Vətəni qibləgah edən şəhidlər - XVIII
Qurbanlılar ailəsi Binəqədi rayonunda 1-ci mədən ərazisində yaşayırlar. 1992-ci ildə İrəvandan köçkün gəliblər. Bütün şəhid evlərininin darvazasında gördüyüm üçrəngli bayrağımız dalğalanır və qırmızı yaylıq bağlanıb qapıya. Qırmızı yaylıq o deməkdir ki, bu evdə ölən cavandır, nakamdır, toyu olmayıb. Bir az toxtayıb ailələr, bir az da inanmağa başlayıblar əzizlərinin, bircəciklərinin, ocaqlarının son ümidi olan övladlarının yoxluğuna...
- Bu ermənilər həmişə bizdə divan tutublar. Sumqayıtda SSRİ hökuməti aranı qarışdırandan sonra, ermənilər çoxdan bəslədikləri kin-küdurətlərini yenə üzə çıxardılar. 1992-ci ildə bizim köçhaköç günlərimiz yenə başlandı. Dişimiz-dirnağımızla yığıb, düzəltdiyimiz ev-eşiyimizdən, yurdumuzdan olduq. 6-7 ay ərzində öldürdüklərini öldürdülər, qalanlarımız da qatarlara, maşınlara doluşub, əliyalın, ayaqyalın gəldik Bakının bu düzlərinə. Yenə pərən-pərən düşdük. Kişilərimiz neyləyə bilərdi, əllərində yaba, balta, ov tüfəngi, ağacla gecə-gündüz bizi qorudular. Əvvəlcə qız-gəlini çıxardılar, sonra özləri də gəldilər.
Birinci sürgün deyildi ki... O vaxt Mircəfər Bağırovun vaxtında, 1948-1953-cü illərdə də bizə divan tutdular. Bəstəboy uşaq idim. Yadımıa yuxu kimi gəlir. Vağzallarda dayanıb vaqon gözləyirdik. Amma o zaman köçürəndə ölüm-itim olmamışdı. Yurdumuzdan, Vətənimizdən etdilər. İrəvandan bir köç gəldi. Qalan ailələr qaldı sonralar burda, yaşaya bilməyənlər də Vətənin havasına, yenə İrəvana qayıtdılar. Biz də Razdan kəndində yaşayırdıq. Yeni qaçhaqaçda gəldik çıxdıq buralara. Balalarımı yığdım başıma, yenə bizdən əl çəkmədi bu erməni, nə torpağı ala bilirik, nə də haqqımızı tanıda bilirik. O erməninin havadarı çoxdur bala... Bizi kim eşitsin. Gül kimi balam getdi əlimdən.
Oğlum Seyfəddinin ikinci övladı idi. Onu əlimdə-ovcumda böyütdüm. Oxumuşdu, diplom almışdı.
Söhbətimizə şəhidimizin anası Həzimə xanım da qoşuldu:
- Dərd bizim ocağı boş gördü. Dərd bizdə üz görmüşdü, meydanı düz görmüşdü...
Üstümüzə karvanla gəldi. Mən bir gündə həm oğlumu, həm də böyük qardaşımı itirdim. Fəxrəddinlə ayın 1-i telefonla danışdıq. Heç 1 dəqiqə danışmadım. Ara kəsildi. O gündən balamın səsini eşitmədim. Hara zəng elədiksə, o danışan telefonlar bağlı oldu. Ayın 8-i böyük qardaşım Malik qızına toy çadırı qurmuşdu. Dəvətnamələr paylanmışdı. Oğlumdan bir xəbər çıxmayanda əmisi, atası, dayısı getdilər Seysulan tərəfə, onun hərbi xidmətdə olduğu yerlərə. Biz də burada ümidlə xeyir xəbər gözləyirdik.
8 apreldə qardaşım Malik kiçik qardaşıma zəng vurub görür ki, telefonlar bağlıdır, kresloda oturduğu yerdə deyir ki, "açın qırmızıları toyxanadan, toy olmayacaq".
Sonra da "mənim ömrüm bura qədərdir!”- deyib, oturduğu yerdə canını tapşırdı. Qardaşım bilirmiş ki, bu neçə gündə Fəxrəddindən xəbər yoxdursa, deməli, həlak olub. Və dərdə dözmədi, 51 yaşında gözlərini dünyaya yumdu. Mənə zəng edib dedilər ki, qardaşın da öldü. Onlar Pirşağıda olurlar. Başıma yığılan qohum-əqrabadan soruşdum ki, oğlumun tabutunu nə vaxt gətircəksiniz, o gəlincə gedim qardaşımla görüşüm. Getdim, ağladım qardaşımı:
Qardaşımla vidalaşıb, anama dedim ki, sən öz oğluna layla çal ağla, mən də gedim, yol gələn balama ağlayım, layla çalım.
Bir günün içərisində həm qardaşımı, həm də 23 yaşlı oğlumu dəfn etdim. Sonra eşitdim ki, yoldaşımın yaxın qohumu Mahir Mirzəyev də bu döyüşlərdə şəhid olub. Nə danışım oğlumdan? Diplomlu, savadlı, tərbiyəli, etibarlı balamdan, daha nə deyim. Deyimmi ki, məhəllədə hamının sevimlisi idi? Deyimmi ki, bilmədim sevdiyi, sevdiciyi kim idi? Deyimmi ki, diplom alıb, sevdiyi işinə gedə bilmədi...
Deyirdi ki, "niyə bir telefon zənginə görə üzümə söz gəlsin, kimdənsə asılı olum". Bir dəfə də soruşdum ki, "ay oğul, əsgər gedirsən, bəlkə bir gözaltı etdiyin var:". Cavab verdi ki, "ana kimsə gözaltı etmək olmaz, bəlkə heç sözumə vəfalı çıxmayacağam. Əmin olmayınca, qıza söz verib, söz almaq, qəlbini incitmək olmaz. Bu şərəf məsələsidir, vicdan məsələsidir". Fəxrəddin belə oğul idi.
Qurbanlılar ailəsi Fəxrəddinə aid olan kitabları şəkilləri, indi evin bir küncündə olan dolabın üstünə düzüblər. Burada onun oxuduğu ən dahi yazıçıların əsərləri qoyulub. Burada onun institutda oxuyarkən aldığı diplomlar, sevdiyi əşyaları, yazıları, əlinə alıb, ləzzətini görmədiyi Azərbaycan Universitetinin Sosial iş fakültəsini bitirməsi barədəki diplomu, Azərbaycan bayrağı var. Atası Seyfəddin Qurbanlı dayanıb guşənin qabağında... İndi əli ancaq xatirələrə çatır. Gözünə çıraq olacaq, özünə dayaq olacaq oğlu haqqında xatirələr danışmaq ata üçün ən böyük əzabdir:
- Fəxrəddin çox zəhmətsevər, dürüst insan idi. Oxuduğu universitetdə də birincilərdən idi. 200 manat tələbə təqaüdü alırdı. O bir dəfə bizi problemə çəkmədi. Bütün imtahanlarını öz gücünə verirdi. Məndən bir dəfə də olsun xərclik istəmədi. Həmişə xeyirli, sevincli xəbərlərini eşitdik. İnstituda təhsil ala-ala Vergilər Nazirliyində işləyirdi, sonra qrant layihələrində işləməyə başladı. Sosial evlərə gedirdi, oradakı insanlara yardım edəndə elə xoşbəxt olurdu ki, arzusu var idi ki, təhsilini Türkiyədə davam etdirsin. Hansı işin qulpundan yapışsa, uğur qazanırdı. Uğur onunla dünyaya bir gəlmişdi elə bil. Oğlumun darda olduğunun fərqinə apelin 6-dan sonra vardım. Çünki o vaxta qədər elə ancaq, televizorda bütün Azərbaycanın da izlədiyi xəbərlərə baxır, həyəcanlanırdıq. Fəxrəddinə nəsə ola biləcəyi heç ağlımıza gəlmirdi. Anası, şəhid olan əsgərlərə baxıb, onların analarının halına acıyırdı. Sən demə özümüzün də taleyində belə qara xəbər var imiş.
Ayın 6-dan sonra getdik cəbhəboyu rayonlara, Tərtərdə axtardıq... haralara baş vurduqsa, elə hey, dedilər ki, narahat olmayın, kəşfiyyat briqadasındadır, harada olsa üzə çıxacaqlar. Ayın 8-i əmin oldum ki, balam düşmənlə üzbəüz döyüşlərdə cəbhənin Tərtər istiqamətində hərbi xidmətini yerinə yetirərkən şəhid olub. Onun cansız bədənini Qızıl Xaç Komitəsinin iştirakı ilə, döyüşlər səngiyəndən sonra götürdülər. Bir ondan rahatam ki, Fəxrəddinin ruhu şaddır. O həmişə erməni işğalında olan torpaqlarımızın əzabını çəkirdi.
Deyirdi ki, Zəngəzur da, bütün işğalda olan rayonlarımız da qaytarılmalıdır. Fəxrəddini dəfn edən günü eşitdim ki, onun adına "Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyi tərəfindən "Şəhid Sosial İşçi Fəxrəddin Qurbanlı” mükafatı təsis olunub. Mükafat hər il aprel ayının 9-da Sosial iş sahəsində uğurlu fəaliyyət göstərənlərə veriləcək. İyil ayında qayıdıb gələcəkdi, qarşısında qoyduğu planlarının həllinə başlayacaqdı.
"Oğlum " Qurdlar vadisi”filmini çox sevirdi.- deyir Seyfəddin.
Və mən fikirləşirəm ki, ay yazıq ata, bundan sonra hər sözü, söhbəti, ədaları düşəcək yadına. 23 il əziyyətini çəkib, ilk addımına, ilk zənginə, diplom sevincinə sevindiyin oğlunun barını isə görə bilmədin. Və bu dərd bir sənin qapını döymədi. 2-5 aprel günü, yazın o ilk günlərində, Vətən torpaqlarının azadlığı üçün canından keçən neçə oğul öz atasını, anasını, bacısını, balasını, sevgilisini Vətənə, torpağa dəyişdi. Həmişə qonaqlı-qaralı olan Qurbanlılar ailəsini indi qohum-qonşular tək qoymurlar. Məhəllə cavanları tez-tez Seyfəddin kiyiyə baş çəkirlər.
1-ci mədən məhləsində yaşayan Kamil Zeynalov:
- O bir başqa cavan idi. Az danışan, çox dinləyən. Bizdən balaca da olsa, onunla söhbət edəndə, sözümüzə sərhəd qoyurduq. Ağır təbiətli, savadlı bir gənc idi. Bəzi uşaqlar tində dayananda, lazımsız işlərlə məşğul olnada, o dərsdən sonra boş vaxtlarında məhəllədə işləyərdi.
Deyirdik ki, nəyinə lazımdır, get otur evində. Deyirdi ki, "mən bunu edirəm ki, "iş tapılmır” deyən həmyaşıdlarım görsünlər ki, adam istəsə, iş də tapar, çörəkpulu da qazanar". Məhəllədə hamının kompüterini Fəxrəddin sazlayırdı. İnanın ki, gəlişigözəl söz xatirinə demirik, Fəxrəddin doğurdan ləyaqətli oğlan idi. Onun dəfnindən bu günə qədər dostları gəlir, cəmiyyətdə necə hörmət qazandığını görürük. Cavan uşaq olasan, belə az bir ömür dairəsində bu qədər ədəbli çevrən olsun. Küçəyə çıxırıq, elə bil ki, nəsə çatmır. Hər addımda hiss olunur yoxluğu. Təsəllimiz bircə odur ki, indi küçəmizdən asılan bayraqların Fəxrəddinə görə dalğalandığını balaca uşaqlar da bilir. Binəqədin rayonu bu döyüşlərdə iki şəhid verib. Onların şəkillərini rayonumuzun görkəmli yerlərində reklam lövhələrinə vurublar. Bu bizdə vətənpərvərlik ruhunu bir az da artırır.
Fəxriyyə qardaşından iki yaş böyükdür. İndi Fəxriyyənin iki övladı var. Qızı qardaşının dəfnindən 20 gün sonra dünyaya gəlib.
İndi isə deyirəm: çox darıxmışam səninçün qardaş. O vaxt darıxanda sənə zəng edirdim, gəlirdin. İndi yenə darıxmışam. Çox, çox,çoooxxxxxx.... nə olur gəl, gəl nə olar... Yadındadı... 2010-cu ildə mən bir pis yuxu görmüşdüm. Küləkli gecə idi.
Yuxudan ağlaya-ağlaya durdum, gəldim sən yatan otağa, sənin otağına. Səni yatağında görüb sevindim. Amma yenə ağladım. Bilmirdim niyə ağlayıram. Ürəyim partlayırdı, köksümə sığmırdı. O yuxunun təsiri məni pis tutmuşdu. Neçə gün ağladım. Axırda sənə görə yolda dilənçiyə nəzir verdim, sakitləşdim. Odur-budur gecələr külək əsəndə səsindən qorxurdum. O yuxu yadıma düşür, yata bilmirəm. Ayın 2-si yenə pis külək əsirdi. Yenə yata bilmədim, səndən də xəbər ala bilmirdim. Ay qaqaş, zəng elə... Yolunu gözləyirəm, səsin üçün darıxmışam. İndi daha nə qədər küləklər əssə də qorxmuram. İndi o küləklərin məndən alacağı heç nə qalmayıb. Qaqaş, səni gözləyirəm. Telefonum zəng çalanda, həyəcanla qaçıram, səsini eşidəm, elə bilirəm ki, sənsən...”...
Bir də... Fəxrəddin Qurbanlı deyirdi ki: "Həddini bilməz gülüşlərim vardır mənim: dosta kef, düşmənə ağrılar verər”.
İndi o gülüşlərin ancaq xatirılərərdə yaşayacaq, həmişə gülərüz Fəxrəddin!
Doğma yazdığı Qarabağda arzularını qoydu, qanını axıtdı. Vətən torpaqlarımızı işğal edən ermənilər və ermənipərəst dünya siyasətçiləri və liderləri həmin gecələrdə Azərbaycan əsgərinin nəyə qadir olduğunu bildilər. Azərbaycanlıların dünyanı iki yerə qütbləşdirən xristian dünyasında havadarları yoxdur. Və... o qədər məkrli, o qədər güçlüdürlər ki, Qalibiyyət əzmində olan oğullarımızın qarşıda olan torpaqlarımızı azad etmək istəyini ürəklərində qoydu şeytan siyasətçilər...
Müharibə yaradanların, bir adı var ŞEYTAN!
Bizə o gündən bir azca Qalibiyyət dadı qaldı. Həmin günlər canlarından keçən Vətən oğullarımız isə Tanrı qarşısında ŞƏHADƏT qazandılar.