və Ermənistan rəhbərliyi üzərində necə böyük bir məsuliyyətin olduğunu tam başa düşürük. Münaqişənin həllinə dair bu il iyunun 20-də Sankt-Peterburqda keçirilən sonuncu sammitdə üstünlük təşkil edən konstruktiv əhval-ruhiyyəni alqışlayırıq.
Tənzimlənmənin son məqsədi elə bir razılaşma olmalıdır ki, tərəflərdən heç biri nə qalib, nə də məğlub sayılsın, güzəştlər qarşılıqlı, tərəflərin hər birinin qazancı həm Azərbaycanda, həm Ermənistanda ictimai rəy üçün aydın olsun.
Öz növbəsində Rusiya problemin cəlb olunmuş bütün tərəfləri razı salacaq həll variantını dəstəkləməyə, digər vasitəçilərlə birlikdə tənzimləmənin qarantı kimi çıxış etməyə hazırdır.
Daha bir mövzuya toxunmaq istərdim. Bəzən deyirlər ki, Rusiya Dağlıq Qarabağ tənzimlənməsi ilə bağlı fəaliyyəti inhisarlaşdırmağa, digər vasitəçiləri kənarlaşdırmağa çalışır. Bu, yanlış təsəvvürdür. Rusiya Prezidentinin iştirakı ilə Qarabağ mövzusuna dair üçtərəfli sammitlər, - onların sayı iyirmidən çoxdur, - münaqişənin tənzimlənməsi üzrə ATƏT-in həmsədrləri Rusiya, ABŞ və Fransa olan Minsk qrupunun səylərini üzvü şəkildə tamamlayır. Qeyd edim ki, Sankt-Peterburqda yuxarıda adı çəkilən üçtərəfli zirvə görüşünün yekun hissəsində Amerika və Fransa nümayəndələri də iştirak ediblər.
Öz növbəsində bu il mayın 16-da Vyanada ABŞ-ın təşəbbüsü ilə İlham Heydər oğlu Əliyevin və Serj Azatoviç Sarkisyanın görüşünə Rusiyanın xarici işlər naziri Sergey Viktoroviç Lavrov və Fransa Xarici İşlər Nazirliyinin Avropa işləri üzrə dövlət katibi Arlem Dezir dəvət ediliblər.
Belə yanaşma beynəlxalq münaqişələrin həllində necə işləməyin mümkün və lazım olmasının nümunəsidir. Ümidvaram ki, tərəflərin hamını qane edən həllə nail olmalarına birgə səylərlə kömək edə biləcəyik.