Hazırda yerli sakinlərin ilkin ehtimalı ondan ibarətdir ki, bu qadın Ermənistan tərəfə Yanıqlıdan yox, Gədəbəy istiqamətindən keçib. Çünki Yanıqlı kəndindən Gədəbəyin Şınıx kəndinəavtobus xətti işləyir və həmin kənddən qarşı tərəfə keçmək nisbətən asandır. Ona görə qadının həmin ərazidən qarşı tərəfə keçdiyi barədə ehtimallar daha yüksəkdir.
"Əslində bizim Yanıqlı kəndindən də Ermənistan tərəfə keçmək mümkündür. Ancaq buradan sərhədin daha çox dağlıq ərazidə olduğu və havanın da yağıntılı olduğu, bu şəxsin isə qadın olması nəzərə alındıqda bu ehtimal özünü doğrultmur. Çünki həmin relyefin belə havada bir qadın tərəfindən aşılması fiziki cəhətdən mümkün deyil", - deyə sakinlər bildirdilər.Ötən gün Azərbaycan vətəndaşı olan qadın sərhədi pozaraq Ermənistana keçib. Bu barədə "NEWS.am" saytına Ermənistanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun rəhbəri Armen Kaprielyan bildirib.
A. Kaprielyan bildirib ki, Z. Vəliyeva ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin İrəvan nümayəndəliyinə məlumat verilib.
"İyunun 7-də Azərbaycan-Ermənistan sərhədinin Mehrab istiqamətində Azərbaycan vətəndaşı, Tovuz rayonunun Yanıqlı kənd sakini, 1977-ci il təvəllüdlü Vəliyeva Zöhrə Vardzor qızı Ermənistan tərəfə keçib”, - deyə o bildirib.
Hazırda Z.Vəliyeva barəsində əlavə məlumatların toplanması və onun erməni tərəfə hansı şəraitdə keçməsi ilə bağlı dəqiqləşdirilmələr aparılır.