Məni Qaradağa Eldar Əzizov gətirdi - MÜSAHİBƏ 

Milli Məclisin Qaradağ rayonundan V, VI və VII çağırış deputatı, Yeni Azərbaycan Partiyasının (YAP) Qaradağ rayon təşkilatının keçmiş sədri Aydın Hüseynov Modern.az-a müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

-    Aydın müəllim, davamlı televizyalarda görürük sizi. Bu sizi yormur?

-    Mediada çıxış etmək lazımdır. Prezidentimizin gördüyü işlər çoxdur, lazımdır ki, onları deyək, amma pafoslu yox, insanlarln qəbul etdiyi formada. Amma bəzən söz deyirik, fərqli başa düşülür. Bu məni o qədər də düşündürmür. Məsələn, bu yaxınlarda yağan yağışlarla bağlı çıxışım olmuşdu. Bizim milli dəyərlərimiz var, mən özüm kənd yerində böyümüşəm. Yağış da, qar da görmüşəm. Belə vaxtda kimsə problem yaşasa, ona kömək etmişik. İndi isə dünyanın dörd bir yanından Azərbayacana qonaqlar gəldiyi vaxtda su basan yerləri sosial şəbəkələrdə bəh-bəhlə paylaşırdılar. Yağış hər yeri yox etməmişdi ki, gözəl göründüyü yerləri çəkib paylaşmaq lazımdır. Cəmiyyətdə ruh yaratmaq lazımdır. 

-    Deputatlığın ən çətin tərəfi deyəsən cəmiyyətdə ruh yaratmağa çalışmaqdır...

-    İnsanlar elə başa düşür ki, deputat deməlidir ki, tək sən düz deyirsən. Deputat düz nədirsə onu deməlidir. Görülən işlər çoxdur, motivasiyamız üçün çox şey danışmaq olar. Siz bir də bizi düşünün, mən 22 yaşda olanda  Azərbaycanda vəziyyət necə idi? İşğal, çörək növbələri, ürəyin istədiyi qədər nəyisə əldə edə bilmirdin. Amma ona baxmayaraq mən gənc yaşlardan Yeni Azərbaycan Partiyasına üzv oldum, gələcəyə ümidlə baxdım. 

-    Bəs siz o problemləri görəndə şikayətlənmirdiniz?

-   O dövrdə problemini kiməsə demək də mümkün deyildi, sözünü demək olmurdu. Elə bu yaxınlarda Günay Ağamalını çıxışına görə linç edirlər. Günay Ağamalının çıxış süjeti yaxşıdır. Bildirdi ki, kömək etmək lazımdır, ünvanlı sosial yardım, ailələrə kömək etmək lazımdır, amma aparıcı üzərinə çox getdiyi üçün sonda tənbəlliklə bağlı bir cümlə işlədir. Ola bilər ki, cümləsin tam ifadə etməyib. Amma ümumi çıxışında kömək lazım olduğunu dəfələrlə deyir. Düzdür, Günay Ağamalı iqtisadçı deyil, siyasətdə də bişməyib, amma o demək deyil ki, onu bu qədər linç etmək lazımdır. Təbii ki, bunu normal insanlar etmir, onlar arxasında trollar var. 

-    Deputat linç olmaqdan qorxmalıdırmı, ümumiyyətlə, bu linçin əsas səbəbini nədə görürsünüz? -    Fikri demək qanun deyil ki, bunu deyən kimi qəbul olunsun. Biz bir söz deyəndə cəmiyyətə demirik ki, bunu qəbul etməlisən. Bu sadəcə mənim, başqa həmkarımın şəxsi fikridir. 

-    Sizin də çıxışlarınız zaman-zaman müzakirələrə səbəb olub...

-    Bəli, amma mən bütün çıxışlarımın müzakirəsində bilirəm ki, boş-boşunadır. İndi də interneti açıb “Aydın Hüseynov” yazanda gəlir ki, "biz Azərbaycana xaricdən işçi gətirməliyik". Bəli bunu mən demişəm, hələ də o sözümün üstündəyəm. Bəs hansı formada demişəm? Gələcəkdə Ələt Azad İqtisadi Zonası yarandıqda o qədər inkişaf edəcək ki, xaricdən də işçilər gələcək. İndi nəsə olan kimi həmin təhrifolunmuş fikrimi yenidən gündəmə gətirirlər.  

-    Məsələn, Qaradağının adının dəyişdirilməsi fikrini də siz səsləndirmişdiniz və ciddi müzakirələr yaratdı...

-    Bəli, bu fikrim çox məntiqlidir. Təklif etmişdim ki, Qaradağın adı Ulu öndər Heydər Əliyevin adı ilə dəyişdirilsin. Ulu öndərimizin Qaradağda misilsiz işləri olub, eyni zamanda İlham Əliyev 10 il Qaradağın deputatı olub. Mən o sözü Heydər Əliyevin 100 illik yubileyində bildirmişəm və arqument də gətirmişəm ki, hələ Heydər Əliyevin birinci hakimiyyəti dövründə Qaradağa dəfələrlə gedib, Dərin Özüllər Zavodunun yaradılması üçün böyük fədakarlıqlar göstərib, SSRİ-də siyasi büronun qərarını dəyişdirib. Əgər bu zavod olmasaydı, biz neft konsorsiumuna qoşula bilməyəcəkdik. Bu siyahını çox uzatmaq olar. Deputatın fikri o demək deyil ki, məsələ o saat elə olacaq. Mən parlamentdə bütün qaradağlıların istəyini bildirirəm. Mən arqumentimi deyirəm, biri də gəlsin desin ki, bilirsən nə var, filan-filan şeylərə görə rayonun adını dəyişmək olmaz. Biri var deyim ki, Gəncənin, Naxçvanın adını dəyişək, bu mümkün olmaz, bu bölgələrin köklü adları var. Qaradağın indiyədək adı dəfələrlə dəyişilib və adı heç də köklü deyil, stansiyanın adını götürüb rayona veriblər. Mən Qaradağı çox sevirəm, ömrümün 40 ilini burada keçirmişəm, amma dediklərim də həqiqətdir. 

-    Təxminən 11 ildir ki, deputat kimi Qaradağı təmsil edirsiniz. Əslən isə Tovuzdansınız, özünüz də bildirdiniz ki, Qaradağa bağlılığınız uzun müddətdir var. Bu bağlılıq nə ilə əlaqəlidir?

-    Mən Bakı Dövlət Universitetinin Mexanikə-riyaziyyat fakültəsini bitirmişdim və təyinatla Elmlər Akademiyasında çalışırdım. O dövrdə komsomol sistemi var idi, konkret iş yeri idi və vəzifə baxımından trampilin sayılırdı. O zaman Eldar Əzizov 26 Bakı Komissarları rayonunun komsomol komitəsinin birinci katibi idi. O bir az fəal gəncləri akademiya sistemindən bu sistemə cəlb eləyirdi. Onun vasitəsilə mən şəhər Komsomol komitəsinə dəvət olundum və orada da həmin mərhələdə Qaradağda vakant yer var idi. 1987-ci il, 25 yaşımda Qaradağa getdim və o vaxtdan oldum qaradağlı. Komsomoldan sonra mən ikinci ixtisasa yiyələnib iqtisadçı oldum. Qaradağda bank sistemində, maliyyə sistemində işlədim. 1992-ci ildə Yeni Azərbaycan Partiyası yarandı və mən də onun yaranmasında iştirak elədim. YAP-ın rayon təşkilatının formalaşmasında mənim də böyük zəhmətim olub.

-    Qaradağlıların xüsusilə diqqətinizi çəkdiyi hansı ənənələri var ki, o bu gün də qorunur. 

-    Qaradağ Bakı rayonu olsa da, özünəməxsus unikallığı və spesifikliyi var. Rayon qəsəbə tipli ərazilərdən ibarətdir, burada 11 qəsəbə yerləşir və həmin qəsəbələr hələ də yaxşı mənada, kənd koloritini və mentalitetini qoruyub saxlayır. Burada münasibətlər sistemi, ağsaqqallıq institutu çox güclüdür. Qaradağın ən böyük dəyərlərindən biri də məhz bu institutun bu günə qədər yüksək səviyyədə qorunmasıdır. Ələt, Qobustan, Səngəçal kimi ərazilərdə ağsaqqal sözü hələ də öz çəkisini saxlayır, böyük-kiçik münasibətləri qorunur. Artıq üçüncü nəsillə işləyirik. Təsəvvür edin ki, bütün rayon gözümün qarşısında böyüyüb. Ona görə Qaradağa çox bağlıyam.  

Xüsusi bir adət demək çətindir, amma Qaradağda Şirvan mədəniyyətinin təsiri çox güclüdür. Burada yaşayanların böyük hissəsi Şirvan köklüdür və bu, həm mədəniyyətdə, həm də ənənələrdə özünü göstərir. Məsələn, Şirvan aşıq məktəbinin təsiri bu gün də hiss olunur. Aşıq Əli, aşıq İslam kimi sənətkarların yolu davam etdirilir və həmin məktəb yaşayır. Mətbəxi də çox dadlıdır. Bu mətbəxə aid kiftə-bozbaşı çox sevirəm. Onların hazırladığı bu yemək doğurdan çox dadlı olur, hələ də toylarda kiftə-bozbaş verirlər. 

-    Bəs sizin deputat olduğunuz bu 11 ildə Qaradağda əsas nələr dəyişib?

-    Ölkənin ən böyük iqtisadi layihələri Qaradağda həyata keçirilib. Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Ələt Azad İqtisadi Zonası, logistika və sənaye infrastrukturu rayonun simasını dəyişib. Qaradağ artıq yalnız Bakı rayonu deyil, həm də iqtisadi mərkəzlərdən birinə çevrilir. Cənubi Qafqazın ən böyük ticarət mərkəzləri, – Sədərək, Binə və Abşeron logistika mərkəzi Qaradağdadır.

-    Aydın müəllim, seçiciləriniz üçün nə qədər əlçatansınız, nömrələrinizi bilirlərmi?

-    Mən bütün deputat həmkarlarımın adından da səmimi deyirəm ki, onların da seçicilərlə əlaqəsi var, zəng edir, görüşürlər. Sadəcə, mən özümü Qaradağda bir deputatdan çox, qaradağlı kimi hiss edirəm. Ona görə də burada aramızda məsafə yoxdur. İstənilən qəsəbədən gənclər mənə zəng edə bilir, hər kəs əlaqə saxlaya bilir. Artıq bir-birimizi tanıyırıq. Hətta deyərdim ki, rayon sakinlərinin ən azı 60 faizini şəxsən tanıyıram. Mən özümü onların bir parçası hesab edirəm.

-    Bəs bu sözdən tovuzlular inciməyəcək?

-    Hər birimizin doğulduğu kənd, böyüdüyü mühit var. İnsan doğulduğu yerə həmişə bağlı olur. O yer bizim formalaşmağımızdır, kökümüzdür və ömür boyu da bizimlə qalır. Mən də Tovuza çox bağlıyam. Bütün qohum-əqrəbam, tanışlarım oradadır. Sadəcə, gənclik illərimdən Qaradağdayam. Ona görə Qaradağla da xüsusi bağım yaranıb. 

-    Bəs Tovuzu təmsil edən Ülviyyə Ağayeva, Arzu Nağıyev və Nizami Səfərovun fəaliyyətlərini necə qiymətləndirirsiniz? Tovuzda yaşayan qohumlarınız problemləri həmin deputatlara bildirirlər, yoxsa sizə?

-    Mən deyərdim ki, bizim Tovuzdan seçilən deputatlarımız çox yaxşı işləyir. Əvvəlki çağırışda Arzu Nağıyev bizim kəndi təmil edirdi. Arzu Nağıyevlə biz uşaqlıq dostlarıyıq. Uşaqlıqda, orta məktəbdə bir-birimizi tanıyırıq. Arzu müəllimin özü də mənlə dostluğuna görə bizim qohum-əqrabanı da tanıyır. İndi Ülviyyə xanım bizim kəndi, Çataxı təmsil edir. Ülviyyə xanım da yaxşı mənada özünü sevdirməyi bacarır. O, seçicilərlə səmimi görüşür, hər birinin problemi ilə maraqlanır, həssas yanaşır.

-    Bir müddət əvvəl Qaradağ həm də İcra hakimiyyətində vəzifəli şəxslərin qalmaqalı ilə gündəmə gəldi. Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Nadir Muradov, aparatın Rayon təsərrüfatı şöbəsinin müdiri vəzifəsini icra edən Qafar Abdullayev və həmçinin İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin şöbə rəis müavini Zülfüqar Mansurovla bağlı cinayət işi açıldı. Həmin şəxslərlə münasibətləriniz necə olub? -    Mən Qaradağda müxtəlif vəzifələrdə çalışmışam – maliyyə idarəsində işləmişəm, bank sistemində fəaliyyət göstərmişəm, uzun illər Yeni Azərbaycan Partiyasının rayon təşkilatına rəhbərlik etmişəm. Son 11 ildir də deputatam. Ona görə rayon rəhbərliyi ilə həmişə işgüzar münasibətlərimiz olub. Əlbəttə, heç kim istəməz ki, rayonu ilə bağlı neqativ xəbərlər gündəmə gəlsin. Amma baş verənlər faktdır və bunu gizlətmək olmaz. Hazırda həmin şəxslərlə bağlı məhkəmə prosesləri gedir və bu, rayonun imicinə müəyyən mənada zərbə vurur.  Mən deputat olduğum müddətdə mütamadi olaraq İcra hakimiyyəti ilə işləmişəm. Süleyman Mikayılovla 16 il müddətində birlikdə işləmişəm. Müraciətlər də olurdu, bildirirdim, həll olunanlar olurdu, olunmayanlar olurdu.  -    Bu proseslərdən əvvəl hansısa problemlərin olduğunu bilirdiniz?

-     Deputatın öz fəaliyyət istiqaməti var. İcra hakimiyyətlərinin fəaliyyətinə nəzarət edən ayrıca strukturlar mövcuddur. Mən hesab edirəm ki, nəzarət həmişə olub. Amma artıq icra başçısının müavininin rüşvət ittihamı ilə həbs olunması müəyyən problemlərin mövcud olduğunu göstərir. Açıq deyim ki, fəaliyyətində suallar doğuran məqamlar olub. Rüşvət ciddi problemdir, konkret şübhələrim olmasa da tərəddüdlərim olub. 

-    Qaradağ sakinləri sizə daha çox hansı problemlərlə müraciət edirlər?

-    Problemlər müxtəlif olur. Sağlamlıq, təhsil, sosial məsələlər, məşğulluq və digər mövzularla bağlı müraciətlər gəlir. Amma illər üzrə müqayisə etsək, görürük ki, artıq vətəndaş deputatın səlahiyyətlərini daha yaxşı anlayır və müraciətlər daha konkret xarakter alıb. Mən hesab edirəm ki, vətəndaş deputata müraciət etməlidir. Problemin həll olunub-olunmaması başqa məsələdir, amma deputat vətəndaşın sözünü dinləməli, aidiyyəti qurumlar qarşısında məsələ qaldırmalı və istiqamət verməlidir. Əsas odur ki, müraciətlərə biganə yanaşılmasın. -    Problemlərlə bağlı hansı qurumlara müraciət edirsiniz?

-    Müxtəlif istiqamətlər olur. Məsələn, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə bağlı müraciətlər çox olur. Aidiyyəti üzrə göndəririk və bizi sevindirən odur ki, müraciətlərə münasibət bildirilir, cavab verilir.

-    Biz 11 ildə Qaradağda dəyişənlər haqqında danışdıq. Bəs parlamentdə bu 11 ildə nələr dəyişib?

-     Parlament ölkədə gedən ictimai-siyasi proseslərin güzgüsüdür. Son illərdə qanunvericilik fəaliyyəti daha da genişlənib. Eyni zamanda seçicilərlə iş, beynəlxalq əlaqələr və ictimai iştirakçılıq baxımından ciddi dəyişikliklər baş verib. Bu gün deputatların qarşısında qoyulan əsas vəzifələrdən biri seçicilərlə daha sıx işləməkdir. Ona görə də artıq sistemli görüşlər keçirilir. Ayda ən azı iki dəfə seçicilərlə görüşmək bizim qarşımıza qoyulan konkret tapşırıqlardan biridir. Digər mühüm istiqamət parlamentin beynəlxalq fəaliyyətidir. Son iki çağırışda bu sahə daha da güclənib. İctimai dinləmələrin genişlənməsi də vacib dəyişikliklərdən biridir. Çünki ictimai müzakirələr qanunların daha praktik və cəmiyyətin ehtiyaclarına uyğun hazırlanmasına imkan yaradır. -    Siz ilk dəfə parlamentə gələndə spiker Oqtay Əsədov idi. Onun fəaliyyəti ilə indiki dövrü necə müqayisə edirsiniz?

-    Mən parlamenti şəxslərin dövrünə görə ayırmağın tərəfdarı deyiləm. Parlament dövlətin əsas institutlarından biridir və hər çağırış öz dövrünün tələblərinə uyğun fəaliyyət göstərir. Parlament müzakirə yeridir. Müzakirə olan yerdə fikir ayrılığı da olur, polemika da olur. Bu, normaldır və parlament mühitinin bir hissəsidir. Amma konkret olaraq deyə bilərəm ki, Sahibə xanımın rəhbərliyi dövründə beynəlxalq fəaliyyət və ictimai dinləmələr daha aktiv xarakter alıb. Bu istiqamətlərdə onun xüsusi zəhməti var.

-    Oqtay Əsədovla münasibətləriniz necə olub?

-    Oqtay müəllimi spiker olmamışdan əvvəl də tanıyırdım. Həm Yeni Azərbaycan Partiyasının Siyasi Şurasında birlikdə olmuşuq, həm də müxtəlif tədbirlərdə görüşmüşük. Münasibətlərimiz həmişə rəsmi münasibətlər olub. Spikerlikdən sonra da münasibətlər normal çərçivədə davam edib. Sadəcə, müəyyən subardinasiya qaydaları var və bu münasibətlər də həmin çərçivədə qurulur. -    Sizi müxalifətlə debatlarda da görürük, mübahisələriniz olur. Bəs parlamentdə təmsil olunan müxalif deputatlarla münasibətləriniz necədir?

-    Parlamentdə təmsil olunan müxalif deputatların hər birinə həmkar kimi yanaşırıq. Onlar da seçici etimadı qazanaraq mandat əldə ediblər və bu gün qanunvericilik orqanında təmsil olunurlar. Mənim müxalifətə yanaşmam fərqlidir. Konstruktiv müxalifət anlayışı var. Dövlətçiliyi, Azərbaycanın maraqlarını dəstəkləyən müxalifətə hörmətlə yanaşıram. Siyasi baxışlarımız fərqli ola bilər, amma insan və siyasi xadim kimi hörmət vacibdir. 2020-ci il Vətən müharibəsi də göstərdi ki, dövlətçilik məsələsində birlik mümkündür. Bu baxımdan dövlət maraqları ətrafında birləşən siyasi qüvvələrə hörmətlə yanaşıram. Amma radikal yanaşmaları qəbul etmirəm. İnsan fərqli düşünə bilər, fərqli siyasi baxışı ola bilər. Lakin dövlətə və dövlətçiliyə qarşı mövqe tamamilə başqa məsələdir.

-     Parlamentdə təmsil olunan və olunmayan müxalifət arasında əsas fərq nədir?

-     Son sözü seçici deyir. Kim parlamentdə təmsil olunursa, onu seçici müəyyənləşdirir. Hər bir partiya namizəd verir, amma yekun qərarı seçici qəbul edir. Elə dairələr olub ki, Yeni Azərbaycan Partiyasının namizədi seçilməyib, seçici başqa namizədə üstünlük verib. Burada əsas söz sahibi seçicidir.

-     Deputatlar arasında yaxın dostlarınız kimlərdir?

-    Açığı, konkret ad çəkmək istəməzdim. Çünki dostlarım çoxdur. Parlamentdə uzun illərdir fəaliyyət göstərirəm və həm partiya xətti ilə, həm də şəxsi münasibətlər baxımından çox insan tanıyıram. Yeni Azərbaycan Partiyasından olan deputatlarla uzun illərin münasibətləri var. Digər deputatlar arasında da uzun illərdən tanıdığım insanlar çoxdur. Məsələn, Ziyad Səmədzadəni akademik fəaliyyətdən, Eldar İbrahimovu partiya fəaliyyətindən, Hikmət Babaoğlunu partiya yoldaşı kimi, Musa Quliyevi isə həm deputat, həm də ziyalı kimi tanıyıram. Ümumiyyətlə, hesab edirəm ki, parlamentdə siyasi baxışlar fərqli olsa da, münasibətlər normaldır və deputatlar arasında ünsiyyət var.

-    İqtisadi siyasət, sənaye və sahibkarlıq və Aqrar siyasət komitələrinin üzvüsünüz. Bu sahələrdə hansı dəyişikliklərə ehtiyac görürsünüz? 

-    Həm Aqrar siyasət komitəsində, həm də İqtisadi siyasət komitəsində işlər plan əsasında qurulur. Hər sessiyadan əvvəl komitələrdə hansı qanunların müzakirəyə çıxarılması, hansı dəyişikliklərin edilməsi ilə bağlı təkliflər hazırlanır. Deputatlar da öz təkliflərini verirlər. Əgər təkliflər əsaslıdırsa və ehtiyac varsa, onlar iş planında əks olunur. Bu proses həm komitə səviyyəsində, həm də plenar iclaslarda aparılır.

-     Komitə rəhbərlərinin fəaliyyətini necə qiymətləndirirsiniz?

-    Tahir Rzayevi çoxdan tanıyıram. Həm ziyalı, həm parlament üzvü, həm də komitə sədri kimi işinə məsuliyyətlə yanaşan insandır. Azər Əmiraslanovu isə iqtisadçı kimi uzun illərdir tanıyıram. Onun həm idarəçilik təcrübəsi, həm də iqtisadi sahədə hazırlığı çox yüksəkdir. Prezident Administrasiyası və digər dövlət strukturlarında topladığı təcrübə də bunu göstərir.

-    Son olaraq ənənəvi sualımız: övladlarınız nə ilə məşğuldur? Sizin yolunuzu davam etdirmək istəyən varmı?

-    Bir oğlum, bir qızım var. Qızım İqtisad Universitetini bitirib. Hazırda müvəqqəti olaraq çalışmır. Oğlum isə xaricdə təhsil alıb. Təhsil Nazirliyinin xaricdə təhsil proqramı çərçivəsində ali təhsilini başa vurub və daha sonra ölkəyə qayıdıb. Hazırda özəl şirkətdə çalışır.