Natiq Bağırov: “Dövlət və
diaspor təşkilatlarının sıx əməkdaşlığı Azərbaycan dilinin və mədəniyyətinin
xaricdə daha geniş təbliğinə şərait yaradır”
Ana dili hər bir xalqın milli kimliyinin, mədəni
irsinin və mənəvi dəyərlərinin qorunub yaşadılmasında əvəzsiz rol oynayır. Qloballaşma
dövründə xaricdə yaşayan soydaşlarımız üçün Azərbaycan dilinin qorunması və gələcək
nəsillərə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir. Bu istiqamətdə həm Azərbaycan
dövlətinin həyata keçirdiyi siyasət, həm də diaspor təşkilatlarının fəaliyyəti
mühüm nəticələr verir.
Belarusda fəaliyyət göstərən Azərbaycan icması da ana dilimizin təbliği və
milli-mədəni dəyərlərimizin yaşadılması istiqamətində ardıcıl iş aparır.
“Belarusun Azərbaycan İcmaları Konqresi” Beynəlxalq İctimai Birliyinin sədri
Natiq Bağırovla söhbətimizdə ana dilinin milli kimliyin formalaşmasındakı rolu,
Belarusda fəaliyyət göstərən Azərbaycan dili və mədəniyyəti mərkəzlərinin əhəmiyyəti,
xaricdə yaşayan azərbaycanlıların qarşısında duran vəzifələr, eləcə də Azərbaycan
dilinin gələcəyi ilə bağlı fikirlərini öyrəndik.
– Sizcə, ana dili
insanın milli kimliyinin formalaşmasında hansı rolu oynayır?
– Ana dili hər bir
xalqın milli-mənəvi sərvətidir və insanın milli kimliyinin formalaşmasında
mühüm rol oynayır. Dil yalnız ünsiyyət vasitəsi deyil, həm də xalqın tarixi
yaddaşını, mədəniyyətini, adət-ənənələrini və dəyərlərini yaşadan əsas amildir.
İnsan ana dili vasitəsilə öz köklərini tanıyır, milli mənsubiyyətini dərk edir
və vətəninə bağlılığını qoruyub saxlayır. Xaricdə yaşayan azərbaycanlılar üçün
isə ana dili milli kimliyin qorunmasının ən vacib sütunlarından biridir.
– Bildiyiniz kimi,
Maksim Tank adına Belarus Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan
Dili və Mədəniyyəti Mərkəzi, həmçinin Minsk Dövlət Linqvistika Universitetində
Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlərin
Belarusda Azərbaycan dilinin təbliğində nə kimi rolu var?
– Hər iki mərkəzin fəaliyyəti
Azərbaycan dilinin, mədəniyyətinin və tarixinin Belarusda tanıdılması
baxımından xüsusi əhəmiyyət daşıyır. Bu mərkəzlər vasitəsilə tələbələr Azərbaycan
dili öyrənir, ölkəmizin zəngin mədəni irsi ilə yaxından tanış olurlar. Müxtəlif
konfranslar, mədəni tədbirlər, sərgilər və elmi layihələr Azərbaycan-Belarus
münasibətlərinin inkişafına, xalqlarımız arasında dostluq əlaqələrinin möhkəmlənməsinə
xidmət edir. Eyni zamanda, bu mərkəzlər Belarus cəmiyyətində Azərbaycan
haqqında obyektiv və dolğun təsəvvürün formalaşmasına mühüm töhfə verir.
– Xaricdə yaşayan
azərbaycanlılara ana dilini qorumaq üçün hansı tövsiyələri verərdiniz?
– İlk növbədə, ailədə
Azərbaycan dilində danışmaq ən vacib məsələlərdən biridir. Uşaqların kiçik
yaşlarından ana dilində ünsiyyət qurması onların milli kimliklərini qorumasına
kömək edir. Bununla yanaşı, Azərbaycan dilində kitabların oxunması, milli mədəniyyət
tədbirlərində iştirak, həftəsonu məktəblərinin və dil kurslarının təşkili də
mühüm əhəmiyyət kəsb edir. Müasir texnologiyalar da bu sahədə geniş imkanlar
yaradır. Azərbaycan dilində televiziya proqramlarını izləmək, internet
resurslarından istifadə etmək və sosial şəbəkələrdə ana dilində ünsiyyət qurmaq
dilin yaşadılmasına xidmət edir.
– Azərbaycan dövlətinin
xaricdə Azərbaycan dilinin qorunması ilə bağlı addımlarını necə qiymətləndirirsiniz?
– Azərbaycan dövləti
son illərdə xaricdə yaşayan soydaşlarımızın milli-mənəvi dəyərlərinin qorunması
istiqamətində ardıcıl və məqsədyönlü siyasət həyata keçirir. Diaspor təşkilatlarına
göstərilən dəstək, həftəsonu məktəblərinin fəaliyyətinin təşviqi, Azərbaycan
dili və mədəniyyət mərkəzlərinin yaradılması, həmçinin müxtəlif təhsil və mədəni
layihələrin reallaşdırılması bu siyasətin mühüm tərkib hissəsidir. Hesab edirəm
ki, dövlətimizin bu sahədə həyata keçirdiyi tədbirlər xaricdə yaşayan azərbaycanlıların
öz milli kimliklərini qoruyub saxlamalarına mühüm töhfə verir.
– Sizcə, Azərbaycan
dövlətinin və diaspor qurumlarının bu istiqamətdə əməkdaşlığı hansı nəticələri
verə bilər?
– Dövlət və
diaspor təşkilatlarının sıx əməkdaşlığı Azərbaycan dilinin və mədəniyyətinin
xaricdə daha geniş təbliğinə şərait yaradır. Bu əməkdaşlıq nəticəsində yeni tədris
layihələri həyata keçirilə, mədəniyyət mərkəzlərinin fəaliyyəti genişləndirilə
və gənc nəslin ana dilinə marağı artırıla bilər. Eyni zamanda, vahid fəaliyyət
strategiyası xaricdə yaşayan soydaşlarımızın Azərbaycanla əlaqələrinin daha da
möhkəmlənməsinə xidmət edəcək. Bu əməkdaşlığın əsas nəticəsi milli birliyin
güclənməsi və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə daha effektiv
çatdırılması olacaq.
– Azərbaycan
dilinin gələcəyi ilə bağlı fikirləriniz və arzularınız nələrdir?
– Azərbaycan
dilinin gələcəyinə böyük nikbinliklə baxıram. Dilimiz zəngin tarixi, geniş ifadə
imkanları və güclü ədəbi ənənələri ilə xalqımızın ən böyük sərvətlərindən
biridir. Arzum budur ki, dünyanın harasında yaşamasından asılı olmayaraq hər
bir azərbaycanlı öz ana dilini qorusun, onu öyrənsin və gələcək nəsillərə
ötürsün. İnanıram ki, dövlətimizin dəstəyi, diaspor təşkilatlarının fəaliyyəti
və soydaşlarımızın səyləri nəticəsində Azərbaycan dili beynəlxalq aləmdə daha
geniş tanınacaq, nüfuzu daha da artacaq və gələcək nəsillər üçün etibarlı şəkildə
qorunub saxlanılacaq.
Cavid Şahverdiyev
Müsahibə
Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin Azərbaycan
Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə
dəstəyi ilə həyata keçirdiyi “Ana dilini unutmuruq” layihəsi çərçivəsində
hazırlanıb. Müsahibədə qeyd olunan fikir və mülahizələr müsahibə aiddir və Azərbaycan
Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi
mövqeyini əks etdirməyə bilər.