Afaq Şıxlı: “Azərbaycanla bağlılığın ən möhkəm dayaqları ana dili, milli mədəniyyət və tarixi yaddaşdır”
Qloballaşan dünyada milyonlarla azərbaycanlı Vətəndən kənarda yaşayır və yeni nəsillərin milli kimliyinin, ana dilinin qorunması getdikcə daha aktual məsələyə çevrilir. Xaricdə böyüyən uşaqların Azərbaycan dilini öyrənməsi, milli-mənəvi dəyərlərə bağlı yetişməsi və Vətənlə əlaqələrinin möhkəmləndirilməsi bu gün diaspor həyatının əsas prioritetlərindəndir. Rusiyada yaşayan tanınmış azərbaycanlı şairə, Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin məsul katibi Afaq Şıxlı ilə söhbətimizdə ana dilinin milli kimliyin formalaşmasındakı rolu, ailənin və diaspor təşkilatlarının məsuliyyəti, eləcə də xaricdə yaşayan gənclərin Azərbaycanla mənəvi bağlarının gücləndirilməsi yolları barədə danışdıq.
– Ana dilini bilməmək milli mənsubiyyət hissinə necə təsir göstərir?
– Ana dili insanın milli kimliyinin ən mühüm dayaqlarından biridir. Dil təkcə ünsiyyət vasitəsi deyil, xalqın tarixi yaddaşı, mədəniyyəti, dünyagörüşü və mənəvi sərvətidir. İnsan ana dilini bilməyəndə və ya zamanla onu unutmağa başlayanda öz köklərindən də uzaq düşür. Çünki biz xalqımızın tarixini, ədəbiyyatını, folklorunu, adət-ənənələrini məhz dil vasitəsilə öyrənirik. Ana dilini bilməmək milli mənsubiyyət hissini tamamilə itirmək demək deyil, lakin bu hissin zəifləməsinə səbəb ola bilər. Dil insanla Vətən arasında görünməyən, lakin çox möhkəm bir bağdır. O bağ nə qədər güclü olarsa, insanın öz xalqına bağlılığı da bir o qədər möhkəm olar.
– Rusiyada yaşayan azərbaycanlıların övladlarının milli ruhda təhsil alması, Vətənə bağlı olması üçün burada Azərbaycan məktəblərinin yaradılması nə dərəcədə önəmlidir?
– Mən hesab edirəm ki, bu, olduqca vacib məsələdir. Xaricdə yaşayan uşaqların milli kimliyini qoruması üçün onların ana dili, tarixi və mədəniyyəti ilə daim təmasda olması zəruridir. Azərbaycan məktəblərinin və ya Azərbaycan dili, ədəbiyyatı və tarixi tədris olunan təhsil mərkəzlərinin fəaliyyəti bu baxımdan böyük əhəmiyyət daşıyır. Uşaq öz xalqını nə qədər yaxşı tanıyarsa, Vətəninə də bir o qədər bağlı olar. Milli ruh təkcə ailədə deyil, təhsil mühitində də formalaşır. Buna görə də belə məktəblər gələcək nəsillərin milli yaddaşının qorunmasına xidmət edən mühüm ocaqlardır.
– Sizcə, xaricdə yaşayan azərbaycanlıların dilini unutmasının əsas səbəbləri hansılardır?
– Bunun müxtəlif səbəbləri var. İlk növbədə, insanlar yaşadıqları ölkənin dil mühitində formalaşırlar və gündəlik həyatlarının böyük hissəsi həmin dildə keçir. Uşaqlar məktəbdə, universitetdə, dost çevrəsində başqa dildə danışırlar. Bəzən valideynlər də övladlarının yaşadıqları cəmiyyətə daha tez uyğunlaşmasını düşünərək evdə Azərbaycan dilində danışmağa kifayət qədər diqqət yetirmirlər. Nəticədə ana dili gündəlik ünsiyyətdən tədricən sıxışdırılıb çıxarılır. Halbuki dil onu yaşatdıqca yaşayır. Ondan istifadə edilmədikdə zəifləyir. Buna görə də ana dilinin qorunması ilk növbədə ailədən və gündəlik həyatdan başlamalıdır.
– Xarici ölkələrdə doğulub böyüyən uşaqların Azərbaycan dilini öyrənməsi üçün hansı mexanizmlər tətbiq olunmalıdır?
– Məncə, bu iş yalnız dərslik və dərs proqramları ilə məhdudlaşmamalıdır. Uşaqlar dili sevməli, onu həyatlarının ayrılmaz hissəsi kimi qəbul etməlidirlər. Bunun üçün həftəsonu məktəbləri, onlayn kurslar, uşaq ədəbiyyatı, maraqlı tədris proqramları və müxtəlif mədəni layihələr mühüm rol oynaya bilər. Eyni zamanda, uşaqların dil daşıyıcılarla canlı təmasda olması vacibdir. Onların ölkəmizə səfərləri, yay düşərgələrində iştirakı, yaşıdları ilə ünsiyyəti dilin mənimsənilməsinə və milli bağlılığın möhkəmlənməsinə kömək edir. Dil yalnız öyrənilən deyil, həm də yaşanılan və hiss edilən mənəvi dəyərdir.
– Dilin qorunmasında ailənin rolu nə qədər önəmlidir?
– Ailənin rolu əvəzsizdir. Uşaq ilk sözləri ailədə eşidir, ana dilinin ilk ahəngini ailədə duyur. Əgər evdə valideynlər Azərbaycan dilində danışır, uşaqlara kitab oxuyur, milli adət-ənənələri yaşadırsa, dil təbii şəkildə nəsildən-nəslə ötürülür. Mən həmişə düşünmüşəm ki, milliliyin ən möhkəm qalası ailədir. Məktəb də, kurs da, müxtəlif layihələr də vacibdir, lakin ailənin verə bildiyini heç nə tam əvəz edə bilməz. Ana dilinə sevgi ilk növbədə ailədə formalaşır və insanı ömrü boyu müşayiət edir.
– Diaspor təşkilatlarının Azərbaycan dilinin tədrisində rolu nə qədər effektivdir?
– Diaspor təşkilatları milli-mədəni dəyərlərimizin qorunmasında və gənc nəslə ötürülməsində hər zaman mühüm rol oynayıblar. Müxtəlif dövrlərdə onların təşəbbüsü ilə dil kursları, mədəni tədbirlər, görüşlər və layihələr həyata keçirilib. Hazırda müəyyən səbəblərdən bu fəaliyyət əvvəlki illərlə müqayisədə daha məhdud xarakter daşısa da, milli-mədəni işlər davam edir.
Xüsusilə qeyd etmək istərdim ki, Moskvada fəaliyyət göstərən və Leyla Fərəcovanın rəhbərlik etdiyi Azərbaycan Qadınlar Birliyi bu istiqamətdə diqqətəlayiq işlər görür. Təşkilat rəsmi olmasa belə, onun keçirdiyi tədbirlərin rolu danılmazdır. Bu tədbirlərdə gənclər, xüsusən də gənc qızlar böyük maraqla iştirak edirlər. Bu görüşlər onların ana dilinə, milli mədəniyyətimizə, ədəbiyyatımıza və mənəvi dəyərlərimizə daha yaxından bağlanmasına kömək edir.
Əlbəttə, görüləsi işlər hələ çoxdur. Bəlkə də bu gün həyata keçirilən layihələr görülə biləcək işlərin yalnız bir hissəsidir. Lakin hər bir təşəbbüs, hər bir görüş, hər bir mədəni tədbir gələcəyimiz naminə atılmış vacib addımdır. Ən önəmlisi isə odur ki, gənclərimizin milli kimliyə marağı yaşayır və bu marağı dəstəkləyən insanlar var.
– Xaricdə yaşayan azərbaycanlı gənclərin Azərbaycanla bağlılığını gücləndirmək üçün nələr edilməlidir?
– Mənə elə gəlir ki, Vətənə bağlılıq məsafələrlə ölçülmür. İnsan min kilometrlərlə uzaqda yaşasa belə, qəlbi doğma yurdu ilə birgə döyünə bilər. Amma yenə də, gənclər Azərbaycanı yalnız valideynlərinin xatirələrindən deyil, öz həyat təcrübələri vasitəsilə də tanımalıdırlar. Onlar ölkəmizin tarixini, mədəniyyətini, ədəbiyyatını, incəsənətini və bugünkü inkişafını yaxından bilməlidirlər.
Müxtəlif təhsil layihələri, tələbə forumları, yaradıcılıq görüşləri, yay məktəbləri və gənclər proqramları bu baxımdan mühüm rol oynayır. Mən şair olaraq bunu əlavə edə bilərəm ki, Azərbaycanla bağlılığın ən möhkəm dayaqları ana dili, milli mədəniyyət və tarixi yaddaşdır. İnsan harada yaşamasından asılı olmayaraq, ana dilində bir şeir oxuyarkən kövrəlirsə, doğma bir mahnını eşidəndə qəlbi titrəyirsə, deməli, onun Vətənlə qırılmaz könül bağları var. Bu bağı qorumaq hamımızın mənəvi borcudur.
Cavid Şahverdiyev
Müsahibə Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Ana dilini unutmuruq” layihəsi çərçivəsində hazırlanıb. Müsahibədə qeyd olunan fikir və mülahizələr müsahibə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.